Ermənilər tərəfindən işğal edilən Rusiya kütləvi informasiya vasitələrində Azərbaycana qarşı aparılan böhtan dolu kampaniyalar yenidən geniş vüsət almaqdadır. Politoloq, Rusiya Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovskinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının erməni quldurları tərəfindən qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda ekofəallar və könüllülər tərəfindən keçirilən dinc aksiyanı güllələməyə çağırması isə böhtan kampaniyasının pik həddi sayıla bilər.
Mövzunu KONKRET.az-a şərh edən əməkdar jurnalist, ekspert Rəşad Nəsirov bildirib ki, Satanovskinin “Sülhməramlılar azərbaycanlılara atəş açmalı idilər” sözləri konkret olaraq separatizm və terrora çağırış kimi qiymətləndirilməlidir: “Azərbaycan hüquq mühafizə orqanları bu “politoloq”un bəyanatı ilə bağlı müəyyən ölçülər götürməli və Satanovski şeytan əməllərinə görə beynəlxalq axtarışa verilməlidir. Solovyov və Baqdasarovun “dudkası” ilə oynayan iblis Satanovski onsuz da qonşu dövlətlərə – Ukrayna, Polşa, Çexiya, Latviya, Litva, Estoniya, Qazaxıstan və Azərbaycana qarşı mənasız şərhləri və qeyri müəyyən proqnozları ilə ad çıxarıb.
Erməni havadarlarının pulu ilə Rusiya efirini zəbt edərək çoxmilyonlu tamaşaçı auditoriyasını çaş-baş salan Marqarita Simonyan, Tiqran Keosayan, Qevorq Mirzoyan, Sergey Kurginyan, Semyon Baqdasarov, Karen Şahnazarov və digər bu kimi erməni əsilli ekspertlər anlamalıdır ki, Qarabağ Azərbaycan torpağıdır”.
Rəşad Nəsirovun sözlərinə görə, Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlılarının vəzifəsi insanları qətlə yetirmək deyil: “Xalqımız erməni ordusu tərəfindən, Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda dinc əhaliyə qarşı törədilən soyqırımı unutmayıb. Bu, bizim qan yaddaşımızdır və rus ordusunu növbəti qətliama çağırışa görə Satanovski kimiləri bütün məsuliyyəti ilə cavab verməlidir.
Əlbəttə, belə məsələlərdə rəsmi Moskva, “bu, politoloqların öz şəxsi fikir və düşüncəsidir” cavabını verməklə kifayətlənir. Amma Kreml onu da nəzərə almalıdır ki, bu cür şeytan qəlbli insanlara meydan vermək olmaz. Çünki özlərini vətənpərvər kimi qələmə vermək istəyən bu xəstə düşüncəli insanların media vasitəsi ilə ekstremizm və separatizm dolu çağırışları birbaşa Rusiya hakimiyyətinə qarşı mənfi rəy formalaşdırır.
Müşviq Tofiqoğlu,
KONKRET.az