“Zəngəzur dəhlizinin açılmasında Rusiyanın marağı var”.
KONKRET.az xəbər verir ki, bunu “Hraparak”a müsahibəsində erməni politoloq Armen Bağdasaryan deyib. O bildirib ki, Zəngəzur dəhlizinin açılmasında Rusiyanın maraqları var.
“Azərbaycanın məqsədi yolu bağlamaq deyil. Onların məqsədi yola nəzarət etməkdir. Ona görə də yolu bağlayacaqlar. Məsələn, qazı söndürüb yandıra bilərlər, işığı da kəsə bilərlər. Başqa sözlə, bunlar məqsədə çatmaq üçün sadəcə təzyiq vasitələridir.
Azərbaycan sülh sazişi formasında öz məqsədlərinə çatmaq istəyir. Yol bir neçə saata açıla bilər. Amma bu, problemin həlli deyil. İstər sülh müqaviləsi şəklində olsun, istərsə də hərbi əməliyyatların davam etdirilməsi formasında bu problem köklü şəkildə həll edilməlidir. Müharibə bitməyib, Azərbaycan onu bitirməyə çalışır.
Azərbaycan açıq-aşkar ilkin şərtini irəli sürüb. Orada gömrük məntəqələri yerləşdirməklə Laçın dəhlizinə nəzarət etmək istəyir. Və rusların buna xüsusi qarşı çıxdığı görünmür. Rusiya ümid edir ki, Ermənistan nəhayət təzyiqlərə boyun əyəcək və Zəngəzur dəhlizi rusların nəzarətinə keçəcək”,- Bağdasaryan deyib.
Xuraman Etibarlı,
KONKRET.az