Rusiyada artıq uzun illərdir ki, iki əsas problem demoqrafik böhran müzakirələrin əsas mövzusudur. Rusiya hakimiyyəti rus xalqının say artımını təmin etmək məqsədilə xüsusi dövlət proqramlarını işə salıb.
KONKRET.az xəbər verir ki, Rusiya hakimiyyət dairələri artıq “titul millət”in – yəni rusların qorunub saxlanılması məsələsini əsas hədəfə çevirib. Bu işdə ən fəal fiqurlardan biri isə məşhur ideoloq və Kreml təbliğatçısı Aleksandr Duqindir. O, “böyük rus xalqının” gələcəyini qorumaq üçün özünəməxsus “doktrina” ilə çıxış edir.
Duqinin fikrincə, “rus insanı” anlayışı daha çox genetik və bioloji təmələ əsaslanmalıdır. Onun ideyalarının əsasında – aborların qadağan olunması, erkən nikah, çoxuşaqlılığın normaya çevrilməsi, boşanmanın yasaqlanması və bütövlükdə dini-tradisional cəmiyyət modelinə qayıdış durur. Filosofun fikrincə, modern cəmiyyət və fərdiyyətçilik demoqrafik tənəzzülə gətirib çıxarır.
İkinci təklif isə şəhərlərin hündürmərtəbəli deyil, eninə inkişafı, yəni kəndlərə qayıdış və ailələrin daha geniş ərazilərdə məskunlaşmasıdır. Onun sözlərinə görə, “ilk nəsil çoxuşaqlı ola bilər, amma üçüncü nəsildə doğum kəskin azalır.”
Duqinin “xilas planı”nın üçüncü bəndi isə miqrasiya ilə bağlıdır: o, Rusiyada əmək miqrasiyasının tamamilə dayandırılmasını və bu boşluğun robot texnologiyaları ilə doldurulmasını təklif edir. Onun fikrincə, rus xalqının yerini başqa etnoslar alarsa, bu, artıq “Rusiya” olmayacaq. Təbii ki, bu, rəsmi Kremlin “çoxmillətli Rusiya” tezisi ilə ziddiyyət təşkil edir.
Qeyd edək ki, Duqinin “ideoloji mübarizəsi” yalnız Orta Asiya respublikalarından gələn miqrantlara qarşı yönəlməyib. O, Çin faktoruna da diqqət çəkir və hesab edir ki, Çin vətəndaşlarının Rusiya cəmiyyətinə inteqrasiyası rus xalqının assimilyasiyasına səbəb ola bilər. Filosofun fikrincə, Çinlilər artıq Rusiyanın ali məktəblərinə, iqtisadi və mədəni sahələrinə nüfuz ediblər və bu, “rus kimliyinin” itməsinə gətirəcək.
Ekspertlərin fikrincə, bu cür ideyalar təkcə marginallar arasında deyil, bəzi dövlət institutları və medianın dəstəyi ilə cəmiyyətə təlqin edilir. Məqsəd isə aydındır: millətçi hisslər üzərindən sosial bazanı genişləndirmək və siyasi gücü qoruyub saxlamaq.
Amma bütün bu çağırışlar fonunda Rusiyanın real problemi – sosial təminat, təhsil və səhiyyə sisteminin böhran içində olması, gənclərin perspektivsizliyə görə ölkəni tərk etməsi, hələ də cavabsız qalır.
Mənbə: https://minval.az/news/124477405
Natiq Səlim,
KONKRET.az