“Sağlam insanlar üçün açıq havada maska taxmaq məcburiyyəti ləğv olunsun” – HÖKUMƏTƏ TƏKLİFbackend

“Sağlam insanlar üçün açıq havada maska taxmaq məcburiyyəti ləğv olunsun” – HÖKUMƏTƏ TƏKLİF

“Dünyanın bir çox ölkəsində pandemiya ilə əlaqədar həyata keçirilən tədbirlərin bir-birindən çox da fərqlənmədiyini görür, karantin rejiminin demək olar ki, eyni qadağalarla tətbiq olunduğunu müşahidə edirik”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında Azərbaycan Yüksəliş Partiyası Başqanının I müavini, İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov deyib. O bildirib ki,  Azərbaycanda bəzi məsələlər xaric, bu eyniyyətin şahidi oluruq: “Heç kim düşünməsin ki, bir siyasi partiya həkimlərə və tibb üzrə digər mütəxəssislərə karantin tədbirləri ilə əlaqədar ağıl vermək iddiasında olacaq, pandemiya ilə necə mübarizə aparılması gərəkdiyini dilə gətirəcək. Məsələ və məqsəd bu deyil”. Hər bir cəmiyyətin üzvləri özlərinin fikir və arzularını dilə gətirmək üçün müxtəlif təşkilatları qurur, onları özlərinin sözçüsü statusunda gücləndirir, müdafiə edir. “İş belə gətirib ki, Azərbaycanda qurulan əksər siyasi, ictimai, mədəni və sair təşkilatlar öz nizamnamələrində nə yazmalarından asılı olmayaraq, cəmiyyətin sözçüsü funksiyalarını demək olar ki, tamamilə unudub, gündəmin mənalı-mənasız mövzuları haqqında danışır, müzakirələr aparır. Cəmiyyət bu müzakirələrin fövqündə duran, təşkilatlar tərəfindən yetərincə işıqlandırılmayan problemini dilə gətirmək üçün özü səfərbər olmaq istəsə də, nəyəsə müvəffəq ola bilmir. Başa düşüləndir, axı təşkilatlanmadan nə etmək olar”?

Bəhrəm İsmayılovun sözlərinə görə, indi hər bir azərbaycanlının tələbi və arzusu açıq havada maska taxmaq məcburiyyətinin ortadan qaldırılması, buna görə tətbiq olunan pul cəzalarının ləğv edilməsidir: “Məsələ siyasi deyil təbii ki. Sadəcə bu qadağaları Nazirlər Kabineti həyata keçirdiyi üçün onlara siyasi partiyaların da müraciət etməsi tərs bir addım sayılmamalıdır”. Siyasi partiyalar insanların, o cümlədən, öz üzvlərinin iradəsi istiqamətində niyə və nədən heç nə demir, sükutu pozmaq əziyyətini özlərinə vermirlər?. Biz Yüksəliş Partiyası olaraq, hələ iki ay öncə bir sıra qadağaların birbaşa pandemiya ilə əlaqədar olmadığına görə, ləğvinin gərəkdiyini dilə gətirmişdik. Yalnız bu məsələdə partiyaların birlik göstərməsi və birgə mövqe bildirməsi ən ümdə arzularımızdan biridir. Ölkədəki tibbi vəziyyətin nəzarətdə saxlanıldığını və cəmiyyətin arzu və istəklərinin rasional ölçüdə həyata keçirilə bilən olduğunu nəzərə alaraq, təklif edirik ki, açıq havada sağlam insanlar üçün maska taxmaq məcburiyyətinin ləğvi ilə əlaqədar siyasi partiya rəhbərləri və əlaqədar mütəxəssisləri arasında onlayn görüş keçirilsin, hökumətə təkliflər verilsin. Belə bir təşəbbüsdə olmağımız üçün heç bir göstərişə ehtiyac yoxdur. Yetər ki, bunu özümüz istəyək”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*