“Onlar mərd babaları kimi Vətənimizin bütövlüyü naminə Ali Baş Komandan İlham Əliyevin hər bir əmrinə müntəzir olaraq doğma Qarabağımızın bütün yaşayış məntəqələrində qələbə bayrağı sancmağa hazırdırlar!”.
9 May faşizm üzərində qələbə münasibətilə II Dünya müharibəsində ağır döyüş yolu keçən Heybət Şikarov haqqında yazdığım məqaləni məhz bu sonluqla bitirmişdim.
Əslində isə həmin vaxt bu nəslin Nəcəf Şikarov adlı Vətənə sədaqətlə xidmət edən zabit oğlundan xəbərsiz idim. Baxmayaraq ki, yazdığım məqaləyə gələn şərhlərdə oxucu Zakir Binnətlinin belə bir rəyinə də rast gəlmişdim: “Çağdaş Azərbaycanın tarixini bu nəslin timsalında vərəqləmək mümkündür. Ölənlərə rəhmət, indiki nəslə isə bundan sonra da Vətənə sevgi və sədaqətlə xidmət etməyi arzulayıram. Hərçənd ki, elə də var!”.
Bəli… Çox keçmədi mən Vətən sevdalısı olan, düşmənə son nəfəsinə qədər qan udduraraq, şəhidlik zirvəsinə yüksələn kapitan Nəcəf Şikarovu da tanıdım.
Azərbaycanımın işğalda olan bütün torpaqlarını azad görmək arzusu ürəyində qalmayan şəhidimi… İki körpə balasını uğrunda canından keçdiyi Vətəninə əmanət edən zabitimi… Anasının doğum günündə üçrəngli bayrağına bürünmüş nəşini hədiyyə edən qeyrətli oğulu…
Tam da Şuşa qalası azad olunana qədər böyük bir döyüş yolu keçdi nur üzlü şəhidim… Vətən müharibəsində oktyabrın 9-da Ağcabədidə birgə döyüşdüyü əsgərləri deyir ki, o, bölük komandanı kimi olduqca vətənpərvər, millətini və torpağını sevən, mübariz bir zabit idi. Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə qərargah rəisi təyin olunaraq əsgərləri ilə çiyin-çiyinə vuruşdu. Mənfur düşmənin onlarca döyüşçüsünü məhv etdi. Öz əsgərlərinə igidlik, ərlik nümunəsi göstərdi. Sonuncu ermənini elə düşmənin səngərindəcə əlbəyaxa döyüşdə məhv etdi…
Nəcəf Şikarovu döyüşdən-döyüşə aparan Ali Baş Komandanın “İrəli!” əmrinə sədaqəti və doğma torpaqlarının azadlıq eşqi idi. O, özünün də ruh verdiyi Ordumuzun qüdrətinə güvənir, Vətən müharibəsindən zəfərlə çıxacağımıza sidq ürəklə inanırdı. Anasının 65 illiyi münasibətilə “Səni gör necə təbrik edəcəm, Ana!”, – deyəndə qələbə müjdəsi verəcəyinə əmin idi. Nəcəf Şikarov o müjdə ilə bərabər şəhadətilə bütün əzizlərini, doğmalarını, yaxınlarını – dəfninə gələn insan selini anasının, ailəsinin ətrafına topladı. Bu gün 15 yaşından etibarən hərbi formada oğlunu Vətən üçün yetişdirən ananın qüruru yerə-göyə sığmır. Çünki şəhadətə yüksələn oğlunun da xidmət etdiyi Ordumuz müzəffər oldu. 30 illik həsrətdən sonra xalqımız doğma torpaqlarına qovuşdu. Bu yolda yüzlərlə igid oğlumuz şəhid və qazi oldu. Özlərindən geriyə buraxdıqları isə Nəcəf Şikarov kimi mərdlik, mübarizlik, əzmkarlıq, fədakarlıq nümunəsi oldu.
Ruhun şad olsun, Şəhidim! Uğrunda canını verdiyin torpağına düşən bir damla qanının haqqını belə ödəyə bilməyəcək qədər acizik qarşında. Səninlə qürur duyur, xatirəni daim qəlbimizdə yaşadacağımıza söz veririk. Ruhun qarşısında təzim edirik. Haqqını bizə halal et!
Dərin ehtiramla, Sevinc Paşayeva
KONKRET.az