İstər yayda, istərsə də qışda tətil planları qurarkən insanlar adətən bir-birinə “Harada ucuz və maraqlı tətil keçirə bilərəm” kimi suallar ünvanlayır. Onlara isə müxtəlif portal və jurnalların hazırladığı ilin ən ucuz və bahalı tətil məkanlarının siyahısı kömək edir. Çünki burada turistlər üçün münasib olacaq ölkələrin siyahısı yer alır.
Adme.ru portalı da “Bu il səyahət üçün 10 ucuz ölkə” adlı siyahı hazırlayıb. Reytinq cədvəlində Azərbaycan ilk üçlükdə qərarlaşıb. Bundan əlavə, siyahıda Gürcüstan, Serbiya, Tunis, Özbəkistan, Hindistan, Polşa, Misir və Qazaxıstan da var.
Ölkələr valyuta məzənnəsindən asılı olaraq, otel, taksi, qida, geyim qiymətlərinə uyğun olaraq bahalılıq və ucuzluq kriteriyalarına bölünür. Bu siyahılar turistlərə büdcələrinə uyğun ölkə, şəhər seçmələrinə imkan yaradır.
Bəs turistlər istirahət məkanı seçərkən əsasən nələrə diqqət etməlidir? Ucuz qiymət, təhlükəsizlik, yoxsa tarixi və mənzərəli yerlərin çoxluğu əsas meyar götürülməlidir?
Musavat.com ucuz tətilin yollarının siyahısını hazırlayıb.
Təyyarə biletlərini aylar öncədən alın
Əgər siz kiçik büdcə ilə rahat dincəlmək istəyirsinizsə, təyyarə biletini aylar öncədən alın. Çünki il ərzində hava yolları şirkətləri müxtəlif kampaniyalar təqdim edir. Yay tətili üçün qışdan bilet alsanız, büdcənizə böyük məbləğdə xeyir vermiş olacaqsınız. Məsələn, yayda İzmirə getməyi planlayırsınızsa, gediş-dönüş biletinizi qışda 130 manata əldə edəcəksinizsə, yayda bu qiymət iki qatı və daha çox olacaq.
Bundan başqa, internetdə araşdırma edərək hansı şirkətdən daha ucuz bilet əldə edəcəyinizi öyrənə bilərsiniz.
Gedəcəyiniz məkandakı otelləri müqayisə edin
Təyyarə biletlərinin qiyməti qədər otellərin də qiyməti fərqlidir. Siz araşdırma apararaq daha ucuz və sərfəli otel tapa bilərsiniz.
Otel üçün öncədən qeydiyyatdan keçin
Siz otel otağını aylar əvvəl rezervasiya etsəniz, büdcənizə böyük xeyir vermiş olarsınız. Əgər sayınız çoxdursa, uyğun qiymətə ev tutaraq tətilinizi artıq xərcsiz başa vura bilərsiniz.
Sayınız çoxdursa, avtomobil kirayə götürün
Əgər tətilə 4-5 nəfər gedəcəksinizsə, təyyarə biletləri sizin üçün bahalı gəlirsə, avtomobil kirayə götürərək yola çıxın. Təbii ki, avtomobil kirayə götürərkən onun benzinlə deyil, dizellə çalışdığına diqqət edin. Bu da sizin büdcənizə xeyir verəcək.
Tətilinizi mövsüm sonuna saxlayın
Tətil mövsümü büdcənizə uyğun deyilsə, tətili yayın sonuna saxlayın. “Sentyabrda dənizə girərlərmi” sualını verirsinizsə, cənub sahillərinə üz tuta bilərsiniz.
Bundan başqa, qışda xizək sezonunda tətil etmək baha başa gəlir. Ona görə də tətilinizi indidən planlamanız daha məqsəd uyğundur.
Tur paketlərini müqayisə edin
Hər şirkət tur paketini eyni qiymətə təqdim etmir. Məsələn, X firmasında Belqrada tur-paket 209 avrodursa, Y şirkətində 180 avrodur. Ona görə də tətil məkanınızı seçmisinizsə, kiçik araşdırma apararaq ucuz tur-paket əldə edə bilərsiniz. Dörd ulduzlu otel əvəzinə, 3 ulduzlu oteli seçsəniz, A deyil, B hava yolu şirkəti ilə uçsanız, mənfəət əldə edərsiniz.
Gedəcəyiniz ölkənin təhlükəli olub –olmamasına da diqqət edin
İstirahətə yollanacaqsanızsa, gedəcəyiniz ölkənin təhlükəsiz olmasına da diqqət edin. Məsələn, “Numbeo” servisinin tərtib etdiyi 2019-cu ilin ilk yarısı üzrə dünyanın ən təhlükəsiz ölkələri siyahısını hazırlayıb. Xidmətin ekspertləri dünyanın 123 ölkəsində və 328 şəhərindəki cinayətkarlıq səviyyəsini təhlil ediblər.
Qətər dünyanın ən təhlükəsiz ölkəsidir. Birləşmiş Ərəb Əmirlikləri ikinci, Yaponiya isə üçüncü sırada yer alıb. Azərbaycan bu reytinqdə 34-cü yeri tutub.
Həmçinin dünya şəhərləri üzrə də təhlükəsizlik reytinqi tərtib edilib. İlk üçlükdə Əbu-Dabi (BƏƏ), Doha (Qətər) və Kvebek (Kanada) yer alıb. Bakı dünyanın ən təhlükəsiz şəhərləri arasında 86-cı yeri tutub.
Dünyanın ən təhlükəli şəhərləri isə Karakas (Venesuela), Pitermaritsburq (Cənubi Afrika) və Port Morsbi (Papua Yeni Qvineya) hesab olunur.
Konkret.az