Bu gün ölkə gündəmi Sabirabadda yaşlı kişinin azyaşlıya qarşı qeyri-etik davranışını əks etdirən xəbərlərlə silkələnir. Bu cür addım nə insanlığa, nə də əxlaq çərçivəsinə sığır. Odur ki, həmin şəxsin hüquqi cəhətdən cəzalandırılması ön plana çıxır. Bəs görəsən azyaşlıya qarşı əxlaqsız hərəkət edən şəxsi hansı cəza gözləyir?
Hüquqşünas Ramil Süleymanov KONKRET.az-a açıqlamasında bildirib ki, bu kimi hallarda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə müxtəlif cəza müddətləri nəzərdə tutulub.
“Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaq və ya seksual xarakterli hərəkətlərin edilməsi 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Əgər həmin əməllər 12 yaşına çatmış, lakin 14 yaşına çatmayan şəxsə qarşı törədilərsə, bu zaman 3 ilə qədər müddətə müəyyən vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 3 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq olunur”.
Hüquqşünas əlavə edib ki, əgər bu əməli törədən zərərçəkmişi tərbiyə etməli olan şəxsdirsə və ya azyaşlı onun nəzarəti altına verilibsə, bu zaman məsuliyyət daha da ağırlaşır:
“Cinayət Məcəlləsinin 152.3-cü maddəsinə əsasən, belə hallarda həmin şəxsə 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər”.
Aynurə İsmayıl
KONKRET.az