OMON-un vəhşicəsinə həbs etdiyi Şahin Şıxlinski kimdir? – DOSYEbackend

OMON-un vəhşicəsinə həbs etdiyi Şahin Şıxlinski kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporasının Ural bölgəsi üzrə tanınmış lideri Şahin Şıxlınski vəhşicəsinə saxlanılıb.

KONKRET.az Şahin Şıxlınskinin dosyesini təqdim edir.

Ural bölgəsində yaşayan azərbaycanlıların ictimai-siyasi həyatında mühüm rol oynayan Şahin Şıxlinski Azərbaycanın diaspor fəallarından biridir. O, 1966-cı il fevralın 20-də Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olub. 1995-ci ildə Yekaterinburqda Ural Dövlət Hüquq Akademiyasını bitirib, elmi dərəcə alaraq aspirantura təhsilini başa vurub.

1984–1986-cı illərdə Sovet ordusunda xidmət edən Şıxlinski daha sonra Rusiyada bir neçə mühüm biznes layihələrinə rəhbərlik edib. 2004-cü ildən etibarən Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Ural Federal Dairəsi üzrə sədri seçilib, 2007-ci ildən isə Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidentidir.

O, “Azərbaycan-Ural” milli-mədəni təşkilatının rəhbəri kimi Yekaterinburqda azərbaycanlı məktəblilər üçün şənbə məktəbləri, mədəni tədbirlər və ictimai aksiyalar təşkil edib. Humanitar yardımlar, o cümlədən Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə yardım aksiyaları da onun təşəbbüsü ilə həyata keçirilib.

Şıxlinski Azərbaycan və Rusiya tərəfindən bir sıra orden və medallarla təltif olunub. O, həmçinin doğulduğu kənddə – Qazaxın İkinci Şıxlı kəndində avtovağzal kompleksi tikdirərək yerli inkişafda da fəallıq göstərib.

Şahin Şıxlinski hazırda Rusiya və Azərbaycanın ictimai həyatında tanınan diaspora rəhbəri və iş adamı kimi fəaliyyət göstərir.

Qeyd edək ki, Şahin Şıxlinski 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Dostluq” ordeni ilə təltif edilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*