Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa vilayətində Azərbaycan qazının da nəql olunduğu stansiyaya raket zərbəsi endirib. Hücum qlobal miqyasda böyük rezonans doğurub. Ekspertlər Moskvanın bu addımının Azərbaycanın siyasətinə və Avropanın qaz təhlükəsizliyinə mümkün təsirlərini müzakirə edirlər.
Rusiya sözügedən hərbi həmlə ilə hansı mesajı verdi?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, Rusiyanın bu addımı həm Ukraynanın, həm də Avropanın enerji təhlükəsizliyinə qarşı yönəlib.
O bildirib ki, dünən ABŞ Prezidenti Donald Trampın Rusiya üzrə xüsusi nümayəndəsi Stiv Uitkof Moskvada Vladimir Putinlə görüş keçirib:
“Tramp Rusiyaya avqustun 8-nə qədər Ukrayna ilə sülh danışıqları masasına əyləşməsi üçün vaxt qoyub. ABŞ Rusiyadan konkret cavab gözləyir. Uitkof bununla əlaqədar Moskvada Kreml rəhbərliyi ilə görüş keçirib”.
Politoloq qeyd edib ki, bu fonda Ukrayna ərazisində yerləşən və Azərbaycan qazının ötürüldüyü qazpaylayıcı stansiyanın vurulması yalnız Ukrayna və Avropaya deyil, eyni zamanda ABŞ-a yönəlmiş açıq təxribatdır:
“Bu, qeyri-adekvat və təxribat xarakterli addımdır. Qeyd olunan stansiya Azərbaycan qazını Ukraynaya ötürür. Ukrayna bu qazdan həm daxili tələbat üçün istifadə edir, həm də Avropaya ixrac olunur. Rusiya bu zərbə ilə Avropa İttifaqı-Rusiya, ABŞ-Rusiya və Azərbaycan-Rusiya münasibətlərinə ciddi zərbə vurdu”.
Y.Bağırzadə vurğulayıb ki, Putin və Uitkof arasında keçirilən danışıqlarda enerji infrastrukturuna, o cümlədən kəmərlərə və qaz stansiyalarına hücumların yolverilməzliyi də müzakirə edilə bilər:
“Bu obyektlərin təhlükəsizliyinə dair monitorinq mexanizmlərinin yaradılması məsələsinin gündəmə gəlməsi gözlənilir”.