Xatırladaq ki, rusiyalı propaqandaçı Semyon Peqov Ukraynada “Ləçək” minasının partlaması nəticəsində yaralanıb və onun ayağını amputasiya ediblər.
KONKRET.az xəbər verir ki, II Qarabağ müharibəsində Kremlin İrəvan qibləli ruslarının tapşırığı ilə adıçəkilən Semyon özünü Simonyan kimi aparır və erməni cəfəngiyatını yayırdı.
Qarabağın yeni Semyonu
Rusiyanın istilası ilə uydurmalarını Ukraynada yaymağa keçən Semyon layiq olduğu reytinq partlayışını yaşadı. Burda deyiblər də, “yalan ayaq açar, amma yeriməz”. Onun axsaması informasiya savaşında Kremlin hay sütunlarını laxlada bilərdi. Di gəl ki, Moskva Qarabağa yeni sarılıq xəstəliyi buraxdı. Söhbət Rusiyanın “RBK” telekanalının jurnalisti İlya Doronovdan gedir. Belə ki, o Qarabağdakı qondarma rejimin “yeni naziri” Ruben Vardanyandan müsahibə alıb və sosial şəbəkələrdə separatçı ilə şəkil paylaşaraq intervünün anonsunu verib.
Xatırladım ki, İlya Doronov 44 günlük müharibə zamanı Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevdən müsahibə alıb. Bununla da jurnalist neytrallığı göstərərək o vaxtkı münaqişənin hər iki tərəfinin mövqeyini öyrənib. Onun indi etdiyi isə bir ölkənin ərazi bütövlüyünə hörmətsizlik, qondarma rejimin dəstəklənməsidir. Yəni bunun başqa adı yoxdur. Sadəcə, Doronov özbaşına deyil:
• Kreml özünün “səviyyəli” hesab etdiyi jurnalistlərinə informasiya savaşı əmri verib
• Kreml sülhməramlıların Laçın koridoru güzəştindən sui-istifadə edir
• Kreml “Arsax” təbliğatına başlayıbsa, orada “referendum” keçirilə bilər
• Kremlin Azərbaycan qanunvericiliyinə hörmətsizliyi Bakıya təzyiq, yaxud qıcıqlandırma metoduna da bənzəyir
Digər tərəfdən, Rusiya sülhməramlıların vaxtının uzadılmamasından narahatdır. Soçidə irəli sürdüyü şərtlərin elə masadaca qalması Putinin pisinə gəlib. Suallar yaranır ki, Azərbaycan bu özbaşınalığa niyə son vermir?
• 2020-nin 10 noyabrında imzalanan üçtərəfli bəyanatla Laçın koridoru 5 illik sülhməramlıların məsuliyyət zonası kimi təsdiqlənib
• Koridoru bağlamaq sülhməramlı kontingentdən imtina, ya da bəyanatın şərtlərinə yenidən baxılmaqdır
• Bu baş versə, bütün dünya Azərbaycanın beynəlxalq hüququ pozduğunu bağıracaq. Halbuki üçtərəfli sənədə Azərbaycandan başqa hörmət qoyan, əməl edən yoxdur. İrəvan da, Moskva da liderlərinin soyadları əks olunan bəyanata sayqı göstərmir, orada qeyd olunanları icra etmirlər
• Bakı sülhməramlılardan imtina etsə, Qarabağdakı ermənilər Azərbaycanı terrorda günahlandıraraq yeni “genosid”lər uyduracaqlar. Nəticədə Soros pul buraxdığı demokratları, Avropa İttifaqı da Makron qəbildən olan ermənipərəstləri üstümüzə qısqırdacaq
• Separatçılara rus pasportu paylayan Kreml Azərbaycanla imzalanan müttəfiqlik bəyannaməsini elə indiki kimi unudacaq
• Ermənistan KTMT sədri kimi zarıyacaq ki, “ermənilər Qarabağda mühasirədə qalıb”. Üçüncü ölkələrin Azərbaycana müdaxilə riskləri artacaq
• Şuşa bəyannaməsinə əsasən Türkiyə məsələyə qarışacaq
Bir sözlə, Cənubi Qafqaz qaynar nöqtəyə çevriləcək. Bununla da Putin ikinci insan qırğını zonası açdığı üçün masson təşəkkürü alacaq. Ukraynada bəzi güzəştlər qazanıb Qorbaçov kimi Nobel Sülh mükafatına bəzənəcək. Əlbəttə ki, bu yöndə tam fərqli şərhlər də gətirmək olar. Mövzu dərin təhlil tələb edir. Dayaz olan isə “RBK simalar”ından birinin Qarabağdakı qondarma rejimə gedib özünü hörmətdən salmasıdır. Ümumiyyətlə, Rusiya son dövrlər özünü hörmətdən salmaq sindromundan əziyyət çəkir.
Əlqərəz, Semyon Peqov Ukraynada minaya düşdü. Ümid edirik ki, İlya Doronov da PUA-dronov olar.
Anar Rəhimov,
KONKRET.az