Sabiq şöbə müdiri Artur Rəsizadə ilə xatirələrindən yazdı: “Durun gedin Prezidentlə görüşə, 10 dəqiqəniz qalıb”backend

Sabiq şöbə müdiri Artur Rəsizadə ilə xatirələrindən yazdı: "Durun gedin Prezidentlə görüşə, 10 dəqiqəniz qalıb"

Fevralın 26-da 90 yaşı tamam olacaq Azərbaycan Respublikasının sabiq Baş naziri Artur Tahir oğlu Rasi-zadə gərgin, səmərəli, dövlətə, xalqa, vətənə gərəkli bir ömür yaşamışdır. O, tarixin yaddaşında Azərbaycanın görkəmli dövlət xadimi kimi,  postsovet məkanında ən uzun müddətli – 21 il Baş nazir vəzifəsində işləmiş şəxs kimi qalacaqdır. Artur Rasi-zadə uzun illər Ümummilli lider Heydər Əliyevlə həm sovet dönəmində, həm də müstəqillik dövründə çiyin-çiyinə çalışmış sadiq dövlət qulluqçusu olaraq, Azərbaycan iqtisadiyyatının inkişafında böyük xidmətlər göstərmişdir. Sovet Azərbaycanında AKP MK-da maşınqayırma şöbəsinin müdiri, Nazirlər Soveti sədrinin birinci müavini, müstəqil Azərbaycanda isə Baş nazir olan A.Rasi-zadənin müstəsna xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmiş, ali mükafatlara, orden və medallara layiq görülmüşdür.

Akif ƏLİ,
Əməkdar jurnalist,
Fəlsəfə doktoru,
Yazıçı-publisist

Müstəqilliyimiz üçün ən mürəkkəb dövrlərdə, 1996-cı ildə Hökumətin rəhbəri vəzifəsinə təyin olunan A.Rasi-zadə 2017-ci ildə təqaüdə çıxdığı son günə qədər demək olar ki, fasiləsiz, istirahətsiz var qüvvəsi ilə çalışmış, dövlət müstəqilliyinin qorunub saxlanmasında, iqtisadiyyatın dirçəldilməsində, ordu quruculuğunda, sənayenin, kənd təsərrüfatının, elm, təhsil, mədəniyyət sahələrinin inkişafında bilik və bacarığını əsirgəməmişdir.

Mən, 1994-2019-cu illər ərzində – 25 il Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışaraq, NK-da keçirilən əksər rəsmi qəbullarda, görüşlərdə, iclaslarda iştirak etmişəm. Aparatın istər sıravi əməkdaşlarının, şöbə müdirlərinin, istərsə də Baş nazir müavinlərinin və Baş nazirin rəsmi dövləti fəaliyyətlərini bilavasitə yaxından müşahidə etmək imkanına malik olmuşam. Artur Rasi-zadənin 90 illik yubileyi ərəfəsində Baş nazirin xarici qonaqlarla apardığı çoxsaylı danışıqlardan bəzi qeydlərimi ilk dəfə hörmətli oxuculara təqdim etmək yerinə düşərdi. Təbii ki, zamanında NK Mətbuat Xidmətinin həmin qəbullardan KİV-lər üçün yaydığı rəsmi informasiyalar bir çox nüanslar nəzərə alınmaqla, yalnız ümumi şəkildə yazılan lakonik mətnlər olurdu.

Qısaca rezüme şəklində onu da demək istərdim ki, təcrübəli dövlət qulluqçusu, bacarıqlı idarəetmə mütəxəssisi, gözəl ziyalı, müdrik şəxsiyyət Artur Tahir oğlunun Azərbaycan Hökumətinə başçılıq etdiyi müddətdə Vətən və Xalq qarşısındakı xidmətlərinin ən mühüm cəhətləri kimi ilk növbədə onun respublikamızın müstəqilliynə,  suverenliyinə sədaqəti, demokratik təsisatlara, iqtisadi təhlükəsizliyə, xalqın rifah halının yüksəldilməsinə göstərdiyi qətiyyətli və prinsipial fəaliyyəti vurğulanmalıdır. Qarabağ probleminin həlli, ərazi bütövlüyünün bərpası, işğalda olan torpaqlarımızın azad edilməsi, iqtisadiyyatın dirçəldilməsi, ordu quruculuğu, cəbbəxananın zənginləşdirilməsi, qaçqın və köçkünlərə qayğı və s. bir çox sahələrdə Dövlətin mövqeyini ifadə edən Baş nazirin gərgin zəhməti ölkəmiz üçün çox səmərəli nəticələr vermişdir.

O, NK Aparatının əməkdaşları tərəfindən təkcə bilavasitə tabeçiliyində çalışdıqları rəhbər kimi deyil, həm də ən yaxın məsləhətçi, etibarlı arxa-dayaq, həssas dost, səmimi və  təcrübəli pedaqoq kimi də sevilirdi. Bu gün şərəfli həyatının haqq etdiyi istirahət dövrünü yaşayan Artur müəllimi qarşıdakı yubileyi münasibətilə səmimi təbrik edir, ona sağlam, uzun ömür arzulayıram.

İndi isə xarici ölkələrdən Azərbaycana axın-axın gələn nümayəndə heyətləri ilə Baş nazir Artur Rasi-zadənin çoxsaylı görüşlərindən, qəbullarından, “bağlı qapılar arxasında” keçirdiyi danışıqlardan bəzi qeydlərimi hörmətli oxuculara təqdim edirəm.

Mövzunun aktuallığını nəzərə alaraq, burada Baş nazirin Rusiya Federasiyasının nümayəndələri ilə apardığı bəzi danışıqlardan bir neçə fraqmeni kütləviləşdirərkən, düşünürəm, aradan xeyli vaxt keçsə də, bu mətnlər sırf tarixilik baxımından maraq doğura bilər.

***

11 sentyabr 2001-ci il.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Xarici işlər naziri Sergey Lavrovun başçılığı ilə Rusiya Federasiyasının nümayəndə heyətini qəbul etdi.

S.Lavrov: – …Biz Azərbaycanla iqtisadi-mədəni əlaqələrin davam etdirilməsində maraqlıyıq.

A.Rasi-zadə – …Ancaq bizi Qarabağ məsələsi daha çox maraqlandırır. Deyirsiniz  bu məsələdə qalib olmamalıdır. Bu nə deməkdir? Status-kvo! Nədən başlamışdıq, ora da qayıtmaq… Hamı deyir, iki ölkə otursun danışsın, özləri nə razılığa gəlsələr, biz də ona razıyıq. Axı, erməni mənim 20% torpağımı işğal edib, onunla necə “danışmaq” olar?.. Mən MDB Hökumət Başçıları Şurasının iclasında qəbul ediləcək bir sənəddə “Separatizm yolverilməzdir” ifadəsini əlavə etmişdim. Amma keçmədi. Qəbul olunmadı. Niyə?.. Yoxsa separatizmə yol verilməlidir, o müdafiə olunmalıdır?! Baxın, hər belə xırda şeylər münasibətlərə təsir göstərir…   

S.Lavrov – “Vesti” Tele-proqramındakı qərəzlə bağlı Sizin etiraz məktubunuzu aldıq. Ensiklopediyada gedən səhv materiala dair də… Amma… İnanın ki, biz onlara göstəriş verə bilmirik. “Dağlıq Qarabağ” məsələsinə də hökumətdə maneçilik törədən yoxdur.

A.Rasi-zadə – Gülməlidir… Tutaq ki, mən buna inandım. Amma sizin uzaq Voloqdada xutorda oturub televizora baxan rus mujiki nə başa düşür – efirdən bizə  deyilən yalan-böhtan hökumətin işidir, yoxsa hansısa özəl qurumun?

S.Lavrov – İnanın, bizim öz tariximizlə bağlı da elə şeylər çap olunur ki, məəttəl qalırsan. Özü də, məsələn, təhsil nazirliyinin xətti ilə… Sensasiya axtarırlar… Reytinq, tiraj… Bilirik ki, Qarabağ sizin üçün həssas məsələdir… “Dağlıq Qarabağ” məsələsində biz qəti deyirik ki… ola bilməz. Biz kulis arxasından asta-asta işləri düzəltməyə çalışırıq… Hay-küysüz, ucadan demədən, bildirmədən… Çünki bircə separatizm hadisəsi baş tutsa, bütün dünya üçün presedent olar və hər yer dağılar… Bütün kiçik  xalqlar baş qaldırar… Putin də açıq deyib ki, Qarabağda başqa forma ola bilməz.

A.Rasi-zadə – İndi mən baxacam, görüm Rusiya telekanalları Sizin Bakıya səfərinizi necə verəcək? Və sonra Yerevana vizitiniz necə işıqlandırılacaq Moskva efirində.

 S.Lavrov – … (Gülür.)

***

24 may 2004-cü il

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Rusiya Energetika Şirkəti RAO “EES” İH Sədri Anatoliy Çubaysın başçılığı ilə nümayəndə heyətini qəbul etdi.

A.Çubays – …Biz indi əlaqələrimizin daha da genişləndirilməsi üçün strategiya üzərində işləməliyik. Məhsulumuzu xaricə – İrana çıxartmaq üçün sinxron iş rejimi qurmalıyıq. İran bizim maraq dairəmizdədir. Etibarlılıq məsələləri də mühümdür. Azərbaycanın elektrik enerjisi ilə təchizatında etibarlılıq… Bu istiqamətlər üzrə birgə işləyib irəliyə getməliyik. Bu barədə niyyət memorandumu da imzalanıb.

A.Rasi-zadə – Sizinlə tamamilə razıyam… Etibarlılıq və effektivliyin artırılıması vacib şərtdir. Təklif edərdim etibarlılıq məsələsinə bir qədər geniş baxaq. Məsələn, Ermənistanın timsalında… Siz qazı onlara ucuz, amma bizə isə çox baha satırsınız… Bu çox böyük “etibardır”. 

(Bu məqamda gərginləşən dialoqun davamını həmin dövrdə qəbuldan dərhal sonra yazdığım təəssüratları olduğu kimi təqdim edirəm. – A.Ə. )

Qeyd dəftərindən: …Bu sözlərdən sonra Anatoliy Çubays duruxdu. Çaşdı. Nə deyəcəyini bilmədi. Artur Rasi-zadə isə qırğı kimi onun başının üstünü aldı. Bu görüşdə mən bir daha – və son illər ərzində artıq neçənci dəfə şahidi oldum ki, Baş nazir Azərbaycan xalqının və dövlətinin maraqları keşiyində son dərəcə böyük iradə, mətanət, mərdlik, sədaqət  və cəsarətlə dayanan müdrik şəxsiyyətdir. Onda olan bilik, savad, təcrübə, mədəniyyət, ziyalılıq, mənəvi keyfiyyətlər, nəhayət, cəsarət onu daim  tənqid edən müxaliflərin çoxunda nəinki yoxdur, bəlkə də bu dəyərlər haqqında təsəvvürə malik deyillər.

Reformist ideyaları ilə, “yeni təfəkkür” tərzi ilə Rusiyanı, bütün dünyanı heyran qoyan Anatoliy Çubaysla söhbətində A.Rasi-zadə göstərdi ki, savadı, biliyi, təcrübəsi bu məşhur siyasətçi, iqtisadçı və dövlət xadimindən qat-qat üstündür…

Söhbət zamanı A.Rasi-zadə köhnə imperiya ambisiyalı məmurların hələ də müstəqil Azərbaycanın daxili işlərinə qarışmaq cəhdini sərt tənqid etdi. Üzünü A.Çubaysa və RF Azərbaycandakı səfiri Nikolay Ryabova tutub dedi:

“Axı, sizə nə dəxli var biz ölkəmizdə nə edirik, nə iş görürük, nə tikirik, nə çəkirik… Biz müstəqil ölkəyik və Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin çəkilişi öz daxili işimizdir!”

Sonra A.Çubaysa ermənilərin Rusiyaya 91 milyon dollara 3-4 köhnə, işləməyən müəssisə satdığını xatırladan A.Rasi-zadə, Ermənistanın onları necə məharətlə aldada bildiyinə istehza etdi. Dedi, gəlin mən sizə cəmi 1 dollara ondan da yaxşı zavod verim, qurun işlədin, ancaq bir şərtlə ki, orda bizim camaat çalışsın. Yoxsa Koçaryan sizə hələ bir lağ da edir ki: “Ara, mi kak prodali eti nenujnıe zavodı… Bəli, Ermənistan sizin ağzınıza nə… qoyursa, siz iştahla yeyirsiniz!”

…A.Rasi-zadənin çıxışı bütün nümayəndə heyətini şoka salmışdı. Əsrlər boyunca müti əyalət kimi baxdıqları bir məkanda heç gözləmədikləri intellekt və cəsarət hücumunun məntiqli pressi altında əzilib-büzülmüş vəziyyətdə hamısı susurdu. Rusiya iqtisadiyatının ağır artilleriyası, dünyaca məşhur islahatçı “giqant” sayılan Anatoliy Çubays fakt qarşısında nə deyəcəyini, vəziyyətdən necə çıxacağını bilmirdi.

Uzun sürən pauzanı A.Rasi-zadə pozdu. Dedi:

– Yaxşı, durun gedin Prezidentlə görüşə. 10 dəqiqəniz qalıb. Ora gecikmək olmaz!

A.Çubays danlaqlardan canı qurtarmış uşaq kimi, dərhal ayağa qalxdı,  nümayəndə heyəti ilə birgə tələsik kabineti tərk etdilər.

…Otaqda ikimiz qalanda A.Rasi-zadə mənə baxıb gülümsündü. Biz bir-birimizi yaxşı başa düşdük. Mən danışıqların təəssüratından yaranan ruh yüksəkliyilə: “Sağ olun, cənab Baş nazir, – dedim. – Apardığınız yüksək səviyyəli söhbətə, ətraflı  müzakirəyə görə sağ olun!”

Daha başqa sözə ehtiyac yox idi. Çünki bütün deyilməli sözləri Baş nazir görüş boyunca Çubaysın üzünə demişdi…

Baş nazirin kabinetindən çıxıb öz otağıma gedəndə artıq saat 18:30 idi. Günortadan sonra başlayan danışıqlar xeyli uzun və gərgin keçmişdi. Bu zaman dəhlizin pəncərəsindən baxıb A.Çubaysın öz dəstəsi ilə həyətdən keçib qaça-qaça qonşu binaya tərəf getdiyini gördüm. Axı, Baş nazir onlara demişdi: “Prezidentlə görüşə gecikmək olmaz!”

***

5 aprel 2005-ci il

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə MDB İcraiyyə Komitəsinin İcraçı katibi Vladimir Ruşaylonun başçılığı ilə nümayəndə heyətini qəbul etdi.

V.Ruşaylo: – …Biz iyul ayında MDB Dövlət və Hökumət başçılarının Tbilisidə keçiriləcək görüşünə hazırlaşırıq. Avqustda Dövlət başçıları Kazanda toplaşacaq. Sonra Moskvada Hökumət başçılarının iclası olacaq. MDB-nin strategiyasını hazırlamaq üçün iş gedir…

A.Rasi-zadə: – (hiss olunur ki, bezdirici hesabat onun üçün maraqlı deyil) Açığı,  bu MDB-nin çox getməyəcəyi görünür… Yenə kağızbazlıqdır. MDB-də kağız çoxdur, işin effekti və nəticə isə yoxdur. Hərə yorğanı öz üstünə çəkir… Necə olur, biz də MDB üzvüyük, Ermənistan da. Bu – absurddur. Çünki bir qurum daxilində separatçıların, işğalçıların olması şəxsən mənə çatmır. Ermənistanla Azərbaycan arasındakı müharibə bu qurumun daxilində heç kimi maraqlandırmır… Belədə iş getməz. Kimin gücü varsa, demək o haqlı sayılacaq? Belə şey olar?! Yaxud bu qurum daxilində ikili standart var. Mən Azərbaycanın Baş naziri kimi rəsmən deyirəm: MDB daxilində baş verənlər gələcəyə yaxşı heç nə vəd etmir… Amma məsələləri əlbəttə, Prezidentlər toplaşıb həll etməlidir… MDB-ni keçmiş SSRİ-yə çevirmək cəhdləriniz baş tutan iş deyil. Bu qeyri-realdır. Təzə Şura hökumətimi yaranır? Baxın: “İqtisadçılar Şurası”, “Dəmiryolçular Şurası”, “Avtomobilçilər Şurası”… Yox, MDB-də islahatlar aparılmalıdır. O yalnız məsləhət-məşvərət yeri kimi, bir Forum kimi ola bilər, daha Şura yox.

Nümayəndə heyətinin bir qadın üzvü: – Axı, Rusiya keçmiş SSRİ-nin bütün borclarını öz üzərinə götürdü… Ağır xərcə düşdü…

A.Rasi-zadə  – (Üzünü həmin qadına tərəf tutur.) …Sən məsul işçisən, belə şeyləri dəqiq bilməlisən… Mən o borcların götürülməsi prosesində iştirak etmişəm. Moskvada məndən xahiş edirdilər, yalvarırdılar ki, sənədə qol çək, biz özümüz Sovetlərin bütün xarici borcunu götürürük, ödəyəcəyik… Mənsə qol çəkmək istəmirdim… Nəhayət, Qorbaçov ordan prezident Mütəllibova zəng vurdu, o da mənə telefon açdı. Dedi, niyə qol çəkmirsən, qol çək getsin! Mütəllibova başa saldım məsələnin mahiyyətini, dedim biz qol çəksək onda çox şey itiririk… Dedi, bütün məsuliyyəti mən öz üzərinə götürürəm. Eybi yoxdu, dedi, mən cavabdehəm, sən yox… Nə isə… İndi siz deyirsiniz “Rusiya SSRİ-nin borclarını öz üzərinə götürdü”… Bilirsən məsələ nədəydi? Biz o vaxt çox şey itirdik… Baxın, xarici ölkələrdəki səfirliklərin binaları, bütün zavodlar, fabriklər, ölkənin Almaz Fondu və s. və i. Bunlar hamısı gərək 15 respublika arasında bölünəydi. Çünki orda hamının payı vardı. Amma bölünmədi. Hamısı sizə qaldı… Odur ki, bu gün siz deyəndə “Biz SSRİ-nin borcunu ödədik, kasıbladıq…” – bu, işi bilən, işin içində olan, məsələnin kökündən xəbəri olan adamları əsəbiləşdirir… Odur ki, xanım, Siz məsul işçisiniz, belə şeyləri bilməyiniz lazımdır…

***

7 aprel 2005-ci il.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının sabiq Prezidenti Boris Yeltsini qəbul etdi.

B.Yeltsin – Salam, Artur Tairoviç. Bakı çox gözəlləşib.

A.Rasi-zadə  – Azərbaycana xoş gəlmisiniz, Boris Nikolayeviç… Respublika iqtisadiyyatında vəziyyət yaxşıdır. Dinamika var. 

B.Yeltsin – Əhsən! Amma sizin 1 milyard 800 milyon dollar borcunuz da var.

A.Rasi-zadə – Kimə? Niyə?

B.Yeltsin – (Gülür) Bütün dünyaya…

A.Rasi-zadə – Hə… Amma Fondumuzda 2 milyard dollar var.

B.Yeltsin  – Elə??? Qızılla???

A.Rasi-zadə – Yox, valyuta ilə.

B.Yeltsin – Mən ölkəni Qorbaçovdan təhvil alanda o, 500 ton qızılı satmışdı, Fondda heç nə yox idi…

A.Rasi-zadə – Əşi, o çərənçi idi…

B.Yeltsin – Elədir! Çox dəqiq dediyiniz! Çərənçi… Sizin iqtisadiyyatınız da, Rusiya ilə mal dövriyyəsi də yaxşı vəziyyətdədir. Bəs siyasi sakitlik necə, varmı? YAP sükanı möhkəm saxlaya bilirmi? Müxalifət nə edir?

A.Rasi-zadə – Ölkədə sabitlik hökm sürür. Müxalifət də piket, mitinq keçirir.  

B.Yeltsin – (Gülür.) Elə də olmalıdır! Əhsən! Sizə deyim ki, Bakıya gəlməyi özüm istədim. Yoxsa mənimlə görüşmək istəyən çoxdur. Amma mən heç ABŞ Prezidenti ilə də görüşmək istəmirəm… Amma siz başqa… Mən Prezident olanda deyirdim təkcə Qərblə yox, dörd tərəflə işləmək lazımdır və bütün cəhətlərtlə işləyirdim. Siz də gərək  Amerikadan uzaqlaşmayasınız. Onlarla əlaqəni itirmək olmaz… Əskər Akayev o vaxt qaça-qaça yanıma gəlmişdi. Ağlaya-ağlaya dedi, ABŞ Dövlət Departamenti məni yıxdı… Çevriliş qrafikini onlar verib, deyirdi…

A.Rasi-zadə – Boris Nikolayeviç, bəs bu ermənilərlə nə edək sizcə? Hə?  

B.Yeltsin –  Bilmirəm. Mən bacarmadım. O vaxt gəlmişdim köməyə. Adam kimi oturduq onlarla danışdıq, razılaşdıq, dedilər yaxşı… Amma qəfildən iş pozuldu, yenə alınmadı… Bizə görə hər ikiniz haqlısınız. Amma necə etmək lazımdır ki, ikiniz də razı qalasınız? Danışın da…

A.Rasi-zadə – Yox, Boris Nikolayeviç, erməni özünü qalib ədası ilə aparır. Çünki  20 % torpağımızı tutub, qürrələnir. Beləsi ilə nə danışasan?

B.Yeltsin – Bilmirəm… Mən daha bilmirəm… Bilmirəm necə həll etmək olar sizin məsələni?! Onlar Qarabağa müstəqillik istəyirlər, Azərbaycandan ayrılmaq istəyirlər… Buraxın getsinlər! Qurtarsın! Vəssalam.

A.Rasi-zadə – Yox! Qətiyyən! Buna kim razı olar?! Mən şəxsən Baş nazir kimi belə sənədə qol çəkmərəm! Heç kim də çəkməz… Bizim torpaqlarda onlar bir dəfə özlərinə dövlət yaratdılar. İndi də bu…    

B.Yeltsin – Onda mən bilmirəm… Özünüz baxın. Odur, İranda böyük diasporanız var. İşləyin. Onlarla əlaqələr necədir?

A.Rasi-zadə – Hələ bizim Qarabağ boyda məsələmiz var!   

B.Yeltsin – Amma mən vaxtilə İrana kömək etmişəm… Ciddi kömək ha!.. Hər şey verdik… Prezident kimi mənim taktiki səhvlərim olub. Ancaq strategiyada səhvim olmayıb… Azərbaycanla bizim elə böyük problemimiz yoxdur. Sərhəddə də heç bir problem yoxdur. Mənim Sizə böyük hörmətim var.

A.Rasi-zadə – Sağ olun.

B.Yeltsin – Mən indi burdan durub Şəhidlər Xiyabanına, şəhidlərin məzarı üstünə gedəcəm… Sağ olun qəbula görə. Xudahafis.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*