Rusiyadan Azərbaycana qarşı yeni təxribat – Bakı fövqəladə qərar verə bilərbackend

Rusiyadan Azərbaycana qarşı yeni təxribat – Bakı fövqəladə qərar verə bilər

Rusiya Silahlı Qüvvələrinin Odessada SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsini vurması Moskvanın Bakıya qarşı artan aqressiyasının növbəti ifadəsidir. Bu, təkcə sıradan bir hərbi əməliyyat deyil. Avqustun 8-də SOCAR-ın Odessa vilayətindəki neft bazasına hücumdan sonra yenidən eyni hədəfə zərbə endirilməsi prosesin təsadüfi olmadığını göstərir.

Belə hücumlar təkcə texniki zərər məqsədi daşımır, eyni zamanda, siyasi və psixoloji mesaj da ötürülür. Rusiya bu mesajla bütün xarici aktorlara bildirir ki, Ukraynada fəaliyyət göstərmək heç bir halda tam təhlükəsiz deyil.

KONKRET.az xəbər verir ki, eyni zamanda bu hücum informasiya müharibəsinin bir hissəsidir. SOCAR kimi beynəlxalq reputasiyaya malik şirkətlərin vurulması, Ukraynanın dünya ictimaiyyətinə təhlükəli sərmayə məkanı kimi təqdim edilməsinə xidmət edir. Bu yolla həm xarici investorlar çəkindirilməyə, həm də Qərbə və onun müttəfiqlərinə Ukraynanın sabitliyini qorumağın mənasız olduğu göstərilməyə çalışılır.

Təəssüf ki, bu hadisə təkcə Ukrayna müharibəsinin sərt mərhələyə keçməsi deyil, eyni zamanda Azərbaycan-Rusiya münasibətlərində diplomatik və geosiyasi dönüş nöqtəsinin başlanğıcı ola bilər. Xüsusilə Azərbaycanın əvvəlcədən verdiyi açıq xəbərdarlığa baxmayaraq SOCAR-ın obyektlərinə ikinci dəfə hücum edilməsi bu gedişin artıq ciddi mesaj daşıdığını göstərir. Bu, Kremlin Bakı ilə gərginliyi azaltmaq niyyətində olmadığını və əksinə, qarşıdurmanı dərinləşdirmək istədiyini ortaya qoyur.

Belə vəziyyətdə Azərbaycan daha konkret və Moskvada narahatlıq doğuracaq addımlar atmaq məcburiyyətində qala bilər. Mümkündür ki, Bakı artıq passiv neytrallıq mövqeyindən imtina edib, məhdud da olsa, hərbi-texniki əməkdaşlıq addımlarını nəzərdən keçirsin. Xatırladaq ki, SOCAR-ın ilk bazasına hücumdan sonra Azərbaycan Ukraynaya elektrik transformatorları və əlavə maliyyə yardımı göndərmişdi. Ancaq görünür, bu jest Rusiya üçün yetərincə ciddi siqnal olmayıb.

Buna görə də indi Azərbaycanın daha konkret addımları müzakirəyə çıxarması gündəmə gələ bilər – məsələn, hərbi texnologiyalara çıxış, pilotsuz uçuş aparatları və ya müdafiə avadanlığı ilə bağlı yardım imkanlarının nəzərdən keçirilməsi. Təbii ki, bu, dərhal cəbhəyə silah göndərilməsi anlamına gəlmir. Amma Bakı məsələnin rəsmi müzakirəyə çıxarılması, texniki əməkdaşlıq imkanlarının öyrənilməsi və ya Ukrayna ilə hərbi təlim-tədris formatında əlaqələrin qurulması yolu ilə ciddi siyasi siqnal verə bilər.

Bu yanaşma beynəlxalq ictimaiyyətə də aydın mesaj vermiş olacaq. Belə ki, Azərbaycan kimi uzun illərdir balans siyasətinə sadiq qalan bir ölkə Rusiya ilə münasibətlərində açıq dönüş nöqtəsinə gəlirsə, bu, Kremlin birtərəfli aqressiyasının artıq dözümsüz həddə çatdığını göstərir. Bu, xüsusilə Qərb ölkələri üçün ciddi xəbərdarlıqdır və Azərbaycanın geosiyasi çəkisini daha da artırır.

Bakı Moskva ilə gərginliyin artmasında maraqlı deyil. Ancaq Kremlin davamlı və məsuliyyətsiz davranışları qarşısında səssiz qalmaq da real görünmür. Azərbaycan nə müharibənin tərəfidir, nə də bu münaqişənin bir parçası olmağa can atır. Amma bu mərhələdə üzərinə düşən məsuliyyətin fərqindədir. Əgər Azərbaycan Rusiya qarşısında daha sərt mövqe sərgiləyirsə, bu, təkcə Bakının deyil, bütövlükdə regionun gələcək təhlükəsizliyi baxımından ciddi dönüş nöqtəsi ola bilər.

Xüsusilə Qazaxıstan və Özbəkistan kimi ölkələrin bu prosesi yaxından izlədiyini nəzərə alsaq, Azərbaycanın atdığı addımlar Cənubi Qafqaz və Mərkəzi Asiyada digər ölkələrə də ilham verər, onlarda da eyni mövqe sərgiləmək üçün siyasi iradə formalaşdırar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*