Şamaxıda nə baş verir? – SENSASİON DETALLAR – FOTOLARbackend

Şamaxıda nə baş verir? - SENSASİON DETALLAR - FOTOLAR

Şamaxı rayonunda məmur özbaşınalığı pik həddə çatıb. Bununla bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub.

KONKRET.az-ın Araşdırma Qrupu bu məlumatları yerində dəqiqləşdirmək və şikayətçilərlə görüşmək üçün Şamaxıya ezam olunub. Rayonda əldə etdiyimiz informasiyalar, müraciət və şikayətlər bir yazıya sığan deyil. Odur ki, materiallar silsilə şəkildə tirajlanacaq. Həmin materialların əksər hissəsi birbaşa Şamaxı Rayon İcra Hakimiyyəti ilə bağlıdır. İcra hakimi Tahir Məmmədov başda olmaqla ona tabe olan məmurların fəaliyyəti ilə bağlı detallı məlumatlar deməyə əsas verir ki, ölkənin hüquq-mühafizə orqanları, Hesablama Palatası, Maliyyə Nazirliyi və digər müvafiq dövlət qurumları hərəkətə keçməli, qeyd olunan məlumatların səhihliyi dəqiqləşdirilməli, günahkarlar müəyyən edilərək ciddi cəzalandırılmalıdır.

Mərdan Nəhmətov

Əldə olunan məlumatlardan biri Şamaxı Rayon İcra Hakimiyyətinin ərazi və yerli özünüidarəetmə şöbəsinin müdiri Mərdan Nəhmətovla bağlıdır. İddialara görə, adıçəkilən məmur rayonda əsas söz sahiblərindən biridir. İcra başçısının sağ əli olmaqla rayonda tikinti işlərinə, icra nümayəndələri və kənd bələdiyyə sədrlərinin təyinatına birbaşa nəzarət edir.

Redaksiyamıza daxil olan məlumatlarda vəzifə sahiblərinin adları və tutduqları vəzifəyə görə verdikləri rüşvətin siyahısı təqdim edilib.

Həmin siyahını təqdim edirik:

1 Mahmudov Asim Mirələm oğlu Adnalı kənd  icra nümayəndəsindən Çarhan kənd icra nümayəndəsi vəzifəsinə təyin olunub 18.000
2 Mahmudov Sarvan Məhəmmədəli oğlu Adnalı kənd icra nümayəndəsi müavinindən Adnalı kənd icra nümayəndəsi vəzifəsinə təyin olunub 10.000
3 Həsənov İlyas Bayram oğlu Adnalı kəndi baş mühasib vəzifəsinə təyin olunub 5.000
4 Ağasiyev Vüqar İlqar oğlu Quşçu kənd icra nümayəndəsinin müavini vəzifəsindən Quşçu kənd icra nümayəndəsi vəzifəsinə təyin olunub 10.000
5 Bayramov Afyətdin Ağahəsən oğlu Quşçu kənd baş mühasib vəzifəsindən Quşçu kənd icra nümayəndəsinin müavini vəzifəsinə təyin olunub 8.000
6 İstrafilov Sofu Xubayar oğlu Quşçu kəndinə baş mühasib vəzifəsinə təyin olunub 5.000
7 İbrahimov Şıxlar Gülpaşa oğlu Birinci Çaylı kəndinə baş mühasib vəzifəsinə təyin olunub 5.000
8 Rəsulov İlyas Adil oğlu Cabanı kənd icra nümayəndəsinin müavini vəzifəsinə təyin olunub 8.000
9 Bəşirov Səməndər Ulduz oğlu Cabanı kənd icra nümayəndəsinin müavini vəzifəsindən Qonaqkən kənd icra nümayəndəsi vəzifəsinə təyin olunub 5.000
10 Əzizov Namizəd Şıxağa oğlu Sabir qəsəbəsi icra nümayəndəsinin müavini vəzifəsinə təyin olunub (qohumdu 5.000
11 Cəbrayılov Tural Sahib oğlu Məlhəm kənd icra nümayəndəsinin müavini vəzifəsindən Mərzəndiyə kənd icra nümayəndəsi vəzifəsinə təyin olunub 10.000
12 Feyzullayev Arif Qərib oğlu Kələxana kənd icra nümayəndəsi vəzifəsindən Mədrəsə qəsəbəsi icra nümayəndəsi vəzifəsinə təyin olunub (qohumudu) 5.000
13 Mustafayev Xamis Xanmusa oğlu Şərədil kənd icra nümayəndəsinin müavini vəzifəsindən Şərədil kənd icra nümayəndəsi vəzifəsinə təyin olunub 5.000
14 Ədilov Şəmsi Hafiz oğlu Bağırlı kəndinə baş mühasib vəzifəsinə təyin olunub 5.000
15 Abdulrazaqov Fuad Rafiq oğlu Muğanlı kənd icra nümayəndəsi vəzifəsindən Məlhəm kənd icra nümayəndəsi vəzifəsinə təyin olunub 20.000
16 Məmmədov Mehman Ataş oğlu Kələxana kənd icra nümayəndəsi vəzifəsinə təyin olunub 10.000

O da bildirilir ki, hər bir icra nümayəndəsinə şöbə müdiri tərəfindən motorola telefonları paylanıb və aylıq onlardan 20 manat pul toplanır. Maraqlıdır, görəsən, yerli məmurlara ayrı-ayrılıqda belə telefonların paylanması nəyə xidmət edir?

Uzun illər saxta diplomla Qobustan rayon hərbi komissarı işlədiyi iddia edilən Mərdan Nəhmətov, görünür, kimlər üçünsə əsl “fərasət dağarcığıdır”. Ona görə də Mərdan müəllimi rayonda “daşdan da pul çıxarır” deyib hər işdə “irəli verirlər”.

“Daş” dedim yadıma Nəhmətovların ailə məzarlığı düşdü. Deyilənə görə, şöbə müdiri rayonun təmiri zamanı alınan və ya sökülən daş üzlükləri doğmalarının qəbir daşlarına vurdurmağa cəhd edib, amma qarşısı qismən də olsa, alınıb. Bu da əlahəzrət faktlar.

Qeyd edildiyi kimi, torpaq və tikinti icazələrinə birbaşa Nəhmətov özü nəzarət edir. Şamaxıda bir sıra bahalı yerlərdə torpaq və villalara, obyektlərə sahib olduğu barədə konkret fotoşəkillər və sənədlər var. Bu adam o qədər harınlayıb ki, Heydər Əliyev prospektindəki evinin yanında obyektlər tikməklə yolu qanunsuz olaraq tamamilə bağlayıb. Adam insanların gözünün odunu elə alıb ki, hətta şəhərin mərkəzindəki villasının yanından belə rahat hərəkət etmək iqtidarında deyillər. Evinin qabaq tərəfində yolun üstündə tikdirdiyi kafe, market, moyka, dönərxana sakinlərin hərəkətini çətinləşdirib. Daha doğrusu, Nəhmətov özü hərəkəti məhdudlaşdırmaq üçün qadağa qoyub, üstəlik, yolun ortasına bir boru da basdırıb.

Sakinlər bildirirlər ki, dəfələrlə şikayət etmələrinə baxmayaraq, bununla bağlı heç bir tədbir görülmür.

Şamaxıda məmur özbaşınalığı o həddədir ki, Mərdan Nəhmətov kənd təsərrüfatı təyinatlı torpaq sahəsində özünə villa da tikdirib. Görünən odur ki, şöbə müdirinin iştahı ona o qədər güc gəlib ki, dövlət başçısının fikirlərinə belə önəm vermək haqqında heç nə düşünə bilmir. Xatırladaq ki, Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə məmurlara bildirib ki, “Ətraf mühitə böyük ziyan vurulur, qanunsuz işlər görülür, torpaqlar zəbt edilir, ağaclar kəsilir, yerində evlər tikilir, kənd təsərrüfatı təyinatlı torpaqlarda aidiyyəti olmayan obyektlər inşa edilir. Özbaşına heç kim heç bir iş görə bilməz. Qaydalar nədir, qanunlar nədir, hər kəs ona əməl etməlidir. Torpaqların zəbt edilməsi, meşə fondunun məhv edilməsi və digər xoşagəlməz hallar olmamalıdır. Yəni bu hallara dözümlülük sıfır dərəcəsində olmalıdır”.

Kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Nəhmətova məxsus ev

Keçmiş “voyenkom” rayonda “unikal idarəetməsi” və hegemonluğu ilə ad çıxarıb. Deyilənə görə, qəbuluna gələn vətəndaşların əksəriyyətini təhqir etməklə insident yaradır və qadın-kişi bilmədən onlardan özü polisə şikayət edir.

Şamaxı rayon Quşçu kənd sakini Alişan Zülfüqarovun dediklərindən:

“Oğlum, İkinci Qarabağ müharibəsi veteranı Zülfüqarov Seymur Alişan oğlu analığı ilə birlikdə dəfələrlə rayon icra hakimiyyətində olub, müvafiq işlə təmin olunmaqları barədə müraciət ediblər. Lakin bizə oradan dəfələrlə eşitdirirdilər ki, pul verməsən, mümkün deyil.  Son anda oğlum hərbiyə qayıtdı və MAXE kimi xidmətini davam etdirir. Dəfələrlə icra başçısı Tahir Məmmədovun qəbulunda da olmuşam. Bu yaxınlarda Mərdan Nəhmətov yoldaşımı qəbul edib, iki azyaşlı uşağının yanında nalayiq sözlərlə təhqir edib. Ona görə belə edir ki, bir də icra hakimiyyətinə şikayətə gəlməsin. Bir akt da yazdırıb ki, guya xanımım orada kimləri isə təhqir edib, hökumətimizi söyüb. Həmin aktı da göndərib polis idarəsinə. İcra hakimiyyətində digər işçilər də akta utanmazcasına qol çəkiblər.

Mən də yoldaşımı götürüb getdim Vüsal adlı təhqiqatçının yanına. Mənə dedi ki, yoldaşın xuliqanlıq edib. Soruşdum ki, bunun 3 azyaşlı uşağı var, görün, xuliqana oxşayır?

Polis idarəsindən dedilər ki, bəs qadın 70 manat cərimə edilməlidir. Dedim, həyat yoldaşım puldan, işdən ötrü gedib də qəbula. Bunun pulu hardandır? Yenə sağ olsunlar polislər, məsələni yoluna qoydular. Amma görünən odur ki, icra hakimiyyəti məmurlarının məqsədi bizi dövlətdən narazı salmaqdır. Hələ qəbula gələn başqa xanımları da 102-yə zəng etməklə qorxudur. Vətəndaş məmnunluğu budurmu? Bəs icra başçısı Tahir Məmmədov hara baxır? Cənab Prezidentdən xahiş edirik, bu özbaşınalıqlara son qoyulsun”.

Qeyd edək ki, bir neçə gün bundan öncə politoloq Cümşüd Nuriyev də “Reaksiya” TV-də bölgədəki vəziyyətlə bağlı sensasion açıqlama ilə çıxış edib. Həmin çıxışı olduğu kimi təqdim edirik:

“Azərbaycan hakimiyyəti daxilində öz mövqeyini və yığdığı pulları qorumaqdan ötrü çox güclü müxalifət formalaşdırılır. 5-ci kolon timsalında həm Rusiya, həm də İran tərəfindən. Mən bir araşdırmanın nəticəsini deyəcəm. Son günlərdə İran Çin taktikasını seçib, yəni “ilanı Seyid Əhməd əli ilə tutmaq”. Hal-hazırda İran molla sistemindən imtina edib. Qeyd edək ki, əvvəl bunlar “bozbaş mollalar”la təbliğata keçmişdilər. Amma indi bir az ağıllanıblar, başqa taktika seçiblər. İran Azərbaycanda vəsait ayrılan yerlərdə öz adamlarını yerləşdirir. Məndə konkret faktlar da var. Bu, Qarabağı çıxmaq şərtilə ən çox infrastrukturun formalaşdığı yerlərdir. Əsasən turizmin inkişafı ilə bağlı vəsait ayrılan bölgələrdə fəaliyyətə başlayıblar. Mən qısaca Şirvanda apardığım tədqiqatın nəticəsini deyə bilərəm: Şamaxı, Ağsu, Qobustan, İsmayıllı və Kürdəmir. Bu beş rayonda bütün infrastruktur bir adamın əlində cəmləşib.

Birmənalı şəkildə icra başçılarının elə özləri ondan qorxur. Çünki həmin icra başçıları üçün Bakıda ofislər, bahalı mülklər alınıb. Həmin icra başçıları bölgələrdə şəhid və qazi ailələrinə bir növ soyuq münasibətə başlayıblar. 8 Martda şəhid ailələrini qəbul edən icra başçılarının əksəriyyəti bu il nə bir şəhid anasını qəbul edib, nə də bayramını təbrik edib. Amma əvvəl bu ənənə olub. Novruz bayramında nə şəhid, nə də qazi ailələri icra başçıları tərəfindən ziyarət olunmayıb. Niyə görə? Çünki bunların arxasında İranın, Ocaq Necatın Azərbaycanda yerləşdirdiyi və ayrı-ayrı nazirliklərdə işləyən çox yüksək vəzifəli adamlar durur. Onlar hətta icra başçılarından gələn şikayətlərin qarşısını çox ustalıqla alırlar. Bu rayonda bütün infrastruktur layihələrinə rəhbərlik edən həmin adam bir rayona ayrılan 33 milyon pulu mənimsəyib və icra başçısına Bakıda 3 milyona bahalı ev alıb”.

(Ardı var)

KONKRET.az-ın ARAŞDIRMA QRUPU

P.S. Məsələ ilə bağlı icra hakimiyyətinə göndərdiyimiz sorğuya və dəfələrlə etdiyimiz zənglərə cavab verilmədi. Bütün hallarda qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. 

  • Ahmed Soltanov
    Mart 28, 2023 - 19:09

    Meqalede qeyd olynanlar hamisi heqiqeydir. Merdan icra bashcisi Tahir Memmedovun pul yigani be uze duranidir. Bir nefer de Bakida outrub Yaqub (Tahirin yaxin qohumudur). Bunlar her ikisi butun vezifelere pul alib teyin etdirirler. 3 il bundan evvel Shamaxlilari tehqir etdiyi ucun Yaqubu rayondan qovublar. Abadliq ishleri ucun Shamaxiya 35 milyon pul ayrilmishdi, Tahir Memmedov hemin vesaitin 70 faizin menimseyib alov qullelerinde dublex ev alib, villalar tikdirib, obyektler alib. Mashin salonu da var. rushvettden yigdigi pula istanbulda 4 otaqli menzil de alib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*