Azərbaycanın ərazilərini 30 il işğal altında saxlayan Ermənistan sülh prosesinin astanasında siyasi manipulyasiya ilə məşğuldur. Azərbaycanın təklif etdiyi 5 baza prinsipi ilə razılaşmayan düşmən ölkə bununla da müqavilənin bağlanmasını dalana dirəyir.
Eyni zamanda Ermənistandakı siyasi qüvvələr də sülh müqaviləsinin imzalanmasına qarşıdırlar. Onlar elə hesab edirlər ki, Ermənistan sülh müqaviləsinə imza atsa və tərəflər biri-birilərinin ərazi bütövlüyünü rəsmən tanısa, o zaman ermənilər Qarabağdan bir dəfəlik əllərini üzəcəklər. Əslində reallıq budur və ermənilər də bu reallığı qəbul etməlidirlər.
Sadəcə sülh müqaviləsinə imza atmaqla bu reallığı rəsmiləşdirmək qalır. Azərbaycan ərazilərinin işğalında iştirak edən, əli yüzlərlə azərbaycanlının qanına batan bəzi Qarabağ erməniləri də, İrəvanda oturub hakimiyyəti sülh müqaviləsindən çəkinməyə çağırır.
KONKRET.az xəbər verir ki, bunlardan biri də separatçıların liderlərindən biri Samvel Babayandır. Bu, həmin Babayandır ki, antiterror əməliyyatından sonra aradan çıxmağı bacarıb. İndi İrəvana sığınan Babayan sülh müqaviləsinin Ermənistana gətirəcəyi təhlükədən danışıb. Əslində Ermənistanda ictimai rəyə hesablanan bu cür bəyanatlar sülh müqaviləsinin bağlanmasına mane olur.
Babayan bildirib ki, Ermənistan sülh müqaviləsini elə rəsmiləşdirir ki, gələcək nəsillər 20-25 ildən sonra müharibəyə gedəcək. Onlar elə bilirlər ki, sülhə can atırlar, amma bu, sülh deyil, müharibədir, sadəcə olaraq gələcək nəslə qədər təxirə salınır.
Türkiyənin ərazi bütövlüyünü tanımağa çalışan Ermənistanın istənilən lideri satqın hesab olunur. Bu gün diaspor Türkiyənin ərazi bütövlüyünü tanıyan hakimiyyəti tamamilə rədd edir. Azərbaycanla da vəziyyət eynidir. Biz Qarabağa qayıtmaq üçün bütün vasitələrdən istifadəni gücləndirməliyik”.
Vəli Həsənov,
KONKRET.az