“Saxta ƏDV çeki ilə satdıqları xarab mala sahib çıxmırlar” – ŞİKAYƏT + EKSPERT RƏYİbackend

“Saxta ƏDV çeki ilə satdıqları xarab mala sahib çıxmırlar” - ŞİKAYƏT + EKSPERT RƏYİ

İstehlakçı aldığı kompüterdə yaranan problemin aradan qaldırılmaması, kompüterin satıcı şirkət tərəfindən dəyişdirilməməsindən narazıdır. O başına gələni belə təsvir edib:

“3100 manat nağd ödəniş edərək MSI markalı kompüter almışam. Kompüteri aldığım zaman zəmanət talonunu vermirdilər. Təkid etdikdən sonra verdilər. Talonda öncə imza və möhür yox idi. Daha sonra təkid edərək onu da həll etdirdim. Kompüteri almağımdan 1 ay keçməmiş problemlər çıxmağa başladı. Apardım, guya təmir edib geri verdilər. Yenə 1 ay keçdikdən sonra eyni problemlər yaşandı. Bu hadisə dəfələrlə təkrarlandı. Mən məhsulu avqustda almışam, bu proses isə yanvara qədər belə davam etdi. Sonucu dəfə təmirdən gətirəndən sonra ekranda qaralmalar oldu. Dəyişmə tələb etsəm də, dəyişmədilər. Dedilər ki, kompüterin xarab olduğunu sübut et, dəyişək. Azərbaycanda MSI-ın rəsmi distrübuteri olmadığından diaqnostika üçün digər məkanlara üz tutdum. Apardığım yerlərdə isə kompüterdə anormallıq olduğunu dedilər”.

İstehlakçı həmçinin satıcının ona saxta ƏDV çeki verdiyini iddia edir.

Bəs vətəndaşlar belə hallarla qarşılaşdıqda nə etməlidir?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablayan hüquqşünas Ramil Süleymanov bildirib ki, vətəndaşlar məhsulun dəyişdirilməsi və təmiri ilə bağlı mütəmadi olaraq bu kimi problemlərlə qarşılaşırlar:

“İstehlakçı ilə mal və xidmətləri təqdim edən şirkətlər arasında, şəxslər arasında münasibətlər “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun tənzimlənir. Şəxsin müraciəti “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun birinci maddəsində – mühüm qüsur hissəsində qeyd olunduğu kimidir. Mühüm qüsur malda onun məqsədli təyinatına uyğun olaraq istifadəsini qeyri-mümkün, yolverilməz edən hallar, qüsurlardır.

Bu qüsurlar məhsulu müqavilədə nəzərdə tutulduğundan başqa şəkilə salan, aradan qaldırması mümkün olmayan qüsurlardır. İstehlakçılara bununla bağlı mal və xidmətləri təqdim edən şəxs tərəfindən zəmanət talonu verildiyi halda həmin məhsullar keyfiyyətli şəkildə təmir olunmalı, o cümlədən problem aradan qaldırıla bilmədikdə isə onun yenisi ilə dəyişdirilməsi təmin olunmalıdır”.

Hüquqşünas qeyd edir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun tələblərinə uyğun olaraq malda qüsur aşkar edilərsə, bununla bağlı malın çeki, texniki pasportu, zəmanət talonu 14 gün ərzində mal  və xidmətləri təqdim edən şəxs və ya quruma təqdim edilməlidir.

“14 gün ərzində məhsulun dəyişdirilməsinə nail olmaq olar. Əgər məhsul istifadəçi tərəfindən pozularsa, məhsulun yeni kimi satılması mümkün olmazsa, zəmanət müddəti dövründə qüsurlu olan mal satıcı tərəfindən tam təmir olunur. Qüsur aradan qaldırılıb, istehlakçıya təqdim olunur. Məhsulun təmiri 1 ay və daha uzun müddət çəkərsə, bu müddət zəmanət talonunun müddəti üzərinə əlavə edilir. Yəni, bir illik zəmanət talonun müddəti 1 il 1 aya və s. uzadılır”.

Süleymanov həmçinin onu da vurğulayıb ki, məhsul mal və xidməti təqdim edən şəxs tərəfindən qəbul edilməzsə, istehlakçı hüquqlarının pozulması ilə əlaqədar həmin şəxsi məhkəməyə verə bilər.

Hüquqşünas istehlakçıda mal və xidməti təqdim edən şəxsin ƏDV ödəyicisi olub-olmaması ilə bağlı yaranan şübhələrin aradan qaldırılması üçün Dövlət Vergi Xidmətinə ərizə ilə müraciət etməsini tövsiyə edib:

“Ola bilər ki, satıcı ƏDV ödəyicisi kimi qeydiyyata alınmayıb. Vətəndaşda satıcının ƏDV ödəyicisi olub-olmaması ilə bağlı şübhələr yaranarsa, bunu dəqiqləşdirmək üçün Dövlət Vergi Xidmətinə müraciət edə bilər. Əgər satıcı ƏDV ödəyicisidirsə, vətəndaşa ƏDV çeki təqdim edilmədiyinə görə, Dövlət Vergi Xidməti tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbiri təqdim olunacaq”.

Aygün Mirakif

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*