“Rusiya Paşinyanı devirmək üçün hər addımı atacaq” – Türkiyəli ekspertlə MÜSAHİBƏbackend

"Rusiya Paşinyanı devirmək üçün hər addımı atacaq" - Türkiyəli ekspertlə MÜSAHİBƏ

“Düşünürəm ki, Ermənistan hərbi çevriliş və ya seçki ilə anti-Rusiya siyasəti aparan Paşinyandan qurtulacaq, ya da ölkə kimi zamanla yox olacaq”.

Bu sözləri Türkiyənin Qaziantep Universitetinin dosenti, strateji və təhlükəsizlik məsələləri üzrə ekspert Yunus Emre Tansü KONKRET.az-a müsahibəsində deyib.

Ekspertlə müsahibəni təqdim edirik:

– Yunus bəy, Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın Qranada şəhərində keçiriləcək görüşə qatılmaqdan imtina etdi. Buna səbəb qardaş Türkiyənin görüşdə iştirakına imkan verilməməsi olub. Bununla da Azərbaycan növbəti dəfə “Bir millət, iki dövlət” şüarına uyğun addım atdı. Bu barədəki düşüncələrinizi bilmək istərdik…

– Azərbaycan Prezidenti İlham Əliyev “Bir millət, iki dövlət” şüarına və Şuşa Bəyannaməsinə uyğun hərəkət edərək, çox doğru addım atdı. Bununla da Bakı və Ankaranın birlikdə hərəkət etdiyi və Cənubi Qafqazda Türkiyəsiz sülhün mümkün olmayacağı mükəmməl bir siyasi üslubla vurğulandı. Artıq Avropa İttifaqı, ATƏT, BMT və digər bənzər təşkilatlar Azərbaycanla Türkiyənin birlikdə hərəkət etdiyini bir daha gördülər. Xüsusilə də Fransanın Cənubi Qafqazla bağlı etmək istədiyi həmlələri növbəti dəfə fiaskoya uğradı. Rəsmi Bakının bu addımı ilə Parisin regiona təsir imkanları tamamilə qırıldı.

– Azərbaycan Qarabağdakı xunta rejiminin “rəhbər”lərini tutmaqda davam edir. Həmin separatçılar Azərbaycan xalqına qarşı işlədikləri cinayətlərə görə cavab verəcəklər. Baş verən bu tarixi prosesləri necə dəyərləndirirsiniz?

– Ümumiyyətlə, erməni siyasətçilər və hərbçilər Qarabağdakı mülki azərbaycanlılara qarşı vəhşilik və soyqırım törədiblər. Zamanında Azərbaycan xalqı çox sayda şəhid verərək, Qarabağdan məcburi şəkildə çıxarılıb. Onlar öz dədə-baba yurdlarından didərgin salınaraq, insanlıq dramı ilə üz-üzə qalıblar. Lakin bu vəhşilikləri edənlərin və məsuliyyət daşıyanların hər biri çoxdan müəyyən edilmişdi. Təxminən 30 ildən sonra artıq onların cəzalanma məqamı gəldi çatdı.

Son günlərdə həmin separatçıların saxlanılaraq Bakıya gətirilmələri, eləcə də Azərbaycanda cinayət məsuliyyətinə cəlb olunmaları son dərəcə təbiidir. Düşünürəm ki, Ermənistanı və Qarabağdakı xunta rejimini idarə edənlər Avropa İnsan Haqları Məhkəməsində də mühakimə olunaraq, layiq olduqları cəzaları beynəlxalq məhkəmədə də almalıdırlar.

– Azərbaycan Qarabağdakı mülki ermənilərə qalmağı və birlikdə yaşamağı təklif versə də, onlar bölgəni tərk etməyi seçdilər. Amma beynəlxalq arenada heç bir əsası olmadan Azərbaycanın “etnik təmizləmə” apardığına dair sərsəm bəyanatlar verilir. Bu qarayaxma kampaniyasının əsas səbəbi nədir?

– Türk milləti hər zaman səxavətli olub və heç bir zaman hüquqa zidd davranmayıb. Üstəlik, ona sığınan və idarəsi altında yaşayan xaricilərə qarşı da insanlıq cinayəti işləməyib. Dolayısı ilə Qarabağda işğaldan azad edilən bölgələrdə azərbaycanlıların ermənilərə qarşı “etnik təmizləmə” aparmasından söhbət belə gedə bilməz. Çünki azərbaycanlılar tarix boyu belə addım atmayıblar və atmazlar. Etnik təmizləməni sadəcə ermənilər kimi qlobal güclərin nökəri olan xalqlar edər. Əslində Qarabağda etnik təmizlik aparanlar məhz ermənilərdir. Çünki azərbaycanlılar Qarabağdan zorla çıxarılmış və bölgə boşaldılmışdı. Üstəlik, oradakı tarixi abidələr də məhv edilmişdi. Hətta ermənilər Qarabağdakı 1000 illik türk izini silməyə çalışmışdılar.

Bu gün də ermənilər qlobal güclərin məxfi xidmətlərinin yardımı ilə Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar. Onların əsas məqsədi “məzlum erməni milləti” görüntüsü yaradaraq, beynəlxalq ictimaiyyəti yanıltmaqdır.

– Artıq Qarabağ tamamilə Azərbaycanın nəzarətinə keçdiyi və ərazi bütövlüyümüz bərpa olunduğu üçün ilin sonuna qədər Ermənistanla sülh müqaviləsi imzalana bilərmi?

– Hazırda rəsmi İrəvan hər tərəfdən küncə sıxışıb. Ermənistanın mövcudluğunu davam etdirməsinə dəstək olan Rusiya ilə münasibətləri ABŞ və Fransaya görə pozulub. Ancaq Nikol Paşinyan bütün təzyiqlərə rəğmən, həm diaspor, həm də ABŞ və Fransa tərəfindən hakimiyyətdə saxlanılaraq, Rusiyaya qarşı istifadə olunur. Lakin erməni xalqı bacarıqsız və ya balanslı siyasət aparan bir iqtidar deyil, ölkələrinin mövcudluğunu davam etdirə biləcək iqtidar istəyir.

Bütün bunların fonunda, Azərbaycanla Ermənistan arasında yaxın zamanda sülh müqaviləsinin imzalanması üçün bəzi şərtlər həyata keçməlidir. Əslində belə bir sülh müqaviləsinə imza atacaq cəsarət nə Paşinyanda, nə də onun yerinə gələ biləcək kimdəsə yoxdur. Ona görə də Paşinyanın sülh müqaviləsi ilə bağlı danışıqları uzatmağa davam etdirməyə çalışacağını düşünürəm. Çünki Ermənistandakı mövcud vəziyyətdə Azərbaycanla sülh müqaviləsi imzalamaq orada çevrilişə və ya vətəndaş müharibəsinə səbəb ola bilər.

– Moskvanın bütün xəbərdarlıqlarına rəğmən, Ermənistan Parlamenti Roma Statutunu ratifikasiya etdi. Bəs Rusiyanın bu qərara cavabı necə olacaq?

– Rusiya ilə gərginliyin artması Ermənistanın sonu ola bilər. Düşünürəm ki, Ermənistan hərbi çevriliş və ya seçki ilə anti-Rusiya siyasəti aparan Paşinyandan qurtulacaq, ya da ölkə kimi zamanla yox olacaq. Lakin oradakı iqtidar dəyişikliyi ABŞ və Fransadan gələn yardımları bitirəcək. Əgər Paşinyan Qərbin xüsusi xidmət orqanları və qlobal güclər tərəfindən qorunmasaydı, bu qədər uğursuzluğa rəğmən iqtidarda qala bilməzdi.

Ermənistanın Roma Statutunu ratifikasiya etməsinin isə bədəli ağır olacaq. Hətta Ermənistanda vətəndaş müharibəsi və aclıq yaşana bilər. Nəzərə almaq lazımdır ki, Putin güclü dünya lideridir və arxa bağçası hesab olunan Ermənistanda ona qarşı çıxanlar üçün tədbir görəcəkdir. Lakin Ermənistanda iqtidar dəyişsə belə, Rusiya ilə yaxın tarixdə münasibətilərin normallaşma ehtimalı yoxdur.

– Son günlərdə Rusiyanın Nikol Paşinyanı devirəcəyi və hətta ona qarşı sui-qəsd hazırlayacağı ilə bağlı iddialar artmağa başlayıb. Bu səbəbdən Ermənistanın Baş nazirinin ABŞ-ın xüsusi təyinatlıları tərəfindən mühafizə olunduğuna dair məlumatlar da yayılıb. Sizcə, Kreml həqiqətən Paşinyana qarşı bu addımları atacaqmı?

– Bəli, belə iddialar var. Hətta indiyə kimi Paşinyana qarşı olan sui-qəsdlərin də arxasında Kremlin olduğu önə sürülür. Lakin düşünürəm ki, bu cəhdlər uğurlu olsa da, olmasa rəsmi Moskva bütün deyilənləri təkzib edəcək. Fəqət bu bir reallıqdır ki, Putin Paşinyan hakimiyyətindən narazıdır və onu devirmək üçün hər yolu yoxlayacaq. Hesab edirəm ki, bundan sonra İrəvanla Moskva arasındakı gərginlik daha da artacaq. Hətta Putin Ermənistanı itirməmək uğruna Paşinyanı iqtidardan göndərmək üçün hər addımı ata bilər.

Elmir Kamal,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*