Macarıstanın xarici işlər naziri Peter Siyartonun Avropa İttifaqı (Aİ) daxilindəki məxfi müzakirələri mütəmadi olaraq Moskvaya sızdırdığına dair iddialar beynəlxalq gündəmi sarsıdıb. Bu barədə məlumatlar ABŞ-ın nüfuzlu nəşrlərindən olan “The Washington Post”un yaydığı araşdırmada yer alıb.
KONKRET.az xəbər verir ki, “The Washington Post” qəzeti yüksək rütbəli avropalı rəsmiyə istinadən Macarıstan XİN rəhbəri Peter Siyartonun Moskva ilə gizli əlaqələrini ifşa edib. İddiaya görə, Siyarto Avropa İttifaqının qapalı iclaslarının fasilələri zamanı rusiyalı həmkarı Sergey Lavrovla mütəmadi əlaqə saxlayaraq müzakirələrin gedişatı barədə ona ətraflı məlumat ötürüb.
Mənbə bildirir ki, bu zənglər zamanı Macarıstanın baş diplomatı iclasda qaldırılan mövzular, üzv ölkələrin mövqeləri və qəbul edilməsi planlaşdırılan qərarlar barədə ruslara “operativ hesabatlar” təqdim edib. Məhz bu gizli kontaktlar sayəsində Rusiya Federasiyası uzun illərdir ki, Avropa İttifaqının masa arxasındakı ən gizli danışıqlarından xəbərdar olub və faktiki olaraq həmin masada “görünməz şəkildə” iştirak edib.
Nəşr xatırladır ki, Ukraynadakı genişmiqyaslı müharibə başladıqdan sonra əksər Avropa ölkələri Moskva ilə əlaqələri kəssə də, Peter Siyarto ən azı 16 dəfə Rusiyaya səfər edib. O, bu səfərlər çərçivəsində təkcə Sergey Lavrovla deyil, həm də Rusiya Prezidenti Vladimir Putinlə görüşlər keçirib. Macarıstan tərəfi hələlik bu ağır ittihamlarla bağlı rəsmi açıqlama verməyib.
Natiq Səlim,
KONKRET.az
