Mayın 31-i, saat 17.30-da “Libraf” Kitab Mağazasının “Park Akademiya” filialında yazıçı Şərif Ağayarın yeni çapdan çıxmış “Rəng mühəndisi” romanının təqdimatı və imza saatı keçiriləcək.
KONKRET.az xəbər verir ki, “Qanun” Nəşrlər Evində işıq üzü görən roman cəlbedici üslubu və texnikası ilə müəllifin yaradıcılığında yeni mərhələ kimi dəyərləndirilir.
Əsərdə yazıçı xəyali bir məkanda baş verən milli azadlıq hərəkatı və onun nəticələri kontekstində siyasət-sənət münasibətlərinə bədii-estetik pəncərədən baxmağa çalışır.
Bəşəriyyətin xilası ideyası bu dəfə fərqli bir rakursdan dəyərləndirilir, ona bir az ironik, bir az da absurd münasibət göstərilir.
“Rəng mühəndisi” Şərif Ağayarın sayca altıncı romanıdır.
Oxucular indiyədək onun “Haramı”, “Gülüstan”, “Arzulardan sonrakı şəhər”, “Ağ göl” və “Komandir” romanları ilə tanışdırlar.
O, eyni zamanda, “Aftafalı antrakt” və “Arıların səssizliyi” hekayələr kitabının müəllifidir.
Təqdimat mərasimi və imza saatına giriş sərbəstdir.