Ermənistanın Zəngəzur dəhlizinin açılmasına mane olması bəzi regional güclərin marağına uyğundur. Eyni zamanda, Rusiya sərhədçilərinin dəhlizə nəzarət etmək perspektivi də yolun açılmasına mane olan amillərdəndir. Qərbin Rusiyanı regiondan uzaqlaşdırmaq planına uyğun gəlməyən bu strategiya Ermənistanın müttəfiqinə qarşı sərt mövqe tutmasına səbəb olub.
KONKRET.az xəbər verir ki, erməni türkoloq Ruben Safrastyan hesab edir ki, Zəngəzur dəhlizi sırf türk dövlətlərinin maraqlarına uyğun olduğuna görə Ermənistan bu layihədən imtina edib: “Reallıqda Zəngəzur məsələsi onların gündəmindən hələ çıxmayıb. Elə bu yaxınlarda Ərdoğan Türk Ölkələri Təşkilatının sessiyasında belə bir bəyanatla çıxış etdi. Bildirdi ki, Zəngəzur dəhlizi Türkiyə üçün strateji əhəmiyyət kəsb edir. Üstəlik, bu əhəmiyyət təkcə Azərbaycanla birbaşa əlaqə deyil, həm də türk ölkələri ilə ünsiyyətin ən qısa yoludur. Deməli, bu proqram Azərbaycan qədər Türkiyə üçün də strateji əhəmiyyət kəsb edir”.
Dəhlizin güc yolu ilə açılacağı ehtimalına toxunan Safrastyan bildirib ki, belə bir təhlükə var: “Burada bir problemi nəzərə almalıyıq. Çünki İğdırı Naxçıvanla birləşdirən, Türkiyə ərazisindən keçən dəmiryolu xətti hələ tikilməyib.
Türkiyədə bu barədə illərdir danışılır, amma hələ tikintiyə başlanılmayıb. Bu yaxınlarda Türkiyə bu tikintini birgə həyata keçirmək üçün Azərbaycanla müqavilə imzaladı. Bu layihə kifayət qədər bahalıdır, milyardlarla ölçülür və vaxt aparacaq. Ona görə də Zəngəzur dəhlizinin dərhal fəaliyyətə başlaması Türkiyə üçün real deyil. Bu, gələcəyin işidir. Amma indi Türkiyə üçün Ermənistanın razılığını almaq vacibdir. Ona görə də hesab edirəm ki, indiki mərhələdə Türkiyə Ermənistana təzyiqlərini davam etdirəcək. Bununla belə, Ermənistan dəhliz yox, suverenliyi, yurisdiksiyası və 100 faiz nəzarəti altında olacaq yolun açılmasında israrlı olmalıdır. Türkiyə Ermənistanla danışıqlarda müəyyən taktikalardan istifadə edir. Bir şey əldə etsə, kiçik bir addım atacaq. Sonra bu davam edəcək. Amma əsas problemi, sərhədin açılmasını gələcəyə saxlayır. Bu, Türkiyənin taktikasıdır və hesab edirəm ki, onlar hələ danışıqlar başlamazdan əvvəl kifayət qədər ciddi işləyiblər. Həmin taktikanı hazırlayan xüsusi qrup var idi. İndi türklərin üçüncü ölkələr üçün sərhədin açıla biləcəyini bəyan etdiyi mərhələdir. Ermənistandan hansısa güzəştə getməyi gözləyirlər”.
Vəli Həsənov,
KONKRET.az