Rusiya artıq məhv edilmiş və ya zədələnmiş strateji bombardmançı və raket daşıyıcı təyyarələrinin itkisini kompensasiya edə bilməyəcək.
KONKRET.az milli.az-a istinadən xəbər verir ki, bu fikirləri ukraynalı hərbi ekspert Aleksandr Kovalenko səsləndirib.
Onun sözlərinə görə, Tu-95MS, Tu-22M3 və Tu-160 kimi strateji təyyarələr Rusiyada hazırda istehsal olunmur və yeni təyyarə kimi təqdim edilənlər əslində sovet dövründən qalan ehtiyatların modernləşdirilmiş versiyalarıdır:
“Bu günə qədər Rusiya sıfırdan yeni Tu-22M3 və ya Tu-160 istehsal etməyib. Sadəcə SSRİ-dən qalan təyyarələri modifikasiya edirlər. İtkilərin bərpası mümkün deyil, çünki yeni istehsal yoxdur. Xüsusilə Tu-160-ların məhv edilməsi Rusiya üçün ciddi zərbədir – bu, Aerokosmik Qüvvələrin ən bahalı və nadir təyyarəsidir”.
Ekspert əlavə edib ki, itkilər davam edəcək və yaxın vaxtlarda Rusiya hərbi aviasiyası ilə bağlı daha sarsıdıcı xəbərlər eşidiləcək:
“A-50 havadan erkən xəbərdarlıq təyyarəsinin vurulması Rusiya üçün sonuncu unikal texnika itkisi olmayacaq. Tezliklə daha çox fantastik məlumatlar görəcəyik”.