Şapoşnikov olmasaydı, Türkiyə Ermənistana müdaxilə edəcəkdi – Vaqarşak Arutyunyanbackend

Şapoşnikov olmasaydı, Türkiyə Ermənistana müdaxilə edəcəkdi – Vaqarşak Arutyunyan

Qafqazdakı qlobal böhranın qarşısını ruslar alır –Arutyunyan KTMT-nin əhəmiyyətini dil-boğaza qoymadı

“Konkret” Beynəlxalq Araşdırmalar Qrupu son günlər Ermənistanda 5-ci kolonun fəallığını sezir. Ruspərəst qüvvələr demək olar ki, qərbyönümlü siyasətçiləri hədəf alır, onları antirusiya fəaliyyətinə görə ittiham edirlər. Xüsusən Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) mövcudluğu ilə bağlı qərbpərəstlərin mövqeyi vətənə xəyanət kimi qiymətləndirilir.

Rusiyanın Ermənistandakı səfirliyinin 102-ci baza haqqında rezonans doğuran bəyanatından sonra bu fəallaşma daha aktiv mərhələyə qədəm qoyub. Artıq Ermənistanın Rusiya yönümlü saytları ekspertlərin açıqlamalarını, bu tipli təhlilləri həvəslə verirlər.

Onlardan biri də Ermənistanın sabiq müdafiə naziri Vaqarşak Arutyunyanın açıqlamasıdır. Sabiq nazir hesab edir ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü Cənubi Qafqaz regionunda sabitliyin bərqərar olmasına və qlobal böhranların qarşısını alıb. Bundan əlavə, bu illər ərzində KTMT-nin tərkibində dörd minə yaxın erməni zabit yenidən hazırlanıb ki, bu da ölkənin Silahlı Qüvvələrinin döyüş effektivliyini xeyli artırıb. O, bunu “KTMT-nin regional təhlükəsizliyin təmin edilməsində rolu” mövzusunda dəyirmi masa zamanı bəyan edib.

Onun sözlərinə görə, Ermənistanda yerləşdirilən Rusiya hərbi bazasının potensialının artması, Ermənistana son səfəri zamanı Rusiya Müdafiə naziri Sergey Şoyqu mühüm açıqlamaları regional təhlükəsizlik üçün təhdidləri neytrallaşdırmaq məqsədi daşıyır.

Harutyunyan KTMT tərəfindən Ermənistan üçün təhlükəsizliyin təmin olunmasının bir nümunəsi olaraq, 1993-cü ildə Qarabağ münaqişəsi zamanı yaranan vəziyyəti xatırladıb. “Vəziyyətdən yararlanan Türkiyə Silahlı Qüvvələri Ermənistan sərhədlərinə xeyli qoşun yığdı və müdaxilənin başlandığını elan etdi. Ankara yalnız Yevgeni Şapoşnikovun hədə dolu xəbərdarlığından sonra müdaxilə planlarını dayandırdı. Rusiya Üçüncü Dünya Müharibəsinin başlayacağını deməklə Ermənistana nə qədər kömək etmişdi”.

Vaqarşak Arutyunyan xatırladıb ki, general Pavel Qraçev də oxşar bəyanat verib, lakin bir qədər fərqli formatda və “başqa kanallar vasitəsilə”.

“Müharibə təhdidi hələ də qalmaqdadır. Bunun bir elementi Ermənistan və Türkiyə sərhədlərinin blokadasıdır. Lakin Rusiya ilə müharibə təhlükəsi Rusiya tərəfində qalır, baxmayaraq ki, mən bu perspektivi mümkün hesab etmirəm”, – deyə Ermənistanın keçmiş müdafiə naziri qeyd edib.

Azərbaycanın KTMT müttəfiqləri tərəfindən Azərbaycana silah satılması məsələsinə də toxunaraq vurğulayıb ki, bu, olduqca ciddi problemdir:

“Düşünürəm ki, bu ciddi problemdir, çünki KTMT-yə üzv ölkələrin Kollektiv Təhlükəsizliyi haqqında danışarkən Ermənistana qarşı təhdidi təşkilatın bütün üzvləri üçün təhdid kimi başa düşməliyik”. Arutyunyan qeyd edib ki, silah satışı bütün hallarda tarazlığı pozur.

Qeyd edək ki, Ermənistan ən yüksək səviyyədə KTMT müttəfiqləri (Rusiya və Belarus) tərəfindən Azərbaycana silah satışının yolverilməz olduğunu dəfələrlə vurğulayıb. Ancaq bu sual bu günə qədər öz məntiqi həllini tapmayıb.

Qeyd edək ki, dəyirmi masa sabah İrəvanda başlayacaq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Parlament Assambleyasının on ikinci plenar iclası ilə üst-üstə düşür.

Fadil PAŞAYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*