Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili səhhətində yaxşılaşma müşahidə olunduqdan sonra klinikadan yenidən həbsxanaya köçürülüb.
KONKRET.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Ədliyyə Nazirliyinin Penitensiar Xidməti məlumat yayıb.
Rəsmi açıqlamada qeyd olunur ki, Mixeil Saakaşvilinin səhhəti sabitləşdiyindən və artıq stasionar müalicəyə ehtiyac qalmadığından, o, mülki klinikadan azad edilərək 12 saylı cəzaçəkmə müəssisəsinə qaytarılıb. Keçmiş Prezident orada cəzasını adi rejimdə çəkməyə davam edəcək.
Xatırladaq ki, Saakaşvili 2022-ci ilin mayında uzunmüddətli aclıq aksiyasının nəticəsində səhhətində yaranan problemlərə görə “Vivamed” klinikasına yerləşdirilmişdi.
Onu da bildirək ki, eks-Prezident beş cinayət işi üzrə ittiham olunur və onlardan ikisinə görə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb. Bu ilin martında isə Tbilisi Şəhər Məhkəməsi onu dövlət vəsaitlərinin mənimsənilməsinə görə 9 il həbsə məhkum edib. Hazırda məhkəmədə onun barəsində iki digər iş – 2007-ci ildə etiraz aksiyasının dağıdılması və sərhədi qanunsuz keçməsi ilə bağlı proseslər davam edir.
