“Ermənistan hazırkı vəziyyətə baş nazir Nikol Paşinyanın savadsız, populist və avantürist addımlarının nəticəsində düşüb”.
KONKRET.az xəbər verir ki, bunu erməni politoloq Eduard Şarmazanov deyib: “Paşinyanın etdiklərinin siyasətlə heç bir əlaqəsi yoxdur. Onun addımları siyasətdən uzaqdır”. Şarmazanov bildirib ki, “Qarabağ Ermənistandır” deyən Paşinyan bu gün keçmiş hakimiyyəti Qarabağı ondan əvvəl təhvil verməkdə ittiham edir. Bu ittihamların absurdluğunu təkcə Ermənistanda deyil, həm Qərbdə, həm də Rusiyada aydın görürlər.
Şarmazanov xatırladıb ki, Paşinyan açıq şəkildə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyan ilk erməni siyasətçidir: “Rusiya lideri açıq şəkildə bildirib ki, əvvəllər Qarabağın statusu danışıqlarda əsas məsələ idi, indi bu məsələ həll olunub, çünki Paşinyan Praqa görüşü zamanı Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb”.
Şarmazanov onu da qeyd edib ki, Paşinyanın bu məsələdə atdığı addımlar da siyasətdən uzaqdır. Onun fikrincə, Paşinyanın xarici oyunçulara münasibəti Ukrayna cəbhəsindəki vəziyyətdən asılı olaraq dəyişir: “Bu baxımdan Paşinyanın xarici siyasət kursu rusiyapərəst və ya qərbyönlü deyil. Paşinyan hakimiyyətə gəldikdən sonra ona qarşı heç bir addım atmayan yeganə xarici siyasi qütb Türkiyədir. Heç bir əks tədbir, Türkiyənin maraqlarına zidd hərəkətlər olmadı. İndi Nikol Ermənistanın deyil, Türkiyənin maraqlarına xidmət edir”.
Vəli Həsənov,
KONKRET.az