backend

Sabahın narazılıq mənbəyinə çevriləcək yeni icra başçıları - Kadr dəyişikliyi nəyə hesablanıb?

Azərbaycanda iqtidar tərəfindən həyata keçirilən islahatlar, artıq zamanın tələbi ilə səsləşir və ölkəni güclü dövlətə çevirir. Əlbəttə ki, atılan addımlar və görülən tədbirlər əhalinin sosial rifahının yaxşılaşdırılmasına və ölkənin inkişafının sürətlənməsinə xidmət edir.

Ancaq bəzən bir məmurun digəri ilə əvəzlənməsini, yaxud rayon icra başçılarının yerdəyişməsini də “kadr islahatı” kimi cəmiyyətə təqdim edirlər.

Məsələn Prezidentin İlqar Abbasovu Şirvan şəhər, Mərdan Camalovu Zərdab, Əziz Əzizovu Bakının Suraxanı, Elşad Həsənovu Yasamal, Rafiq Quliyevi Xətai rayonlarının icra hakimiyyətlərinin başçıları vəzifələrinə təyin etməsi də kadr islahatlarının tərkib hissəsi kimi səciyyələndirilir.

Bu yerdəyişmələr kadr islahatı hesab oluna bilərmi?

Mövzunu KONKRET.az –a şərh edən Politoloq Azər Rəşidoğlu hesab edir ki, kadr rotasiyası (əvəzlənmə, dəyişmə) heç bir halda islahat kimi qəbul oluna bilməz: “ Əgər bir icra başçısı tamamilə vəzifədən uzaqlaşdırılmayıb, digər rayona göndərilirsə, bu sıradan kadr dəyişikliyidir, islahat kimi dəyərləndirilməməlidir”.

Azər Rəşidoğlu: “Yerlərdə olan narazılıqların əsas mənbəyi icra başçılarıdır”

Image result for azər rəşidoğlu
Azər Rəşidoğlu – Politoloq

İcra başçıları institut aparatı artıq köhnəlib, bələdiyyələrin səlahiyyətləri genişləndirilməlidir…

Politoloq hesab edir ki, rayon başçılarını xalq özü seçməlidir, yəni təyinat yox, seçki yolu olmalıdır: “ Əgər qanunvericilikdə dəyişiklik ediləcəksə və icra hakimiyyətlərinin səlahiyyətləri azaldılacaq, yaxud sözügedən qurum ləğv olunacaqsa, bələdiyyələrin hüquqları genişləndiriləcəksə, o zaman bunu islahat kimi qəbul etmək mümkündür. Əks təqdirdə isə islahatdan danışmaq yersizdir”.

İcra başçılarının yerdəyişmə zərurəti….

Azər Rəşidoğlunun sözlərinə görə, bəzi rayonların başçıları uzun müddətdir ki, eyni vəzifədədirlər. Ona görə də, əhali uzun müddət rəhbərlik edən rayon icra başçılarından narazıdırlar: “Yerlərdə olan narazılıqların əsas mənbəyi icra başçılarıdır. Yaşlı icra başçılarının daha gənc məmurlarla əvəzlənməsi , xalq narazılığının qarşısını almağa yönəlib. Ancaq bütün bunlara baxmayaraq, yeni başçılar bir müddətdən sonra narazılıq mənbəyinə çevriləcəklər. Ona görə də, bələdiyyələrin səlahiyyətləri genişlənməlidir ki, əhali rayon rəhbərlərini özləri seçsinlər”.

Sabahın narazılıq mənbəyinə çevriləcək yeni başçıları…

Ekspert bildirir ki, ümumiyyətlə köhnə başçılar rotasiyaya məruz qalmayıb, birdəfəlik vəzifədən uzaqlaşdırılsalar da, müəyyən zaman keçdikcə xalq narazı qalacaq: “Çünki əhali öz başçısını özü seçmir. Ona görə də, yeni qanunlar qəbul edilməlidir ki, icra başçıları məmur oliqarxların qohumları olmasın. Xalq rayon rəhbərini özü seçməlidir ki, narazı qalsa belə, növbəti seçkiyə qədər səbr etsin. Kadr dəyişikliyi bu cür olmalıdır. Yoxsa kadr rotasiyası heç bir müsbət dəyişikliyə gətirib çıxarmayacaq”.

 

Müşviq Tofiqoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*