Ukrayna Prezident Administrasiyasının müşaviri Mixaylo Podolyak, Rusiyanın İstanbul danışıqları zamanı irəli sürdüyü şərtlərdən birinin Ukrayna ərazisində referendum keçirmək hüququnun beynəlxalq sülh razılaşmasına salınması olduğunu bildirib.
KONKRET.az xəbər verir ki, Podolyakın sözlərinə görə, Moskva bu yolla gələcəkdə yeni əraziləri işğal edib onları Rusiya tərkibinə qatmaq niyyətindədir.
“Bu, tamamilə aydındır. Rusiya bu yolla təcavüzünü qanuniləşdirmək istəyir. Ukrayna bu tələbləri qeyri-realist və qəbuledilməz hesab edir,” – deyə Podolyak qeyd edib.
Onun sözlərinə görə, bu cür yanaşmalar nə müharibəni dayandıra, nə də danışıqlar üçün real zəmin yarada bilər. Kiyev mövcud sərhədlər daxilində ərazi bütövlüyü prinsipindən geri çəkilməyəcəyini dəfələrlə bəyan edib.
Xatırladaq ki, 2022-ci ildə Rusiya Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan “referendumlar” keçirərək həmin əraziləri öz ərazisinə birləşdirdiyini elan etmişdi.
Natiq Səlim,
KONKRET.az