Erməni cəmiyyətindəki xaos gündən-günə böyüyür və yeni mərhələyə qədəm qoyur. Baş nazir Nikol Paşinyanın qərbyönlü siyasəti ilə barışmaq istəməyən bəzi qüvvələr hakimiyyətə qarşı etiraz edir, Qarabağdan Ermənistana köçən insanlar həyat şəraitlərinin aşağı olmasından gileylənir, müxalifət düşərgəsində isə revanş haqqında planlar cızılır. “Qarabağ respublikası”nın buraxılmasını elan edən qondarma rejimin “prezidenti” Samvel Şahramanyan isə İrəvanda mitinq iştirakçıları qarşısına çıxaraq, “Artsax”ı buraxmaq haqqında sənədə imza atmadığını bildirib. Əslində Şahramanyanın bu addımı gözlənilən idi. İrəvana çatar-çatmaz təzyiqlərlə üzləşən separatçıların başçısı səhv etdiyini və belə bir sənədə imza atmadığını bildirməklə daxili auditoriyanı sakitləşdirməyə çalışıb.

Mövzunu KONKRET.az-a şərh edən politoloq Samir Hümbətov bildirib ki, Şahramanyanın “Qarabağ respublikası” ləğv olunmayıb” söyləməsi bu gün ona qarşı Ermənistanda olan təzyiqlə bağlıdır: “Bir də ki, ortada erməni xisləti deyilən bir amil də var. Onlarda hər zaman çətin vəziyyətdən çıxdıqdan sonra öz fikrlərini danmaq və özlərinin imzalarına, düşüncələrinə hörmət etməmək anlayışı var. Prinsip etibarilə bizim üçün onların nə deməsinin heç bir önəmi yoxdur. Artıq qondarma “Qarabağ respublikası” yoxdur və rejim tarixin arxivinə verilib. İrəvanda küncə sıxışdırılan bu adamın açıqlaması, görünür, daxili auditoriya üçün hesablanmış bir açıqlamadır. Eyni zamanda, bu məsələdə Qərbdə maraqlı olan tərəflər var. Şahramanyanın çıxışı onların işinə yarayır. Amma düşünmürəm ki, Şahramanyanın bu bəyanatı Azərbaycanın Qarabağla bağlı siyasətinə hansısa mənada təsir etsin”.
Eyni zamanda, Şahramanyan və erməni cəmiyyəti bununla Qərbdəki havadarlarına mesaj verir ki, biz Qarabağdan imtina etmirik və sizin dəstəyinizə ehtiyacımız var”.
Vəli Həsənov,
KONKRET.az