KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Rusiya Qırğızıstana pul köçürmələri limitini 1,5 dəfə artırıb.
Belə ki, Rusiyadan Qırğızıstana fiziki şəxslər üçün ən çox icazə verilən pul məbləği ayda 100 mindən 150 min rubla (1.6 min dollardan 2.4 min dollar) qədər artırılıb. Bu barədə dekabrın 19-da Qırğızıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Limitin artırılması məsələsi oktyabr ayının sonunda Avrasiya Hökumətlərarası Şurası çərçivəsində Avrasiya İqtisadi Birliyinə (AİB) qatılan ölkələrin baş nazirləri səviyyəsində müzakirə edilib. İndi qərar əsasında Unistream ödəmə sistemi şərtlərini dəyişdirib.
Rusiya Mərkəzi Bankı 2019-cu ilin aprelində Vyetnam, Çin, Qırğızıstan və Qazaxıstana pul göndərməsinə məhdudiyyətlər tətbiq edib. Qazaxıstana köçürmələr üçün limit əvvəlcə ayda 150 min rubl səviyyəsində müəyyən edilib.
Məhdudiyyətlər tətbiq edildikdən sonra fiziki şəxslərin Qırğızıstana köçürmələrinin həcmi xeyli azalıb.
Bununla birlikdə, mütəxəssislər hesab edirlər ki, əslində bu narahatlığı, ümumiyyətlə, daha az miqdarda (orta hesabla 30 min rubl və ya 479 dollar) göndərən əmək miqrantları yaşamayıblar. Məhdudiyyətlərin tətbiq edilməsindən az əvvəl bir çox sahibkar Qırğızıstana hüquqi şəxslər kimi deyil, ayrı-ayrı şəxslər kimi böyük məbləğdə pullar göndərirdi. Məhdudiyyətlərin tətbiqinə səbəb isə bu cür kölgə fəaliyyətinə qarşı mübarizə idi.