Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar namizədliyi qeydə alınmış şəxslərin seçkiqabağı təşviqat kampaniyası aktiv şəkildə davam edir. 125 dairə üzrə ölkənin bütün ərazilərini əhatə edən təşviqat kampaniyasında namizədlərlə yanaşı seçicilərin böyük fəallığı müşahidə olunur. Seçkiqabağı təşviqat kampaniyası Sumqayıt şəhərində də aktiv şəkildə davam etdirilir.
KONKRET.az xəbər verir ki, 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən deputatlığa namizəd Səbinə Salmanova seçicilərlə növbəti görüşünü keçirib. 100-lərlə seçicinin iştirak etdiyi görüş namizədin vəkillərinin çıxışı ilə başlayıb. Çıxış edən vəkillər namizədin keçdiyi həyat yolu, ictimai-siyasi sektorda uğurlu fəaliyyəti, onun Sumqayıt ilə bağlılığı haqqında seçicilərə ətraflı və geniş məlumat veriblər.
Bununla yanaşı 1 sentyabrda baş tutacaq növbədənkənar parlament seçkilərinin tarixi əhəmiyyətinə toxunulub. Qeyd olunub ki, Milli Məclisə seçkilər bu ilin fevralında keçirilmiş Prezident seçkilərindən sonra Azərbaycanın bütün legitim ərazilərində keçiriləcək ikinci seçki olacaq.
Daha sonra yeni formalaşacaq parlamentin daha uğurlu fəaliyyəti üçün Milli Məclisdə peşəkar kadrların təmsilçilik qazanmasının vacibliyi vurğulanıb. Bu məqam VII çağırış parlamentin işinin daha uğurlu olması üçün vacib şərtlərdən biri kimi qeyd olunub.
Tədbirin davamında çıxış edən seçicilər deputatlığa namizəd Səbinə Salmanovanın fəaliyyətini bəyəndiklərini, ona inandıqlarını bildirib. Çıxış edən seçicilərin “biz deputatı öz səsimiz kimi görürük” vurğusu isə Səbinə Salmanovaya olan inamın göstəricisi kimi qiymətləndirildi.
Seçicilərlə görüşdə deputatlığa namizəd Səbinə Salmanova çıxış edərək seçicilərdən ona ünvanlanan xoş sözlərə görə təşəkkür edib, onların etimadını doğruldacağını bildirib.
Deputatlığa namizəd eyni zamanda namizəd olduğu dairədə görüləcək işlərdən, platformasında nəzərdə tutulan təkliflərdən, gənclərlə bağlı həyata keçiriləcək layihələrdən danışıb. Namizədin çıxışı seçicilər tərəfindən bəyənilib və dəstəklənib.
Sonda 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən deputatlığa namizəd Səbinə Salmanova seçicilərin çoxsaylı suallarını cavablandırıb.