Rusiyada anonim “Telegram” kanallarının sahiblərini müəyyən edə bilən neyron şəbəkə hazırlanıb.
KONKRET.az “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, “Yoldaş mayor” adlı bu süni intellekt Hunter tərtibatçı şirkətində daxili sınaq mərhələsindədir.
Şirkət izah edib ki, bu prosesə “Telegram” kanalının təsvirindən, onun arxivləşdirilmiş nüsxələrindən, yazılarından inzibatçılar haqqında məlumatların toplanması, həmçinin dərc olunmuş faylların metadatalarının əldə edilməsi daxildir. Neyroşəbəkə kanala yüklənmiş mesaj başlıqlarında, daxil edilmiş çatlarda, stiker paketlərində, sənədlərdə və videolarda lazımi məlumatları aşkar edə bilir. Yeni proqram ekspertin yerinə yetirəcəyi hərəkətləri icra edir. Eyni zamanda məlumat sızmalarını təhlil edir, onları istifadəçinin adı və ya şəkli ilə uyğunlaşdırır.
Sorğu əsasında süni intellekt botu istifadəçinin profili, ünvanı və təhlil edilən məzmunda ola biləcək digər rəqəmsal izlərlə əlaqəli mobil telefonlar haqqında məlumat verir. Bundan əlavə, neyroşəbəkə digər identifikatorların təhlilini aparır, həmçinin sosial şəbəkələrdə, bloqlarda və veb-saytlarda icmalardan məlumat alır. Tərtibatçılar proqramın tam versiyasının 2024-2025-ci illərdə buraxılmasının planlaşdırıldığını da bildiriblər. O, anonim “Telegram” icmaları ilə əlaqəli kibercinayətlərin araşdırılmasında iştirak edən dövlət və ya özəl təşkilatlar tərəfindən istifadə üçün nəzərdə tutulub.
Vəli Həsənov,
KONKRET.az