Rusiya Ermənistanla iqtisadi münasibətlərin yenidən nəzərdən keçirilə biləcəyi barədə xəbərdarlıq edib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın baş nazir müavini Aleksey Overçuk TASS аgentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyi həm ikitərəfli görüşlərdə, həm də Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində Rusiya ilə dostluq münasibətlərinə sadiq olduqlarını bəyan edir.
Lakin Overçuk qeyd edib ki, real addımlar bu bəyanatlarla tam üst-üstə düşmür.
“Fikirləri əməllərlə müqayisə edəndə belə qənaətə gəlirik ki, erməni tərəfi elə bir həddə yaxınlaşıb ki, bundan sonra bizim bu ölkə ilə iqtisadi münasibətləri fərqli şəkildə qurmağımız lazım gələ bilər”, – deyə o, bildirib.
Baş nazir müavini əlavə edib ki, Rusiya hökumətini Ermənistanla ticarət-iqtisadi əlaqələrin gələcəyi ciddi şəkildə narahat edir. Onun fikrincə, Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşma siyasəti və bəzi iqtisadi qərarları bu münasibətlərin perspektivinə suallar yaradır.
Overçuk həmçinin Ermənistan biznes nümayəndələrini Avropa bazarına çıxış imkanlarını real qiymətləndirməyə çağırıb. O, bildirib ki, Ermənistanın meyvə-tərəvəz, gül, mineral su və spirtli içkilər kimi məhsullarının Avropa bazarında rəqabət qabiliyyəti ilə bağlı ciddi suallar mövcuddur:
“Bu sahələrdə çalışanlar və daşıyıcılar da bu məsələ üzərində düşünməlidir”, – deyə o, vurğulayıb.
Rusiya rəsmisi qeyd edib ki, bəzi fikirlərə görə, Ermənistan Aİİ ilə əlaqələri yalnız müvəqqəti saxlayaraq gələcəkdə Avropa bazarına tam inteqrasiya etməyi hədəfləyə bilər. Lakin o, Avropa bazarının Ermənistan məhsullarına nə dərəcədə açıq olacağı ilə bağlı şübhələrin artıq səsləndirildiyini bildirib.
Müşviq Tofiqoğlu
KONKRET.az
