Şəhid ailələrinin sosial təminatı və onların övladlarının hüquqları hər zaman cəmiyyətin diqqət mərkəzində olub. Fərqli dövrlərdə bu kateqoriyadan olan gənclərin hərbi xidmətə cəlb edilməsi ilə bağlı müxtəlif müzakirələr aparılıb. İctimaiyyət arasında belə bir fikir formalaşıb ki, Vətən uğrunda canını qurban verənlərin övladları dövlət tərəfindən daha geniş təminat və güzəştlərlə əhatə olunmalıdır. Bu baxımdan, şəhid ailələrinin övladlarının hərbi xidmətdən azad olunması məsələsi zaman-zaman gündəmə gəlir. Maraqlıdır, gələcəkdə, şəhid ailələrinin övladları hərbi xidmətdən azad oluna bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, bunun üçün qanunvericilikdə çağırışla bağlı bir sıra yeniliklərin edilməsinə ehtiyac var:
“Əvvəllər Azərbaycanda belə bir qanun var idi ki, şəhid ailələrinin övladları və evin tək oğulları hərbi xidmətə çağırılmırdılar. Çünki tək oğulların hərbi xidmətdə həyatını itirməsi o nəslin kökünün kəsilməsinə gətirib çıxarırdı. Bu gün isə kifayət qədər çağırışçı var və şəhid övladlarının hərbi xidmətdən azad olunması ordunun döyüş qabiliyyətinə mənfi təsir göstərməz”.
Ekspert əlavə edib ki, Qarabağ məsələsinin həll olunması fonunda bu mövzuya yenidən baxılması məqsədəuyğundur:
“Şəhid ailələrinin üzvləri artıq zamanında canı və qanı ilə Vətən qarşısında borcunu ödəyib. Ona görə də onların övladlarının hərbi xidmətdən azad olunması məsələsinin gələcəkdə müsbət həllini tapacağına inanıram. Hərbi xidmət zamanı çağırışçıların ailə vəziyyəti və sosial durumu da nəzərə alınmalıdır”.
Aynurə İsmayıl
KONKRET.az