Avropa İttifaqının prezidenti Şarl Mişelin Azərbaycanla bağlı müsahibəsi geniş əks-səda doğurub. Ermənistan mətbuatı Mişelin dediklərini kontekstdən çıxararaq, fərqli mövqedən şərh edib. Aİ prezidenti isə bildirib ki, Qarabağ ermənilərinin hüquqları Azərbaycan Konstitusiyası çərçivəsində təmin edilməlidir: “Biz hesab edirik ki, etnik ermənilərin geri qayıtmaq və ya heç olmasa Azərbaycanın bu bölgəsinə səfər etmək hüququ olmalıdır. Onların təhlükəsizliyi və hüquqları təmin edilməlidir. Azlıqların müdafiəsi ilə bağlı beynəlxalq standartlar var ki, Azərbaycan Konstitusiyasına uyğun olaraq onlara əməl edilməli, azlıqların hüquqları təmin olunmalıdır. Avropa İttifaqı bu məsələ ilə bağlı rəsmi Bakı ilə danışıqları davam etdirir”.
Şarl Mişelin müsahibəsinə münasibət bildirən hüquqşünas Orxan Amaşov KONKRET.az-a açıqlamasında deyib ki, Aİ prezidentinin fikirlərində Azərbaycanın mövqeyinə yaxınlaşma müşahidə olunur:
“Əsas məqam bundan ibarətdir ki, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində təmin olunmalıdır. Eyni zamanda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında təmin edilməlidir. Azərbaycan da həmişə bunu deyib.
Bu, bir az gec yaxınlaşmadı, çünki buna qədər açıq şəkildə belə demirdilər, buna yaxın ifadələr işlədilirdi. Amma son müsahibədə deyilənlər Azərbaycanın mövqeyinə daha da yaxınlaşmağın təzahürüdür. Bu, Azərbaycan Respublikasının Konstitusiyası və tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində həll olunmalıdır. Beynəlxalq standartlar deyəndə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən söhbət gedir. Prinsipcə burada qeyri-adi heç nə yoxdur. Amma Avropa İttifaqı çərçivəsində gedən prosesdə Qarabağ erməniləri ilə bağlı məsələnin qabardılması və bunun əsas müzakirə obyektinə çevrilməsi Bakı tərəfindən birmənalı qarşılanmayacaq.
Çünki Bakı üçün bu məsələ çoxdan bağlanıb. Bakı bildirib ki, istənilən şəxs geri qayıda bilər. Onlar üçün bütün imkanlar yaradılacaq. Bu baxımdan Azərbaycanın mövqeyi ilə Şarl Mişelin mövqeyi arasında ziddiyyət yoxdur. Qarabağ ermənilərilə bağlı məsələni müzakirə obyektinə çevirmək Aİ çərçivəsində gedən Brüssel prosesinə müsbət heç nə vəd etməyəcək”.
O.Amaşov onu da qeyd edib ki, Avropa İttifaqı Azərbaycan qanunvericiliyinə, yurisdiksiyasına, suverenliyinə hörmət çərçivəsində hansısa monitorinq missiyasının olmasında hələ də maraqlıdır. “Bunu Bakıya təlqin etməyə çalışırlar. Məsələ problemlidir və Bakı buna isti baxmır. Bilirsiniz ki, BMT-nin bir neçə günlük missiyası sentyabr hadisələrindən sonra Qarabağa gəlmişdi. Amma daimi monitorinq missiyasına biz razılıq verə bilmərik. Monitorinqlə bağlı məsələ erməni mətbuatı və digər siyasi ekspertlər tərəfindən səsləndirilib. Əgər Aİ bunu qabartsa, biz buna isti baxmayacağıq. Çünki Brüssel prosesinin bərpa olunması üçün bizim şərtlərə əməl edilməlidir”.
Vəli Həsənov,
KONKRET.az