Sayda kəskin azalma: Həyət evlərinin yüksək bahalaşması gözlənilirbackend

Sayda kəskin azalma: Həyət evlərinin yüksək bahalaşması gözlənilir

2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda ümumi sahəsi 1 milyon 349 min 574.8 kvadrat metr olan 10.282 yaşayış evi tikilib. Dövlət Statistika Komitəsinin hesabatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə tikilən evlərin sayı 14% və ya 1.664 ədəd azalıb. 2023-cü ilin müvafiq dövründə ölkədə ümumi sahəsi 1 milyon 397 min 930 kvadrat metr olan 11.946 ədəd yaşayış evi tikilib istifadəyə verilmişdi. 

Hesabat dövründə tikilib istifadəyə verilmiş binaların sayı 4.633 ədəd, fərdi yaşayış evlərinin sayı isə 7.313 ədəd təşkil edib.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, azalmanın başlıca səbəbi qanunvericiliyə artırılan məhdudiyyətlərdir:

“Digər tərəfdən, prosesə nəzarətin artırılması və gücləndirilməsi və s. önəmli faktorları qeyd etmək olar. İnsanlar artıq düşünür ki, əgər ev tikirəmsə, elə sənədli torpaqda tikim. Bu cür psixoloji faktorların da təsiri az deyil. Amma tikinti materialları və təmir avadanlıqlarının qiymətlərində müşahidə olunan qiymət artımını ciddi təsir saymıram. Çünki hazır tikilinin daxili təmiri daha çoxdur. Amma bunun tikinti tempinə təsiri o qədər də böyük deyil”.

Ekspertin fikrincə, daşınmaz əmlak bazarında təklif tələbi ödəmir:

“Əmlak bazarında ev və mənzil qıtlığı ilə bağlı defisit hər zaman olub. Bu tendensiya əvvəlki illərdə də müşahidə edilib. Hazırda bazardakı daşınmaz əmlaklar tələbatı ödəmir. Bu başqa bir mövzudur.

Sözsüz ki, hər il aparılan tikintilər tələbatın olduqca aşağısında qalır. Bu tendensiyanı hələ ki dəyişə bilməmişik. Doğrudur, adambaşına düşən mənzil göstəricilərində müəyyən artım var, amma bütövlükdə məskunlaşma ilə bağlı məsələlərə əhəmiyyətli təsir göstərə bilmir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*