Seçkilərə yox, süngü və qana inanan diktator: FRANKObackend

Seçkilərə yox, süngü və qana inanan diktator: FRANKO

O, doğulanda İspaniya nəhəng dəniz imperatorluğu statusunu itirməsinin kədərini və bunu super güc Amerikaya uduzmasının qəzəbini yaşayırdı. Ölkə imperatorluq idarəçiliyindən qopmuşdu, özünə yeni üsulu axtarırdı. Məhz belə dövrdə yetişən Franko (əsl adı Fransisko Paulino Ermenegildo Teodulo Franko Baamonde) atası kimi donanmaya qoşulmağı arzulasa da, 1898-ci ildə İspaniya-Amerika müharibəsi nəticəsində İspaniya donanması məhv olmuşdu. Donanmada ixtisarlar gedirdi və 14 yaşındakı Franko quru qoşunlarına yazılmağı lazım bildi. Ölkədəki ən prestejli hərbi akademiyalardan birində üç il təhsil aldıqdan sonra baş leytenat kimi orduya yazıldı və iki il xidmət etdi. 1900-cü illərin ilk illəri idi. Xalq çökən imperatorluğa görə hökümətə etiraz edirdi. Hökümətsə keçmiş günlərə qayıtmaq üçün ən yaxın ərazilərə əl atdı: Mərakeşə. Onsuz da XV əsrdən etibarən bu ölkəylə bağlı imperailist arzuları var idi. Və həmin günlərdə Mərakeş karyera qurmaq istəyən ispan hərbiçisi üçün tək seçim idi. Franko Mərakeşdə ona tapşırılan əməliyyatlara qoşulanda 1912-ci il idi.

Mərmiyə qarşı qaçan adam

İyirmi yaşı olanda Mərakeşdə qazandığı uğura görə ölkəsinin ən yaxşı hərbi medallarından olan “la Kruz Militar”ı qazanmışdı. Hətta El Biurtzdakı döyüşlərdə qarnından ölümcül yaralanmasına rəğmən qısa zamanda sağalaraq təkrar əlinə silah almışdı. Ehtirası yarasını sağaldacaq qədər güclüydü. Bunun nəticəsində İspaniyanın şimalındakı Asturias qarnizonuna polkovnik olaraq döndü. Frankonun general rütbəsinə yüksəlməsi çox çəkmədi. Sürətli addımlarla hərbi iyerarxiyanı keçirdi. Saraqosadakı hərbi akademiyanın rəhbəri olanda hələ 36 yaşı var idi.İspaniya 1923-30-cu illər arasında 1923-cü ildəki çevrilişlə hakimiyyətə gələn, o zamankı kral XII Alfonsun da razılığını alan general Miguel de Rivera tərəfindən idarə olunmuşdu.

Kral tərəfindən baş nazir təyin olunan Rivera İspaniyanı dəmir yumruqla idarə etməyə başladı. Konstitutsiyanı ləğv etdi, fövqəladə vəziyyət elan etdi, kimsəyə nəfəs almağa imkan vermədən bütün siyasi partiyaların fəalliyətini dayandırdı. Lakin zülmü çox çəkmədi. 1930-cu ildə dəstəyini itirdikdən sonra vəzifədən çıxarıldı.

Onun istefasıyla kral 1931-ci ildə taxtdan enərək ölkəni tərk etdi. Və beləliklə İspaniya ikinci dəfə respublika rejiminə keçdi. Hər nə qədər monarxiya quruluşunu sevsə də Franko bu vəziyyətdə özünü kölgədə saxladı və gələcək hərbi karyerasını riskə atmaq istəmədi. Amma yenə də canını qurtara bilmədi. Monarxiyaya dəstək verən yüksəkçinli zabitlərdən uzaqlaşdırılaraq Madriddən kənarda fərqli vəzifələrə təyin edildi. 1933-cü ildə respublika böhrana girdi. Vəd etdikləri gerçəkləşmirdi. Respublikaçılarla sol qanad arasındakı ixtilaf ölkəni yeni seçkilərə apardı. Millətçilər hakimiyyətə gəldi.

Millətçi hökümətin ağır iş qaydalarına etiraz edən Asturiasdakı mədən işçiləri üsyan edəndə 1934-cü il idi. Üsyanı yatırtmaq üçün güc tətbiq etməyə çağrılan adamsa general Frankodan başqası deyildi. Əsgərləri üsyanı yatırdı. Öz xalqına qarşı amansızlıqla qazandığı bənzərsiz “uğur” onun baş qərargah rəisliyinə yolunu açdı.

Vətəndaş müharibəsinə doğru atılan addım…

1936-cı il seçkiləri yaxınlaşanda respublikaçılar və sol qanaddan olan fraksiyalar toplaşaraq Xalqçı cəbhəni yaratdı və hakimiyyətdə qalmağı bacardılar. General Franko təhlükəli insan hesab edilərək Kanar adalarına sadə bir vəzifəyə təyin edildi. Həmin ilin 17 iyulunda başlayan millətçi hərəkat İspaniyanı sarsıtdı.

Franko Kanar adalarının idarəçiliyini ələ aldıqdan sonra millətçilərin ələ keçirdiyi İspaniya tabeçiliyindəki Mərakeşə uçdu. Həmin günlərdə millətçilər ispan ordusu ilə birlikdə çevriliş planı hazırlamış, amma bu plan uğursuz olmuşdu. Bununla da İspaniyada vətəndaş müharibəsi başladı. Franko üçün səhnəyə çıxmaq zamanı gəlmişdi. 1936-cı ilin sentyabrında Franko Millətçi Ordunun rəhbəri oldu və dərhal özünü dövlət başçısı elan etdi. Vətəndaş müharibəsi rəsmi olaraq 1939-cu ilin 1 aprelində başa çatarkən İspaniyada yeni bir səhifə açılırdı: Franko diktatorluğu!

Franko diktatorluğa başlayır

Ölkədə vətəndaş müharibəsi bitmiş, amma iqtisadiyyat və siyasət çökmüşdü. Franko və tərəfdarları millətçilərin zəfərini amansız təbliğatla beyinlərə yeritmiş, qalib millətçilərlə məğlub respublikaçılar arasında siyasi bölünmə daha da dərinləşmişdi. Generalın müharibədən başı yaxşı çıxsa da iqtisadiyyat haqqında bunu deyə bilmərik. II Dünya Müharibəsi başlayandan sonra Franko Hitlerin tərəfini tutdu. Müharibədən öncə də alman liderlə aralarında sıx əlaqə var idi. Vətəndaş müharibəsi əsnasında Hitlerə aid Kondor birliyi Bask şəhəri olan Guernikada respublikaçıları bombardman etmiş, yüzlərlə ispanın ölümünə səbəb olmuşdu. Hakimiyyətə gəlmək üçün öz vətəndaşlarının başqa ölkənin silahlıları tərəfindən qətlə yetirilməsinə izn verən Franko bu cinayətinə görə heç zaman cəzalanmayacaqdı.


Hitlerlə Franko 1940-cı ildə İspaniyanın Nasist Almaniyasına dəstək verməsi üçün görüşsələr də Frankonun Hitlerə yardımı heç vaxt çatmadı. Onsuz da qoca qurd almanların məğlub olmağa başladığı 1943-cü ildə bitərəfliyini elan edərək müharibədən sonrakı hesablaşmadan canını qurtarmaq istəmişdi. Amma bu uğurlu olmadı. Müharibədən sonra Franko və İspaniya izolyasiya olundu.

Müttəfiqlər İspaniyaya sanksiyalar tətbiq etdilər. Ölkə iqtisadiyyatı bundan böyük zərbə aldı. Amma bu vəziyyət çox çəkmədi.

Soyuq müharibəylə ulduzu parlayan diktator

Soyuq müharibə ölkənin taleyini dəyişdirdi. SSRİ təhdidinə görə İspaniyanın boynundakı zəncirlər qoparıldı. Həmin dövrdə diktator olmaq önəmli deyildi. Önəmli olan hansı tərəfdə olmaq idi. Franko Amerika ilə ticarət və hərbi müqavilələr imzaladı. 1955-ci ildə İspaniya BMT-yə qəbul olundu. Həm Franko, həm də azad qərb kommunizmə nifrət edirdi. Artıq keçmiş düşmənçiliyi bir kənara qoyub irəliyə baxmalıydılar. Beləliklə, 60-cı illərdən etibarən ispanların iqtisadi vəziyyəti düzəlməyə başlayacaq, ispan möcüzəsi gerçəkləşəcəkdi. Franko özündən sonra şahzadə Juan de Borbonun İspaniya taxtında oturacağını bildirdi. Əslində isə 1947-ci ildə İspaniyanın monarxiya olduğunu elan etmişdi. Amma Karlosun adını dilinə alana kimi monarxik fəaliyyətin gələcəyini açıqlamamışdı. Özü iş başında olarkən, bir kralın ortada gəzməsi fikrinin yayılması heç də yaxşı hal kimi görünmürdü.
İspaniya ancaq Amerika ilə müqavilələrdən sonra xarici əlaqələrə başlaya bildi. 60-cı illərdən başlayan turizm inqilabı ölkənin özünə gəlməsi üçün önəmli rol oynayacaqdı. Amma ölkənin rahat nəfəs alması üçün diktatorun ölməsi lazım idi.
Hakimiyyətdə olduğu müddətdə Franko da digər diktatorlar kimi müxaliflərə meydan oxudu, həmkarlar ittifaqlarına ağız açmağa imkan vermədi. Bütün bu basqılarda hərbi polisin böyük rolu olmuşdu. 70-ci illərdə Franko yoxuşdan aşağı enməyə başlamışdı. 1973-cü ildə baş nazirə müəyyən səlahiyyətlər versə də özü dövlət başçısı və ordu komandanı olaraq qalmışdı. Baş nazir təyin etdiyi Luis Karrero Blanco onun heyranı idi. Franko özündən sonra İspaniyanın yad əllərə düşməyəcəyini düşünürdü ki, Blanco Madriddə Eta qruplaşması tərəfindən törədilən terror aksiyasında öldü. Bəzilərinin bildirdiyinə görə, Blankonun ölümü Frankonun səhhətinin pisləşməsinə səbəb oldu. Amma maraqlıdır ki, bu hadisə ölkənin demokratik gələcəyə yönəlməsində də önəmli pay sahibi olmuşdu. Blanconun xələfi, liberal siyasi islahatlar edəcəyi təminatıyla hakimiyyətə gələn Karlos Arias Navarro oldu. Franko 1975-ci ildə öldü. Ölümüylə birlikdə İspaniya təkrar dünyanın müzakirə mövzusuna çevrildi.

Ölkənin ipləri 22 noyabrda tac qoyan Xuan Xarlosun əlinə keçdi. 1978-ci ildə keçirilən referendumda diktatorun aldığı bütün səlahiyyətlər və haqlar geri qaytarıldı. Bask bölgəsi və Kataloniya təkrar muxtar vilayət oldu. 1986-cı ildə ölkənin Avropa İttifaqına qoşulmasıyla diktatorun yoldan çıxardığı ölkə, nəhayət, sakit limana lövbər atmış oldu.

Diktatorun ölümündən uzun müddət keçməsinə baxmayaraq ispanlar Frankoyla hesablaşmayıb. Adı bütün binalardan silinsə də ruhu ispanları hələ də narahat etməyə davam edir.

1939-75-ci illər arasında İspaniya Frankonun İspaniyası olaraq tanındı. Bəzi ispanlara görə onun ölkənin başına gəlmiş ən gözəl şey, digərlərinə görəsə təbii ki, ən pis şey idi.


İspaniya vətəndaş müharibəsi necə başladı?
1936-cı ildə bir qrup monarxiya tərəfdarı respublikaçı hökümətə qarşı çevriliş etdi. Ölkə respublikaçı solçular və millətçi monarxistlər olmaqla ikiyə bölündü. Millətçilərin lideri Franko oldu. Vətəndaş müharibəsi üç il davam etdi. 350 min insan öldü. Sevinən tərəf millətçilər oldu. Bu eyni zamanda dövlətlərarası ideoloji müharibə idi. Həm millətçilər, həm respublikaçılar xaricdən dəstək aldılar. Hər iki tərəfdən minlərlə əcnəbi dəstəkçi öldü. Hitler və Mussolini Frankonu, Stalinsə göndərdiyi yüzlərlə tank və təyyarəylə solçu respublikaçıları dəstəkləmişdi. Corc Oruel və Ernest Heminquey kimi qərbli ziyalılar da respublikaçılar tərəfində döyüşdü. Nəticədə udan Franko oldu. Diktatorluğunu elan etdi. Franko və tərəfdarlarının törətdikləri terrora ağ, respublikaçılarınkına isə qırmızı adı verilmişdi. Frankonun törətdiyi cinayətlərin yanında sönük qalsa da, respublikaçılar da 40 minlə 100 min arasında insanı qətlə yetirmişdi. Xüsusi qeyd edə bilərik ki, Franko düşmənlərinə söylədiklərini etmişdi: “öldürdüyünüz hər adamıma qarşılıq olaraq on adamınızı öldürəcəyəm.”
Vətəndaş müharibəsi əsnasında Franko özü kimi faşist olan Hitler və Mussolininin yardımlarını aldı. Bu dövr Frankonun «Ağ terror» olaraq tarixə keçən fəaliyyəti nəticəsində 200 minə yaxın dinc sakin həlak oldu.
***
Vətəndaş müharibəsindən qalib ayrılan Franko rəqiblərini təmizləməyə davam etdi. “Qırmızı” olduğu iddiasıyla minlərlə insan sorğu-sualsız edam edildi. Öz xalqını məhv etməkdə Stalin və Mao Frankonu kölgədə qoysa da generalın əməlləri özündən sonra gələn diktatorlara örnək olmuşdu.

Bəzilərinə görə o, xristian cəngavəri idi

Franko amentus idi. Bu yöndəki proqramları yerinə yetirdi. Eynilə Almaniyada olduğu kimi (ölkənin idxal etmədən özünü təmin etməsi) qatı əxlaq Frankonun təməl bazalarından olmuşdu. Bununla birlikdə Frankonun Hitlerdən fərqi də olmuşdu. Alman həmkarı dinə qarşı olduğu halda Franko xristianlığın cəngavəri kimiydi. Bu gün belə ona heyranlığını gizlətməyən ispanlar Frankonu milli dəyərlərin və dinin müdafiəçisi olaraq bağırlarına basarlar.Son heykəli dağıdılmadan diktatorlar ölməz

İspaniyada hökümət general Frankonun paytaxt Madriddəki son heykəlini ölümündən 30 il sonra, 2005-ci ildə yerindən götürdü. Diqqət çəkməsin deyə,  heykəl gecə saatlarında sökülmüş, hadisə əsnasında bir qrup Franko tərəfdarı ispan faşistlərinin marşı olan Cara Solu oxumuşdu. Ölümündən və İspaniyanın demokratiyaya keçidindən sonra ölkənin dörd bir yanındakı Franko heykəlləri və abidələri sökülməyə başlandı.

Franko klassik faşist diktator olmadı

“Rejimimiz süngülər və qanla yüksəlir, ikiüzlü seçkilərlə deyil”, – deyən Frankonun tam olaraq faşist diktator olduğunu söyləyə bilərikmi? Əslinə baxanda isə həm bəli, həm də yox. General faşizmin bəzi əsaslarını həyata keçirsə də bəzilərini gündəmə heç salmamışdı. Millətçi idi, keçmişlə qürur duyurdu, müxalifətə göz açdırmadan “birlik, bərabərlik” mahnıları oxuyurdu. Bununla birlikdə diqqət çəkən məqam onun digər faşist liderlər kimi hərbi sahəni böyütməməsi idi. Ona görə “İspaniya ispanlar üçündür” və digər şeylər fantaziyadan başqa şey deyil. Yaxın və uzaq torpaqlarda gözü olması üçün hər hansı səbəb görməmişdi. Franko Hitlerin mistik utopiyasına və üstün irq deyimlərinə fikir vermədi. Bəlkə də praqmatik olmağından irəli gəlirdi. Onun siyasəti İspaniyanı Almaniya və İtaliyanın fəlakətli taleyini yaşamaqdan xilas etdi. Belə deyə bilərik ki, Frankonun faşizmi hər mənada yarımçıq faşizm idi.

Tərcümə: Emin PİRİ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*