Rusiyanın Kirov Rayon Məhkəməsi (Omsk şəhəri) Vladimir Putinin Adolf Hitlerlə müqayisə olunduğu 12 internet səhifəsini ölkə ərazisində qadağan olunmuş məzmun kimi tanıyıb. Bu barədə “Verstka” nəşri məlumat yayıb.
KONKRET.az xəbər verir ki, məhkəmənin qərarına əsasən, qadağan edilən materiallar arasında Putinə “Hitler bığı” və saç düzümü fotomontajla əlavə edilmiş şəkillər, eləcə də “Путлер капут” (Putler kaput) yazılmış görüntülər yer alır.
Qadağan edilənlər arasında, həmçinin “stihi.ru” saytında yerləşdirilmiş və Putin obrazının başına tapança dirədiyi bir şəkil də var. Şəkildə “Rusiyanı rüsvayçılıqdan necə xilas etməli?” sualı yazılıb. Digər qadağa isə Putinin fotosunun altına “Məhkəmədə işin mahiyyəti üzrə baxış başladı. Məhluq bildirib ki, günahkar deyil” yazılmış görüntüyə aid olub.
Qadağa qərarının verilməsi ilə bağlı təşəbbüs Omsk Prokurorluğuna məxsusdur. Prokurorluğun fikrincə, bu görüntülər cəmiyyət və dövlətin maraqlarına zərər vurur, qeyri-müəyyən şəxsləri terrorçuluq fəaliyyətinə və cinayət törətməyə sövq edir.
Natiq Səlim,
KONKRET.az