Moskva Kanadanın yeni antirus sanksiyalarına cavab hazırlayır.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova cümə günü keçirilən brifinqdə bildirib.
O, 12 noyabrda Kanadada keçirilən “Yeddilər Qrupu”nun xarici işlər nazirlərinin görüşündən sonra yayılan birgə bəyanatı məzmundan uzaq və ikiüzlü adlandırıb. Məhz həmin görüşdə Rusiyaya qarşı növbəti sanksiyalar elan olunmuşdu.
“Keçirilən toplantıda rəsmi Ottava “Yeddilər Qrupu”na sədrliyinin sonunda Rusiya fiziki və hüquqi şəxslərinə qarşı yeni antirus məhdudiyyətlər tətbiq etdiyini açıqladı”, – deyə Zaxarova diqqətə çatdırıb.
“Biz cavab tədbirləri görmək hüququnu özümüzdə saxlayırıq və bu tədbirlər yaxın gələcəkdə mütləq olacaq”, – diplomat bildirib.
Onun sözlərinə görə, Kanada hakimiyyəti, görünür ki, keçirilən tədbirə diqqət cəlb etmək üçün başqa yol tapmayıb.
“Əgər keçmiş baş nazir Trüdo və Hitler tərəfdarının nəvəsi, Xristya Friland Rusiya–Kanada münasibətlərinin tabutuna son mismarı vurmağa macal tapmayıblarsa, bunu indiki baş nazir Karni rahatlıqla bacara bilər”, – deyə Zaxarova əlavə edib.
Günel Mikayılova,
KONKRET.az
