El Salvadorda quldur dəstələri ilə mübarizə məqsədilə 2022-ci ilin martında elan edilən fövqəladə vəziyyət keçən il qətlləri 70 faiz azaldıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, silahlı dəstələrə qarşı genişmiqyaslı mübarizə aparan El Salvador prezidenti Nayib Bukelenin 2022-ci ilin martında elan etdiyi fövqəladə vəziyyət uğurlu alınıb. Ədliyyə və təhlükəsizlik naziri Qustavo Villatoro bildirib ki, cinayət nisbəti keçən il təxminən 70 azalıb, bir əvvəlki ildə 495 olan qətllərin sayı keçən il 154-ə düşüb.
Bu statistika Amerika qitəsində ən aşağı göstəricidir. Rəsmi məlumatlara görə, Salvadorda 2021 və 2020-ci illərdə mindən çox, 2019-cu ildə isə 2 mindən çox qətl törədilib. 2022-ci ilin martında ölkədə fövqəladə vəziyyətin elan edilməsi ilə təhlükəsizlik qüvvələrinə şübhəli dəstə üzvlərini tez bir zamanda tutmaq və həbs etmək imkanı verildi.
Rəsmi məlumatlara görə, fövqəladə vəziyyətin qüvvəyə mindiyi vaxtdan bəri təhlükəsizlik qüvvələri 75 minə yaxın şübhəli dəstə üzvünü həbs edib, daha sonra onlardan 7 minini azad edib.
Salvadorda quldur dəstələrinə qarşı mübarizədə həbs olunanların sayı çox olduğu üçün 2023-cü il fevralın 1-də nəhəng həbsxana tikilib istifadəyə verilib. 40 min nəfərlik həbsxana Amerika qitəsinin ən böyük həbsxanası kimi tanınır.
Rəsmiyyə Şərifova,
KONKRET.az