“Rusiyanın 28 aprel siyasəti tarixə qərq olmayıb, bu gün də aktualdır” – Anar Əsədlibackend

“Rusiyanın 28 aprel siyasəti tarixə qərq olmayıb, bu gün də aktualdır” – Anar Əsədli

Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) təşəbbüsü ilə  “28 aprel istilası fonunda müasir təhlükələr və çağırışlar” adlı konfrans keçirilib.

KONKRET.az xəbər verir ki, Azərbaycanın Tarixi Torpaqlarının Araşdırılması və Öyrənilməsi Mərkəzinin təşkilatçılığı ilə baş tutan konfransda Azərbaycanın siyasi partiya liderləri və fəalları iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan AY Partiya Başqanının I müavini, İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov tədbirin məqsədi barədə məlumat verib, 28 aprelin Azərbaycanın işğal tarixi olduğunu xatırladıb. Daha sonra tədbirin moderatoru, AY Partiyanın Siyasi Heyətinin üzvü Aygün Muradxanlı mövzu ilə bağlı çıxışçılara söz verib.

Konfransda çıxış edən Müsavat Partiyasının Başqanı Arif Hacılı Mircəfər Bağırovadək Azərbaycanda Kommunist Partiyasının rəhbərlərinin hamısının erməni olduğunu xatırladıb və əlavə edib ki, 27 aprel işğalından sonra müsavatçılar, istiqlalçılarla yanaşı, bolşeviklərin Azərbaycana gəlişini bayram edənlər də repressiyalara məruz qalıblar.

Vətəndaş və İnkişaf Partiyası Sədrinin siyasi məsələlər üzrə müavini Ağəli Qaçayev isə çıxışında Rusiyanın hər zaman Azərbaycanı işğal etmək niyyətinin olduğunu, müxtəlif illərdə Azərbaycanın ayrı-ayrı şəhərlərinin rus işğalına məruz qaldığını xatırladıb. Hakimiyyət daxilində və parlamentdə bu gün də qeyri-milli qüvvələrin təmsil olunduğunu deyən partiya rəsmisi, çıxış yolunu  milli parlamentin formalaşmasında görüb.

Ümid Partiyası Başqanının I müavini Taleh Əliyev konfransın adının ikinci hissəsi barədə danışmaq istədiyini bildirib. O, müasir təhlükələr və çağırışlara diqqət çəkərək qeyd edib ki, təşkil olunan konfrans əslində belə çağırışlardan biri kimi dəyərləndirilməlidir. Partiya rəsmisi əlavə edib ki, vahid bir güc və siyasi institutların bir araya gəlməsi ilə, mövcud problemləri həll etmək olar.

Konfransda söz alan Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu da  27 aprelin işğal tarixi olduğunu qeyd edərək, bolşeviklərin həmin tarixdə aldadıcı şərtlərlə hakimiyyəti ələ keçirdiyini deyib. Qubad İbadoğlu 10 noyabrda da rus sülhməramlılarının  müəyyən şərtlər altında gəldiklərini, lakin mövcud razılaşmaya tam əməl etmədiklərini diqqətə çatdırıb. O, bu məsələ ilə bağlı Azərbaycan və Türkiyə dövlət başçılarına müraciət ünvanlanmasını təklif edib.

Azərbaycan Xalq Partiyasının Sədri Pənah Hüseyn 27 aprel tarixinin qiymətinin 30 il əvvəl verildiyini xatırladıb. O bildirib ki, 30 il əvvəl bu, işğal faktı kimi qiymətləndirilib. Pənah Hüseyn əlavə edib ki, bölgədə Türkiyənin mövcudluğu proseslərin gedişatına ciddi təsir edir.

Tədbirə yekun vuran Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bildirib ki, bu məsələyə bir neçə aspektdən baxmaq lazımdır: “Birinci aspekt odur ki, Rusiya Federasiyası özünü SSRİ-nin varisi olaraq gördüyünü hər lazım olan və olmayan platformada dilə gətirir. Belə olan halda, biz keçən əsrin 20-ci illərindəki məsələlərin təkrarlanmasının qarşısının alınması üçün hazırlıqlı olmalıyıq ki, bir daha işğal edilməyək. Başqa heç bir siyasət bizi Rusiyanın yenidən qabaran imperial iştahasından qoruya bilməz. Rusiyanın 28 aprel siyasəti tarixə qərq olmayıb, bu gün də aktualdır. İkinci aspekt Güney Qafqazın vəziyyəti və Rusiyanın bu bölgədəki siyasətidir. Rusiya bu bölgəni demək olar ki, heç bir inkişaf perspektivi təqdim etmədən, ancaq qaba güc və zorbalıq hesabına idarə etməkdədir. Abxaziyanı və Güney Osetiyanı işğal edən, Ermənistanı tamamilə cinayət alətinə çevirən, Azərbaycana hədə-qorxu ilə güc göstərən, sülhməramlı adı ilə Qarabağa yerləşən və yerləşəndən sonra da razılaşmalara əməl etmədən separatizmi gücləndirən Rusiya təhlükə mənbəyi deyil, bəs nədir?”

Anar Əsədli əlavə edib ki, Azərbaycan da dövlət olaraq Türkiyə kimi qardaş və digər dost ölkələrlə inteqrasiyasını gücləndirməli və ölkəmizin inkişaf yolunu qorumaq üçün lazım gələrsə, qoşulmama tərəfsizliyini yenidən gözdən keçirməli, daha mütərəqqi ittifaqlarda yer almalı, bu, olmadıqda isə təcili surətdə Türk Birliyi ittifaqını inşa etməlidir.

Tədbirdə çıxış edən digər qonaqlar da rusların müxtəlif dövrlərdə Azərbaycan ərazilərini işğal edərkən verdiyi zəmanətlərə heç vaxt əmək etmədiklərini vurğulayıblar və bununla bağlı faktları diqqətə çatdırıblar. Konfransın sonunda Azərbaycan Yüksəliş Partiyasının 28 Aprel – Rusiyanın Azərbaycanı işğalının 101-ci ildönümü ilə əlaqədar mesajı səsləndirilib:

“1920-ci ilin 28 aprel günü Azərbaycan Xalq Cümhuriyyətinin varlığına qarşı işlənən beynəlxalq cinayətin tarixidir. O gün Sovet Rusiyası sadəcə bir ölkəyə və bir millətə qarşı deyil, bəşərə qarşı cinayət törədib, azadlıq, istiqlal, müstəqillik, bərabərlik kimi ideyaları öz qaba gücü ilə tapdaqaltı etdi.

Qafqazın qara günləri Çar Rusiyasının bu bölgəyə gəlişi ilə başladı və hələ də davam etməkdədir. Bəli, Çar Rusiyası yoxdur, ancaq onun ənənəsini əvvəl Sovet Rusiyası, indi də Rusiya Federasiyası özünü Sovet İttifaqının varisi saymaqla davam etməkdədir. Sual olunmalıdır ki, bir dövlət özünü öncəki dövlətin varisi hesab edirsə, onun cinayətlərinə görə də məsuliyyət daşımalı deyilmi?

Azərbaycan xalqının milli istiqlal mübarizəsinin hər dövründə qonşuları ilə sülh və əməkdaşlıq şəraitində yaşamaq istəyinə baxmayaraq, çox vaxt bəzi qonşularından bu münasibəti görə bilmədi. Bu gün Azərbaycan müstəqil və azaddır, ancaq torpaqlarında hələ də sülhməramlılar adı ilə yerləşən Sovetin varisinin ordusu var. Onlar da əvvəl-axır gedəcək, getməlidirlər. Yalnız istiqlal və azadlıq ruhumuz daimyaşar və əbədi olacaq.

AY Partiya rəhbərliyi və üzvləri 101 il əvvəl olduğu kimi, bu gün də milli istiqlalımızın keşiyində duraraq canlarını fəda etmiş vətən şəhidlərimizi ehtiramla yad edir, ruhları qarşısında baş əyir. Dövlət müstəqilliyimiz və ərazi bütövlüyümüz tam təmin olunana qədər hamı kimi, biz də daim vətənimizin keşiyində durmağa, ulu atalarımızın və babalarımızın bizə buraxdığı əmanəti qorumağa and içirik.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*