Brüsseldə Azərbaycanla Ermənistan arasında delimitasiya üzrə komissiyaların görüşünün keçirilməsi və dördüncü belə müzakirələrin tarixinin razılaşdırılması barədə bəhs etmişdik.
KONKRET.az olaraq bu dəfə müəyyən təzad yarada biləcək məsələlərə aydınlıq gətirmək istərdik. Çünki sərhədlərin müəyyənləşdirilməsi asan proses deyil. 30 illik işğal ərzində ermənilər sərhədi istədikləri qədər sürüşdürüblər. Laçındakı Qaragöl ətrafında mübahisələr də bunun təsdiqidir.
Elə hazırda ermənilərin post polemikaları, Azərbaycan ordusunun köhnə mövqelərinə qayıtması barədə İrəvanın əsassız tələbləri də bununla bağlıdır. Soçidəki danışıqların bir növ fiaskosu və sülhün Qərb müstəvisinə keçidi hamı kimi, mənim də ürəyimcədir. Di gəl ki, Brüssel formatı yeni başlayan zaman Moskva bunu dəstəkləyirdisə, indi Avropadakı Qarabağ prosesini “tormoz”lamağa çalışır. Çünki buna imkan verən alətlərə sahibdir:
1. Ermənistanın sərhəd mühafizəsi Rusiyanın nəzarətindədir:
Bu isə o deməkdir ki, ruslar sərhəddə çox maxinasiyaya qadirdirlər. Onlara bu işdə Robert Koçaryan, Serj Sarqsyan və Araik Arutyunyanın pullu, vəzifəli dəstəsi də yardımçı olacaq. Yoxsa bugünlərdə Koçaryan iddialı şəkildə Qarabağ məsələsinin hələ bitmədiyini deməz, Arutyunyan Qarabağ ermənilərinə referendum tələbi ilə mitinq keçirtməzdi. Yəni Kremlin qoruduğu erməni sərhədinin Avropada müzakirə olunması sabah ATƏT-in Tatatırstana müstəqillik tələb etməsi kimi qəlizdir. Ya da bu müzakirələrdə razılaşdırılmış məsələlər Moskva ilə də haqq-hesab edilməlidir. Amma Ermənistan dövlət sərhədlərini Rusiyanın qorumasından imtina etsə, hə, onda Brüssel diskussiyalarının icrası inandırıcılaşır. Kremlin mövqeyi isə daha da acılaşır.
2. Sərhədlərin delimitasiya və demarkasiya prosesində SSRİ xəritələrindən istifadə oluna bilər:
Sözügedən məsələ 44 günlük savaşı tamamlayan üçtərəfli bəyanatdan sonra aktuallaşdı. 2021-ci ildə Ermənistanla Azərbaycan sərhədlərinin 1975-ci il SSRİ xəritəsi ilə müəyyənləşdiriləcəyi xəbərləri yayılmışdı. Oktyabrın 6-da baş tutan Praqa görüşündən sonra isə 1991-in BMT sərhədləri əsas götürüldü. Bəlkə də buna görə, Putin Valdayda Aleksandr İskəndəryanın sualını cavablandırarkən bir daha SSRİ xəritələrindən söz açdı. Və bunu ermənilərə sərf edən formada – Qorbaçovun “Dağlıq Qarabağ Muxtar Vilayəti” siyasəti əsnasında etdi. Onu bilirəm ki, Kreml SSRİ xəritələrindən çox dəm vursa, Bakı Azərbaycan SSR-in 1920-ci il xəritəsi ilə onları yerinə oturda bilər. Həmin xəritədə Zəngəzur, Göyçə və Basarkeçər də Azərbaycan ərazisinə daxildir.
Rusun axırıncı kartı
– Ermənistandakı dəmiryol xəttinin bloklanması
– İrəvanda aksiyalar
– Gümrüdəki hərbi bazada insident
– Metsamor AES-də qəza
• Paşinyan Rusiyanın sərhəd mühafizəsindən imtina edərək KTMT-ni də tərk etsə, Kreml nəzarət etdiyi Ermənistan dəmir yollarının işini dayandırar, bu isə batabat durumunda olan erməni iqtisadiyyatının lap laxladılmasıdır.
• Erməni oliqarx Vardanyanın Qarabağa göndərilməsi Xankəndi fonunda gələcəkdə bütün Ermənistanın aksiyalara bürünməsi üçün ayrılan investisiyadır. Kreml bu üsulla Paşinyanı devirib Qarabağ məsələsində Qərbin yerinə öz vasitəçiliyini daimiləşdirmək istəyəcək. Bu isə bizə də yaxşı heç nə vəd etmir. Lakin hakimiyyətə çevrilişlə gələn Nikolun Rusiyanın əli ilə devrilməsi 4 ildir ki, alınmır.
• Gümrüdəki rus hərbi bazasında istənilən insident Rusiyanın Ermənistana müharibə elan etməsi ilə nəticələnə bilər. Bununla da Kreml özünün növbəti qondarması olan “Gümrü xalq respublikası”nı yaratmaqla Ermənistanın Gürcüstanla qonşuluğuna son verə bilər. Ukrayna olaylarını dərindən analiz edəndə adam görür ki, Putindən nə desən çıxar. Bir əmma var ki, Rusiyanın hava və quru qoşunları üçün Gürcüstan öz məkanını qapalı saxlamaq ixtiyarındadır. Azərbaycan isə KTMT üzvü olmadığından rus ordusu üçün tranzit rolunu oynamaz. Onsuz da 1920-ci ildə xalq cümhuriyyətimizi oxşar bəhanə ilə işğal etmişdilər.
• Rusiyanın Metsamor AES-də qəza törətməsi isə Ermənistan, Türkiyə, İran, Azərbaycan, Gürcüstan, elə Rusiyanın cənubu üçün də fəlakətdir. Nüvə faciəsi sərhəd tanımayacaq.
Bütün bunları təhlil edən zaman ortaya bir fikir çıxır ki, Ermənistanla Azərbaycan arasında “sərhədlərin müəyyənləşdirilməsi asan olmayacaq”.
Anar Rəhimov,
KONKRET.az