“Səməndər Rzayev “Azərbaycanfilm” kinostudiyasının dəhlizinə çıxıb gur səslə hamıya səsləndi: “Bu xanıma artıq-əskik söz deyən, ya xətrinə dəyən qarşısında məni görəcək”.
Kinostudiyanın keçmiş əməkdaşı Kifayət Əliyeva KONKRET.az-a müsahibəsinə dahi sənətkar Səməndər Rzayevin adıyla başlayıb.
Ömrünün 20 ildən çoxunu teatr səhnəsində keçirmiş, “Tomris” obrazını ilk dəfə səhnədə canlandıran aktrisa bir-birindən maraqlı xatirələri ilə oxucularımızın görüşünə gəlib…
– Kifayət xanım, peşəkar aktrisa kimi vaxtilə görkəmli sənətkarlarla bir səhnəni bölüşmüsünüz. Amma razılaşın ki, tamaşaçıların ayaq üstə alqışladığı Kifayət Əliyevanın adı bu gün kimsənin yadına düşmür…
– Danışılası o qədər söhbət, xatirə var ki… Öncə onu deyim ki, çoxlarından fərqli olaraq mən ali təhsilli aktrisayam, İncəsənət İnstitutunu bitirmişəm. Yaxşı yadımdadır, ora qəbul zamanı qabiliyyət imtahanı vardı. Şeir söyləyib, mahnı oxuyub, etüd göstərməliydik. Açığı, o vaxt etüd haqqında anlayışım yox idi. Rəhmətlik Arif Quliyev də Mingəçevirdə yaşayırdı və onunla eyni vaxtda instituta qəbul olunmuşuq. İmtahan ərəfəsi soruşdu ki, etüd hazırlamısanmı? Cavab verdim ki, yox, anlayışım da yoxdur. Çox sağ olsun Arif Qyliyev, tələm-tələsik etüd düşünüb məni imtahana hazırladı və sayəsində ali məktəbə qəbul olundum. İmtahan götürənlər də görkəmli sənətkarlar Adil İsgəndərov və Rza Təhmasib idi. İnstitut dönəmində onlardan dərs aldım.
Təhsil ocağımızın yanında tədris teatrı vardı, ora Adil İsgəndərov rəhbərlik edirdi. Bir gün mənə dedi ki, “Qara qız, tamaşa hazırlayıram, xoşuma gəlirsən, səni də o tamaşada görmək istəyirəm. Gözlərində nəsə qeyri-adi bir şey görürəm, diqqətimi çəkir. Mütləq gəl, bizə qatıl”. O zaman onuncu sinfi yenicə bitirmişdim, tərəddüd etdim. Amma etiraf edim ki, o təklifi qəbul etmədiyim üçün sonradan çox peşmançılıq hissi keçirdim.
İnstitutu bitirəndən sonra isə konservatoriyada təhsil alan rəfiqəmlə birgə Lənkəran şəhərinə təyinat aldıq. Amma bu istəyim də baş tutmadı. Mingəçevir Dövlət Dram Teatrından gəlib İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” tamaşasında Şahnaz rolunda oynamağı təklif etdilər. İlyas Əfəndiyev yaradıcılığının vurğunu olduğum üçün təklifi qəbul etdim və beləcə yaradıcılığımın Mingəçevir səhifəsinin təməli qoyuldu. Tanınmış rejissor, xalq artisti Zülfüqar Abbasovun quruluş verdiyi bu əsər çox böyük uğurla Bakıda nümayiş olundu və ikinci yerə layiq görüldü, mükafatlandırıldıq. Bundan sonra görkəmli sənətkarımız İsmayıl Dağıstanlı Mingəçevirə gəldi və bu tamaşada biz onunla tərəfmüqabili olub bir səhnəni bölüşdük.
– Çoxları bilməsə də, Azərbaycan teatrı tarixində bir ilkə imza atmısınız. “Tomris” obrazını yaradan ilk aktrisasınız…
– Açığı, bu rola görə çox başım ağrıdı. Füzuli Sərkərov adlı gənc rejissor vardı. İnstitut illərindən tanış idik. Mingəçevir teatrı bizi daha da yaxınlaşdırdı. O ölkədə ilk dəfə olaraq Oqtay Məmmədovun “Tomris” əsərini tamaşaya qoyurdu. Mənə Tomrisi oynamağı təklif etdi. Elə narahatlıqlarım da bundan sonra başladı. Şəhər partiya komitəsindən tutmuş, nazirlik əməkdaşlarına qədər hər kəs mənə bu roldan imtina etməyim üçün təzyiq edib dilə tuturdu. “Hələ gəncsən, gələcəyin qabaqdadır. Bu rol sənlik deyil, boyun da bir az kiçikdir, Tomris obrazına uyğun deyil”, – deyirdilər. Amma inadımdan dönmədim. Əslində onların israrının səbəbi bu rolu mənim deyil, Nisə Rzayevanın oynamasını istəmələri idi. Baxmayaraq ki, şəhər teatrının yeganə ali təhsilli aktyoru mən idim. Haşiyəyə çıxaraq deyim ki, indi də şəhər teatrında ali təhsilli aktrisalar yoxdur. Nə isə…
Sonda Tomris obrazına damğamı vurdum… Çətin olsa da. Tamaşada Tomrisin oğlunun ölüm səhnəsi vardı. İnanın, o anı sözün əsl mənasında yaşamağıma təsadüfən baş verən bir faciəvi hadisə səbəb oldu. Şəhərin sağ sahil hissəsində bacımgilin evinin yaxınlığında 8 yaşlı oğlan uşağı 5-ci mərtəbədən yerə yıxılıb ölmüşdü. Ananın çığırtısı və fəryadı uzun müddət hafizəmdən silinmədi. Elə o fəryad da Tomrisin oğlunun ölümü səhnəsini daha canlı ifa etməyə səbəb oldu. Tamaşa o qədər maraq doğurdu ki, teatrın zalında tərpənməyə yer yox idi. Əlavə stullar qoyulmuşdu, orada da yer tapa bilməyənlər zalın divarlarına söykənib baxırdılar.
Məlumat üçün deyim ki, illər sonra Tomris obrazını Bakı Bələdiyyə Teatrında oynamaq şansı xalq artisti Amalya Pənahovaya nəsib oldu.
– Tomris roluna dəvət olunarkən çox böyük haqsızlıqla üzləşdiyinizi dediniz. Bəs sonrakı dönəmlərdə neçə, belə münasibətlər davam etdimi?
– Sonralar da uğurlu karyeram davam etdi. Tanınmış rejissor Vaqif Ağayev teatra gəldi. “Toy” tamaşasını səhnələşdirərkən atası, xalq artisti Əliağa Ağayevi dəvət edib Kərəmov obrazını ona həvalə etdi, kolxoz sədri Zinyəti isə mənə. Beləcə məşhur aktyorla tərəfmüqabili olduq.
Amma həmin dönəmlərdə də mənə qarşı haqsızlıqların ardı-arası kəsilmirdi. Azərbaycan teatrında gənc aktyorlara bəslənən qısqaclığı və haqsızlığı çox görmüşəm və unuda bilmirəm. Unutmağım da mümkün deyil. Elə bu kimi səbəblər gətirib ona çıxardı ki, teatrdan uzaqlaşmağa qərar verdim. Öz iradəmlə teatrı tərk etdim. Amma az keçmədi ki, çətinlik qarşısında qalan yaradıcı heyət dalımca “elçi göndərdi”. Ulu öndər Heydər Əliyev Şeyx Şamilin yubileyinin keçirilməsi barədə sərəncam vermişdi. Opera və Balet Teatrında keçiriləcək yekun tədbirdə “Şeyx Şamil” tamaşasının da bir hissəsi nümayiş olunmalı idi. Bu əsər də qismətdən vaxtilə Mingəçevir teatrında səhnələşdirilmişdi və mən baş rollardan birinin ifaçısı olmuşdum. Açığı, valideynlərim bu “elçiliyə” razı deyildi. Amma mən bilirdim ki, o tamaşanı Heydər Əliyev də izləyəcək. Nə vaxtsa dahi şəxsiyyətin önündə bir tamaşa oynamaq xəyalım idi. Qismət olmuşkən imtina edə bilməzdim. Beləcə getdim, oynadım və alqışlar qazandıq.Tamaşadan sonra nazir Polad Bülbüloğlu yanımıza gəlib uğurlu tamaşaya görə Heydər Əliyevin adından təşəkkür etdi.
– Siz müəyyən müddət həm də “Azərbaycanfilm” kinostudiyasında da çalışmısınız. Bəs oradakı fəaliyyətiniz nə ilə əlamətdar olub?
– Çalışdığım hər bir ünvan yeni dostlar, təcrübələr qazandırıb mənə. Burada xüsusilə görkəmli sənətkarımız Səməndər Rzayevlə xatirələrim daha xoş və unudulmazdır deyərdim. Düzdür, teatrdan, tamaşalardan onunla müəyyən əlaqələrimiz vardı. Amma kinostudiyada bu münasibətlər daha da möhkəmləndi. Yadımdadır, təzə vaxtlar studiyanın dəhlizinə çıxıb gur səslə hamıya səsləndi: “Bu xanıma artıq-əskik söz deyib xətrinə dəyən olsa qarşısında məni görəcək”. Bir sözlə, yeni kollektivdə mənə arxa-dayaq oldu. Allah ona rəhmət eləsin! Çox ləyaqətli, şəxsiyyətli və hörmətli insan idi. Həm də yeyib-içən, şən adamıydı (gülür). İşə münasibəti də öz yerində…
Yadımdadır, “Kral Lir” əsərinin azərbaycancaya dublyaj prosesi gedirdi. Moskvadan qonaqlar gəlmişdi. İşlərin gedişi ilə tanış olmalı idilər. Səməndər Rzayevin də iş dəftəri evdə qalmışdı. İndiki kimi deyildi ki, kiməsə mesaj ata, ya da taksi xidməti sifariş edəsən, tez gətirib çatdıraydı. Ani qərar və doğru yanaşma tələb olunurdu. Səməndər müəllim həmkarlarına səslənib dedi ki, “tez mənə bir çappa araq təşkil edin”.Təşkil edib gətirdilər. Səməndər Rzayev arağı başına çəkib, işinin arxasına keçdi (gülür). İnanın, üzərinə düşən vəzifəni elə bir ustalıq və dəqiqliklə icra etdi ki, qonaqlar mat-məəttəl qaldı, ifasını alqışlarla qarşıladılar.
Müsahibəni hazırladı: Ehtiram Muradov