Rusiya iqtisadiyyatının taleyi müharibənin necə sonlanacağından asılıdır – AÇIQLAMAbackend

Rusiya iqtisadiyyatının taleyi müharibənin necə sonlanacağından asılıdır - AÇIQLAMA

İki aydan çoxdur Ukraynaya təcavüz edən Rusiya apardığı müharibənin ağır nəticələri ilə üz-üzədir. Ölkənin maliyyə ehtiyatları sürətlə azalmağa başlayıb. Belə ki, Rusiya Bankının məlumatına görə, aprelin 22-nə beynəlxalq ehtiyatlar 607,1 milyard dollar təşkil edirdi ki, bu da bir həftə ərzində 14 milyard dollar və ya 2,3% azaldığının göstəricisidir. Bildirilir ki, keçən həftə isə ehtiyatlarda 4 milyard dollar azalma müşahidə olunub.

Bəs görəsən, bu azalmanın Rusiya iqtisadiyyatına hansı təsirləri ola bilər?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını iqtisadçı-ekspert Rəşad Həsənov cavablandırıb.

“Rusiya ciddi sanksiyalar altındadır. Əksər məhsulların  ixracına məhdudiyyət qoyulub. Belə bir şəraitdə ölkəyə yalnız neft və qaz ixracından valyuta daxil olur. Rusiya indi müharibə aparan bir dövlətdir və onun maliyyə ehtiyatları davamlı olaraq azalacaq. Beynəlxalq ehtiyatların azalması müharibəni davam etdirmək imkanlarını məhdudlaşdırır. Müharibə Rusiyanın kredit reytinqlərini aşağı salır. Sanksiyalar fonunda kredit agentlikləri Rusiyanın kredit reytinqlərinə dəyişiklik edib. Bu isə Rusiyanın etibarsız tərəfdaşa çevrilməsi prosesini daha da sürətləndirir. Ərzaq təhülkəsizliyi ilə bağlı ölkənin müqavimət gücü azalır. Bütövlükdə götürəndə bütün bunlar Rusiya iqtisadiyyatının nəbzidir. Putin nə qədər problemlərin olmadığını və çətinlikləri həll edə biləcəklərini söyləsə də beynəlxalq ehtiyatların azalması ümumi mənzərəni ortaya qoyur. Rusiya iqtisadiyyatı artıq resessiyaya başlayıb. Yaxın bir ildə Rusiya iqtisadiyyatı hətta staqnasiya ilə üzləşə bilər”, – deyə ekspert bildirib.

İqtisadçı bildirib ki, bütün bunların fonunda Kremlin öz destruktiv iddialarından əl çəkmə ehtimalı yüksəkdir:

“Lakin hər şey, yəni Rusiya iqtisadiyyatının taleyi müharibənin necə sonlanacağından asılıdır. Əgər Putin  imperialist iddialarından imtina edərək öz qonşularının, o cümlədən Ukraynanın ərazi bütövlüyünə  hörmət edərsə, sanksiyalar ləğv olunacaq. Lakin bu olmayana qədər sanksiyalar dayanmayacaq. Çünki dünya bu prosesdə itirdiyini artıq çoxdan itirib. 2014-cü ildə Krımın ilhaqı ilə müqayisədə indi Rusiyaya qarşı daha sərt mövqe ortaya qoyulub. Əgər Kreml bu davranışlarından əl çəkərsə, sanksiyalar ləğv olunacaq və idxal-ixrac əməliyyatları bərpa olunacaq. Nəticədə Rusiya iqtisadiyyatı yenidən dirçələcək və böyüyəcək”.

 

Şəbnəm Mehdizadə,

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*