“Kamil Zeynallının Moskvada saxlanılması məsələsində Rusiya tərəfini başa düşmək olmur”.
Bu sözləri KONKRET.az-a açıqlamasında vəkil Əsabəli Mustafayev deyib. Onun sözlərinə görə, əgər Ermənistanda Azərbaycan vətəndaşı barədə cinayət işi açılıb, qiyabi ittihamlar elan edilmişdisə, bununla bağlı ölkəmizə xəbərdarlıq edilməli idi.
“Doğrudur, Azərbaycanla Ermənistan arasında siyasi və hüquqi əlaqələr yoxdur. Amma indi qonşu ölkə ilə sülh danışıqları aparılır. Ermənistan ilkin addım kimi Azərbaycandan Kamil Zeynallının təhvil verilməsi tələbini qaldırmalı idi. Əgər Ermənistan tərəfi İnterpola cinayət işi təqdim etmişdisə, rəsmi Bakının ittihamlarla tanış olması məqsədi ilə sənədlər ölkəmizə göndərilməli idi. Elə Kamil Zeynallının da bu sənədlərlə tanış olmaq hüququ vardı. O zaman aydın olardı ki, Azərbaycan vətəndaşı nəyə görə beynəlxalq axtarışa verilib. Lakin, nədənsə, bunlar hamısı məxfi saxlanılıb. Təkrar edirəm, Rusiya tərəfini bu məsələdə başa düşmək olmur”.
Hüquqşünas qeyd edib ki, ittihamla tanış olmadığından ictimai fəalın nəyə görə saxlanıldığını bilmir, amma güman edir ki, bu, vətəndaşımızın 44 günlük Vətən müharibəsi dövründə orduya dəstək olması, təbliğat aparması, işğalçı Ermənistan dövlətini tənqid etməsi ilə bağlıdır.
“Ola bilər ki, Ermənistan belə fəaliyyəti “terror, müharibə və etnik təmizləmə çağırışları” kimi qiymətləndirib”.
Vəkil hesab edir ki, Azərbaycan dövləti bu məsələdə çox möhkəm dayanmalıdır. Çünki Kamil Zeynallının barəsində verilmiş təqdimatın təmin olunması bütün Azərbaycan xalqını təhlükə altında qoya bilər.
“Müharibə dövründə hamımız ordumuzu dəstəkləmişik, imkan daxilində yardım etmişik və mətbuatda sözümüzü demişik. Belə çıxır ki, doğrudan da bizim hər birimiz haqqında Ermənistanda cinayət işi açıla bilər. İndi Rusiya bu iddianı təmin etsə, bu, daha çox siyasi məsələyə çevriləcək”.
O bildirib ki, bu xoşagəlməz hadisə Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının aparılmasına əngəl törədə bilər. “Moskva bunu bilir və belə də istəyir. Ona görə də Azərbaycan dövlətinin üzərinə böyük vəzifə düşür. Güman edirəm ki, vətəndaşımızın Ermənistana təhvil verilməməsi üçün çox ciddi işlər aparılacaq və Azərbaycan dövləti buna imkan verməyəcək”.
Xatirə SADİQ,
KONKRET.az