Sayları getdikcə azalır – COP29 həll yolu tapmalıdırbackend

Sayları getdikcə azalır - COP29 həll yolu tapmalıdır

Məlum olduğu kimi, bu günlərdə Azərbaycan dünyanın ən böyük tədbirlərindən birinə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. Tədbirdə iqlimlə bağlı müxtəlif mövzular müzakirə edilir və problemdən çıxış yolları axtarılır.

İqlim dəyişiklikləri ilə bağlı ən narahatedici məqamlardan biri də nadir və yox olma təhlükəsi ilə üzləşən növlərin vəziyyətidir. COP29 dünya liderlərinin, alimlərin və fəalların bir araya gələrək canlı növlərinin yox olmasının qarşısını almaq üçün həll yolları tapması üçün mühüm platformadır.

İqlim dəyişikliyi ilə bioloji müxtəliflik arasındakı əlaqə bir-birinə sıx bağlıdır. Temperaturun artması, yağışların normadan artıq yağması, eyni zamanda quraqlıq, ümumən ekosistemdə dəyişikliklər bəzi növlərin gələcəyini təhlükə altına alır. Birləşmiş Millətlər Təşkilatının Bioloji Müxtəliflik və Ekosistem Xidmətləri üzrə Hökumətlərarası Elmi-Siyasi Platforması (IPBES) qeyd edir ki, 1 milyon növün mövcudluğu təhlükə altındadır, bir çoxu növbəti onilliklərdə yox olma riski ilə qarşı-qarşıyadır.

İqlim dəyişikliyi bioloji müxtəliflik üçün artıq mövcud olan təhdidləri daha da pisləşdirir. Temperaturun artması ilə bir çox növ yeni yaşayış yerlərinə köçməyə məcbur olur və uyğunlaşa bilmədikləri üçün məhv olurlar. İqlim problemlərini həll etməmək, növlərin dayanıqsız bir sürətlə yox olmasına səbəb olacaq ki, bu da ekosistem xidmətlərini təhdit altına alır.

Dünyada yox olma təhlükəsi ilə üz-üzə qalan bir neçə canlının adlarını təqdim edirik:

1. Amur Leoparı

Vəhşi təbiətdə 100-dən az fərdi qalan Amur leoparı məhv olma təhlükəsi ilə üz-üzə qalıb. İqlim dəyişikliyi, bu növün yaşadığı Rusiyanın uzaq Şərqində yüksələn temperatur və bitki örtüyünün dəyişməsi ilə onun yaşayış yerinə təsir göstərir.

2. Vaquita


Dünyanın ən təhlükə altında olan dəniz məməlisi olan vaquitaya Kaliforniya körfəzinin şimal hissəsində rast gəlinir. Təxminən 10 fərdi qalan bu növ qanunsuz ovlanır. İqlim dəyişikliyi həmçinin körfəz ekosistemini təsir edir, vaquitanın artıq zəif olan mövcudiyyətini daha da təhdid edir.

3. Dağ Qorilası


Dağ qorilalarının da gələcəyi təhdid altındadır. Temperatur artdıqca, bitki örtüyü və yaşayış yeri dəyişikliyi, dağ qorilalarının qida mənbələrini və yuva yerlərini təsir edir.

4. Sumatra Pələngi


İndoneziyada Sumatra pələngi kritik təhlükə altındadır və təbii mühitin məhv olması, həmçinin qlobal iqlim dəyişikliyinin səbəb olduğu yağış onun yaşayışına təsir edir.

Nəsli kəsilməkdə olan növlərin qorunması təkcə ayrı-ayrı heyvanları xilas etmək deyil, planetin ekoloji tarazlığını qorumaqdır. Odur ki, bu məsələ təkcə COP29 zamanı yox, ondan sonrakı dövrlərdə də aktual olmalıdır.

Məlik,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*