Yekaterinburqda iyunun 27-də vəhşicəsinə döyülərək öldürülən azərbaycanlı Ziyəddin və Hüseyn Səfərovların cənazələrinin təhvil verilməsi prosesinə başlanılıb.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğu cənazələrin Yekaterinburq Məhkəmə Tibbi ekspertiza bürosunun morqundan almasını həyata keçirir.
Hazırda cənazələrin təhvil alınması üçün sənədləşmə işləri aparılır.
***
Yekaterinburqda qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların nəşi bu gün Azərbaycana gətiriləcək.
KONKRET.az xəbər verir ki, bu barədə “Report”a onların qardaşı Seyfəddin Hüseynli məlumat verib.
Onun sözlərinə görə, təyyarənin bu gün saat 19:30-da Bakıya çatması gözlənilir.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.
Azərbaycanın Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.
Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.