“Sabah” (Türkiyə): Putin Ərdoganı təsadüfən tərifləmədibackend

“Sabah” (Türkiyə): Putin Ərdoganı təsadüfən tərifləmədi

Vaşinqtonun sanksiya qərarı uzun müddətdir danışdığımız S-400 probleminin konkret bir təcəssümü idi. Konqresin çağırışı ilə Prezident Tramp nəhayət bir müttəfiqinə Müdafiə Sənayesinə qarşı Sanksiyalarla Amerikanın Düşmənlərinə Qarşı Mübarizə Qanunu (CAATSA) vasitəsilə sanksiyalar tətbiq etdi. İndiki formada tətbiq olunan sanksiyalar sərt deyil, lakin genişləndirilə bilər. Və daha da əhəmiyyətlisi Bayden hökumətinə Türkiyə ilə yeni əlaqələr qurma imkanı verir.

Şübhəsiz ki, müttəfiq münasibətlərinin ruhuna zidd olan sanksiyaların tətbiqi məzmundan daha vacibdir. Düşünürəm ki, yeni Vaşinqton rəhbərliyi Türkiyəyə qarşı siyasətini inkişaf etdirməyincə bu məsələdə əlavə addım atmayacaq. Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı hər hansı bir dəyişiklik gözlənilməsə də, Suriya, YPG və Şərqi Aralıq dənizinin ön plana çıxması gözlənilir. Bununla birlikdə, əsas sual prezident Baydenin ABŞ-ın qlobal siyasətini yenidən nəzərdən keçirərkən Türkiyə və Ərdoğana qarşı necə davranacağını seçməsidir. Bunu bilmək üçün ən azı bir neçə ay gözləməliyik. Aydındır ki, Bayden Türkiyənin 15 il qabaqkı Türkiyə olduğunu bilərək siyasət yürüdərsə, bu, Türk-Amerika münasibətlərinə müsbət töhfə verə bilər. Çünki Türkiyə ətraf bölgələrdəki bir çox strateji məsələlərdə fəal oyunçudur. Buna dekabrın 17-də baş verən iki hadisə misal çəkə bilərik. Birincisi, Rusiya lideri Putinin illik mətbuat konfransında Ərdoğanla bağlı təriflər yağdırdı. İkincisi, İraqın  Baş naziri əl-Kazımi Ankaraya səfər etdi.

Putinin Ərdoğana sevgisi hardandır?

Rusiya liderinin “Ərdoğan verdiyi sözünün üstündə durur və ölkəsi naminə sona qədər gedir” tərifləri sanksiyalardan sonra təsadüfi deyilmədi. Əlbəttə ki, Putin ABŞ sanksiyalarının əsas məqsədinin Rusiya silahlarının dünya bazarında yayılmasının qarşısını almaq olduğunu bilir. Bu səbəbdən Ankaranın S-400 məsələsində geri addım atmasını istəmir. Ankara sözündə durur, eyni zamanda Vaşinqtonla münasibətlərin kəskinləşməməsi üçün yollar axtarmaqda davam edir.

Rusiya ilə rəqabət və əməkdaşlıq müstəvisində qurulan münasibət Qərblə ittifaqa alternativ deyil. Bayden Rusiyanı hədəf alarsa, Ankaranın Moskva ilə münasibətləri ciddi şəkildə sınaqdan keçirilə bilər. Bunu anlayan Putin Ərdoğanla işləməyə üstünlük verir. Çünki bunun alternativi yoxdur. Rusiya lideri Azərbaycanın Dağlıq Qarabağdakı müharibədə qələbəsinə böyük töhfə verən Türkiyənin Qafqazda artan təsirinə qarşı çıxmır. Ankara ilə Ukrayna arasındakı münasibətlərin getdikcə dərinləşməsinə açıq şəkildə etiraz etmir. Görəsən, Putinin Ərdoğanla strateji məqsədlər üçün nümayiş etdirdiyi bu realizmi  Makron niyə görməzlikdən gəldi? Bayden necə, “Ərdoğan amilini” əsaslı şəkildə qiymətləndirə biləcəkmi? Bunu yaxın aylarda görəcəyik.

İraq yenidən gündəmə gəldi

Ərdoğanın İraq Baş naziri əl-Kazımla fövqəladə əhəmiyyətə malik təkbətək görüşü də regionda təsirsiz ötüşmədi. Çünki bu görüşlə Şimali İraqdakı kürd oyunçuların və mərkəzi İraq hökumətinin Kürdüstan Fəhlə Partiyasına (PKK) qarşı siyasəti yeni bir dövrə qədəm qoyur. Bundan sonra İraqda PKK şiddət və qarşıdurmaya səbəb olan ciddi bir təhlükəyə çevrildi. Ankara ilə Bağdad arasında daha da geniş bir əməkdaşlıq müzakirə olunur.

Ancaq gündəm bununla məhdudlaşmır. Artan səfərlər, digər şeylər arasında, İraqdakı vəziyyətin sabitləşməsi və ölkənin yenidən qurulması ilə əlaqədardır. ABŞ və İran arasında İraqdakı mübarizənin yeni bir mərhələyə girmə ehtimalı da nəzərə alınır. Ankara bu qarşıdurmada tarazlaşdırıcı və sabitləşdirici rol ala bilər. Bəzi dairələrin Türkiyənin tək qaldığı və ya Türkiyənin daha az dostunun olduğu iddialarına məhəl qoymayın. Çünki son illərdə bölgə ölkələri və qonşularımız Ankara ilə əməkdaşlığın nə olduğunu çox yaxşı başa düşdülər. Suriyada və Liviyada uğurlu əməliyyatlar aparan, mühasirədə olan Qətəri müdafiə edən Türkiyə Azərbaycana 44 gündə möhtəşəm qələbə qazandırdı. Bağdad da bu proseslərdən xəbərdardır. Elə Putin də. Bəs Bayden? Bunu yaxın aylarda biləcəyik.

“Sabah” (Türkiyə), 18 dekabr 2020

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*