Əmək münasibətlərinin düzgün tənzimlənməsinə nəzarət məqsədilə Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən tikinti sahələrində aparılan 30 səyyar yoxlama nəticəsində ümumilikdə 1002 nəfər işçidən 57-nin əmək və ya mülki-hüquqi xarakterli müqavilə olmadan fəaliyyət göstərdiyi müəyyən edilib. Bu faktlarla bağlı 12 hüquqi və fiziki şəxsə qarşı ümumi məbləği 105 000 manat olan inzibati cərimə tətbiq olunub.
KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin iclasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun illik hesabatı zamanı daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov məlumat verib.
O əlavə edib ki, vətəndaşların müraciətləri əsasında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən həyata keçirilmiş yoxlamalar zamanı 676 nəfərin əmək müqaviləsi bağlamadan işlədiyi üzə çıxıb. Bu hallarla bağlı müvafiq işəgötürənlərə ümumilikdə 2 milyon 643 min manat dəyərində cərimə tətbiq edilib. Həmçinin, 7 ayrı-ayrı halda işçilərin əmək vəzifələrinə daxil olmayan fəaliyyətləri yerinə yetirməyə məcbur edilməsi səbəbilə aidiyyəti vəzifəli şəxslərə 8000 manat cərimə kəsilib.