Rusiya Ermənistanda HƏRƏKƏTƏ KEÇDİ: “Revanş” əməliyyatı işə salınır – SENSASİON DETALLARbackend

Rusiya Ermənistanda HƏRƏKƏTƏ KEÇDİ: “Revanş” əməliyyatı işə salınır - SENSASİON DETALLAR

Moskva yenə “köhnə oyunu” oynayır

Ermənistanda revanşist düşərgədə ciddi canlanma müşahidə olunur. Bu dəfə səhnəyə çıxan şəxs keçmiş müdafiə naziri Arşak Karapetyan olub. O, Rusiyanın “İzvestiya” qəzetinin redaksiyasında keçirdiyi mətbuat konfransında RF xarici işlər naziri Sergey Lavrovun son bəyanatlarına istinad edərək, Moskvanın Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə və işğal altında saxlamağa necə kömək etdiyini uzun-uzadı şərh edib.

KONKRET.az xəbər verir ki, Karapetyan Lavrovun “Qarabağın statusunu gələcək nəsillərə saxlamaq” fikrini “diplomatik dildən tərcümə edərək” belə yozub: bu, Rusiyanın Qarabağı Ermənistanın tərkibi kimi qəbul etdiyini göstərir. O, Ermənistanın 1990-cı illərdə Rusiyadan hərbi dəstək aldığını, indi isə Rusiyanın Ermənistana dəstəyinin yalnız onun Azərbaycanla qarşıdurma xəttində qalacağı təqdirdə davam edəcəyini vurğulayıb.

Bu cür bəyanatlar təkcə Karapetyana məxsus deyil – eyni ritorika ilə son zamanlar Ermənistanın eks-prezidenti Robert Koçaryan da çıxış edib. Bütün bunlar bir məntiqi ehtimal yaradır: Moskva Ermənistan daxilində revanşist əhval-ruhiyyəni alovlandırmaqla Paşinyana alternativ axtarır və yenidən bölgədə təsir imkanlarını gücləndirməyə çalışır.

Tarixi aspektdə baxıldıqda, Rusiya-Ermənistan münasibətlərində Moskvanın Ermənistanın ekspansionist siyasətinə dəstək verdiyi nümunələr yetərincədir. XIX əsrdə Türkmənçay müqaviləsindən sonra ermənilərin İrəvan və Qarabağ xanlıqlarına köçürülməsi, sovet dövründə Qarabağda erməni muxtariyyətinin yaradılması, azərbaycanlıların Ermənistandan sistematik şəkildə çıxarılması, Ermənistanın silahlandırılması və son Qarabağ müharibələrində Ermənistana dəstək verilməsi bu zəncirin ayrı-ayrı həlqələridir.

2020-ci ilin payızında baş verən İkinci Qarabağ Müharibəsi və 2023-cü ildə Azərbaycanın keçirdiyi lokal antiterror tədbirləri göstərdi ki, bölgədə artıq əvvəlki status-kvo mövcud deyil. Ermənistanın əvvəlki illərdə olduğu kimi Rusiya dəstəyi ilə hərbi üstünlük qazanması mümkün görünmür. Azərbaycanın hərbi, siyasi və diplomatik sahədə qazandığı uğurlar bu “ssenarilərin” nəticə verməyəcəyini nümayiş etdirdi.

Buna baxmayaraq, Moskva yenidən revanşist qüvvələrə ümid bağlayır və Ermənistanda revanşist ritorikanı təşviq edir. Lakin bu cəhdlərin nəticə verməyəcəyi reallığı getdikcə daha qabarıq şəkildə ortaya çıxır. Çünki artıq nə regionda, nə də beynəlxalq münasibətlər sistemində 1990-cı illərin siyasi-iqtisadi mənzərəsi mövcuddur.

Mənbə: https://minval.az/news/124466627

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*