ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi elçisi Tomas Barak bildirib ki, Vaşinqton Suriyada səkkiz hərbi bazadan yalnız birini saxlamaq niyyətindədir.
KONKRET.az xəbər verir ki, bu barədə Amerika mətbuatı məlumat yayıb.
“Səkkiz hərbi bazadan yalnız biri qalacaq”, – diplomat bildirib.
Barak izah edib ki, ABŞ-ın Suriya ilə bağlı uzun onilliklər ərzində apardığı siyasət “işləmədiyi üçün” dəyişəcək. O, Suriya Demokratik Qüvvələrinin Vaşinqton üçün müttəfiq olaraq qalacağına əminliyini bildirib və regional tərəfdaşların Suriya üçün yeni təhlükəsizlik sisteminin formalaşmasında iştirak edəcəyinə ümidvar olduğunu deyib.
Fox News-un məlumatına görə, ABŞ Suriyada olan 2000 hərbçidən 500-ü artıq geri çəkib.
Ötən həftə Dövlət Departamentinin sözçüsü Maykl Mitçel bildirib ki, ABŞ hələlik Suriyadan bütün qoşunlarını çıxarmağı planlaşdırmır. O, ABŞ-ın Dəməşqlə münasibətlərdə yeni mərhələyə başlamaq istədiyini qeyd edib və ABŞ-ın Suriya üzrə nümayəndəsinin Dəməşqə gəlişini “tarixi gün” adlandırıb.
Mənbələrə görə, 60 gündən sonra Amerika komandanlığı azalmanın davam edib-etməyəcəyini qiymətləndirəcək. Rəsmilərdən birinin sözlərinə görə, Amerika komandanlığı Suriyadan ən azı 500 amerikalı hərbçini çıxartmağı məsləhət görüb.
Müşviq Tofiqoğlu
KONKRET.az