“Kiyev Rusiya neft emalı zavodlarına qanuni hədəf kimi baxdığı üçün onları vurmağa davam edəcək”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini Olqa Stefaşina deyib.
O qeyd edib ki, Ukrayna tərəfi amerikalı tərəfdaşlarının çağırışını başa düşür: “Eyni zamanda, biz malik olduğumuz imkanlar, resurslar və təcrübələrlə mübarizə aparırıq”.
Baş nazirin müavini 2022-ci ildə Ukrayna üzərində səmanın bağlanması tələbi ilə NATO-nun mənzil-qərargahı ilə əlaqə saxladığı zamanı aldığı cavabı xatırladıb. “Dedilər ki, Olqa, sən NATO standartlarını başa düşmürsən”.
Stefaşina vurğulayıb ki, Ukrayna tərəfi Rusiyanın neft emalı zavodlarına zərbələr endirməklə “NATO-nun ən yaxşı standartlarına uyğun hərəkət edir”.
Qeyd edək ki, bundan öncə “Financial Times” ABŞ-nin Ukraynanı Rusiyanın enerji obyektlərinə hücumları dayandırmağa çağırması haqqında xəbər yayıb. Nəşr bunu Vaşinqtonun dünya bazarında neftin qiymətinin artması və Rusiyanın cavab tədbirlərindən ehtiyatlanması ilə izah edib.
Xatirə SADİQ,
KONKRET.az