“Şəhiddən maket düzəltməyin! Şəhid çox ali rütbədir!” – MÖVQEbackend

"Şəhiddən maket düzəltməyin! Şəhid çox ali rütbədir!" - MÖVQE

Şəhidlər baş tacımızdır. Bu fikri hər addımbaşı hamıdan eşidirik. Yəni Vətən uğrunda canından keçən oğullarımızın adını uca tutmaq hər birimizin mənəvi borcudur. Amma təəssüf ki, son dövrlər çoxlarının şəhidlərin adı üzərindən spekulyasiya hallarına da rast gəlirik. Daha dəqiq desək, guya onların xatirələrini əbədiləşdirmək adıyla özlərinin maddi maraqlarını güdənlərin ortaya atdıqları “ideyalar”ın şahidi oluruq. Şəhidlərimizin maketlərinin düzəldilməsi, ayrı-ayrı məclislərdə həmin maketlərlə müxtəlif məişət ayinlərinin nümayiş etdirilməsi halları hər gün daha çox vüsət alır. Ən acınacaqlısı isə odur ki, bütün bunlar get-gedə adət halına çevrilir. Və bu da haqlı olaraq cəmiyyətdə birmənalı qarşılanmır, şəhidlərin ruhuna hörmətsizlik kimi dəyərləndirilir.

Mövzu ilə bağlı KONKRET.az-a kəskin mövqeyini bildirən tanınmış jurnalist Jalə Mütəllimova hesab edir ki, bu, çox ağrılı bir məsələdir:

“Şəhidlər təkcə onların ailələrinin şəhidi deyil, həm də bu dövlətin, Vətənin, bizimdir. Mənə şəxsən çox ağır gəlir ki, şəhidimin – qardaşlarımın, övladlarımın maketləri karton və yaxud plastik material formasında qoltuqlarda gəzir. Biz ictimai rəy olaraq buna mütləq reaksiya verməliyik. Bunu edən ailələrə şəhidin rütbəsini anlatmaq, təkcə onların ölən övladı olmadığını başa salmaq lazımdır”.

J.Mütəllimova onu da bildirir ki, bütün bunlar həm dini, həm də insanlıq baxımından günahdır:

“O şəhidlər dövlətin, millətin, xalqın şərəfini, namusunu, yerə düşmüş papağını qaldırıb başına qoyan insanlardır. Şəhiddən maket düzəltməyin! Şəhid çox ali rütbədir!”.

Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun xanımı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə də belə halların yolverilməz olduğunu deyir:

“Açığı, belə halların kimlər tərəfindən və nə məqsədlə ortaya atıldığını tam anlamaq olmur. Düzdü, bəzi şəhid ailələri üçün övladlarının maketləri təsəlli mənbəyi kimi qəbul edilir. Lakin məsələnin mahiyyətinə varanda, bu, çox da ürəkaçan mənzərə deyil. Əslində biz şəhidlərimizi yeni nəsillərə bu şəkildə yox, onlar barəsində yazılar, kitablar, filmlər ərsəyə gətirməklə, qəhrəmanlıqlarından bəhs etməklə tanıtmalıyıq. Biz şəhid ailələri ilə görüşlərimizdə mütəmadi olaraq bu məsələyə toxunur, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi yollarını göstəririk. Hesab edirəm ki, bu məsələdə ictimai qınaq böyük olmalıdır. Və düşünmürəm ki, bu, uzun müddət belə davam edəcək”.

“Ümid” partiyasının sədri İqbal Ağazadə isə hesab edir ki, hər kəsə öz əzizini, qəhrəmanını xatırlamaq necə xoşdursa, qoy, elə də etsin: “Hesab etmirəm ki, bu məsələdə qadağalar qoymaq, sərhədlər çəkmək yaxşı nümunədir. Bu günlərdə mən də sosial şəbəkələrdə bir qızın öz şəhid qardaşının maketi ilə rəqs etməsinə rast gəldim. Ona elə xoşdur, qardaşının xatirəsini o cür əziz hesab edir, o cür yada salır. Biz ona deyəcəyik ki, belə eləmə? Niyə? O maketi şəhid ailəsi özü istəməsə, düzəltməzlər. Amma təbii ki, bunun ətrafında elə yaxınlar, doğmalar, ayrı-ayrı ictimai təşkilatlar tərəfindən spekulyasiyalar da var”.

Partiya lideri onu da əlavə edir ki, bununla bağlı cəmiyyət maarifləndirilməlidir: “İzah olunmalıdır ki, bu, ciddi bir şey deyil. Amma qadağalarla yox, cəmiyyəti nümunələrlə tərbiyə etmək lazımdır. Bunlar tədricən aradan qaldırılmalıdır”.

İlahiyyatçı Ağa Hacıbəyli də hesab edir ki, biz şəhidlərimizin dastanlaşan qəhrəmanlıq tarixlərini fərqli bir şəkildə yaşatmalıyıq: “Təbii ki, şəhadət bizim ali dəyərimizdar. Şəhidlərimiz başımızın tacı, millətimizin üzünü ağardan, gerçəkdən bizim cəmiyyətdə, dünyada hörmət-izzətimizi qaldıran zatlardır. Dinimiz nöqteyi-nəzərdən təbii ki, şəhidlər qüdsi bir yolun yolçularıdır, Rəhmanın mehmanlarıdır. Onlar bu dünyada da Allahın rizasını qazanıb, inşallah, cənnətdə də şəfaət əhli olaraq tanınacaq, bilinir və bilinməkdədirlər. Ona görə də yeni nəsilin onlara münasibəti düzgün tənzimlənməlidir. Yəni şəhidlərimizin əziz xatirəsini yad etdiyimiz zaman hər hansı nöqsana yol verməməliyik. Bəzən sosial şəbəkələrdə ucuz məclislərdə primitiv təqdimatların şahidi oluruq. İnsanlar öz sevgilərini necə ifadə edəcəklərini belə bilmirlər, şəhidlərimizi nöqsanlı şəkildə təmsil edirlər”.

Ağa Hacıbəyli əlavə edir ki, bütün bunları nəzərə alaraq, ictimai baxımdan hər birimiz bir vətəndaş olaraq xalqımızın igidlərini, qəhrəmanlarını daha layiqli şəkildə təmsil etməliyik: “Yaxşı olar ki, övladlarımıza onların adları qoyulsun, küçələrimizə, məktəblərə adları verilsin, onların xatirəsinə həsr edilmiş müsabiqələr, konfranslar təşkil olunsun. Gerçəkdən şəhidlərimizlə bağlı yüzlərlə gözəl iş görmək, onları gündəmə gətirmək olar. Onların dastanlaşan tarixlərini biz fərqli bir şəkildə yaşatmalıyıq və yaşatmaq haqqını bizə özləri veriblər”.

Sevinc Paşayeva,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*